Məhkəmə qərarları › İş №3(027)-2295/2023

Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-2295/2023

06.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-2295/2023 06.11.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, X5 oğlunun katibliyi, İnzibati xəta haqqında qərardan şikayət verən şəxs X3 iştirakı ilə, X3 inzibati tənbeh vermə haqqında xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli qərarından verdiyi şikayətə Quba Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: X6 məhkəməyə şikayət ərizəsi ilə müraciət edərək, barəsində tərtib edilmiş 10 oktyabr 2023-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Şikayəti onunla əsaslandırmışdır ki, 24 sentyabr 2023-cü il tarixdə istifadəsində olan **-BP-*** dövlət qeydiyyat nişanlı “HOWO ZZ3317 N 3867W" markalı nəqliyyat vasitəsi ilə hərəkət edərkən sonradan adının X1 olduğunu bildiyi YPX inspektorunun göstərişinə əsasən dayandırılmışdır. Nəticədə onun barəsində İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsi ilə "İXP5720600" nömrəli protokol tərtib edilmişdir. Sonradan 10 oktyabr 2023-cü il tarixdə "İXP5720600" nömrəli protokol əsasında "TP 6046325" nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş və o, İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 600 manat məbləğində cərimə edilməsi haqqında tənbeh növü tətbiq edilməsi qərara alınmışdır. Hesab edir ki, Bakı şəhəri Binəqədi rayon Dövlət X8 inspektoru X1 tərəfindən tərtib edilmiş "TP 6046325" nömrəli qərar qanunsuz və əsassız olduğundan ləğv edilməlidir. Belə ki, işin faktiki hallarına əsasən guya o, idarə etdiyi maşında iriqabaritli və ya ağır çəkili nəqliyyat vasitələrinin icazə verilən çəkisindən artıq yük daşımışdır. Halbuki, istifadəsində olan **- BP-*** dövlət qeydiyyat nişanlı “HOWO ZZ3317 N 3867W" markalı nəqliyyat vasitəsi 24 sentyabr 2023-cü il tarixdə Binəqədi rayonu DSK yolu ərazisində hərəkətdə olarkən DYPŞ əməkdaşı sonradan adının X1 olduğunu bildiyi inspektorun göstərişinə əsasən dayandırılmışdır. Bundan sonra nəqliyyat vasitəsinə dair aparılan yük müəyyən olunmadan, nəqliyyat vasitəsinin ümumi çəkisi çəkilmiş və ümumi çəki əsasında barəsində İnzibat Xətalar Məcəlləsinin 353.2-ci maddəsi ilə “İXP 5720600” nömrəli protokol tərtib edilmişdir. Halbuki, nəqliyyat vasitəsinin ümumi çəkisi deyil, hər oxa düşən kütlə üçün nəzərdə tutulmuş parametrlər əsas götürülməklə çəki müəyyən edilməli idi. Lakin sözügedən protokolda qanunun bu tələbinə əməl olunmamış, hər oxa düşən kütlə üçün nəzərdə tutulmuş parametrlər göstərilməmiş və nəticədə nəqliyyat vasitəsinin ümumi çəkisi göstərilmişdir. Nəqliyyat vasitəsinin ümumi çəkisinə gəlincə isə, qeyd edir ki, həmin çəki düzgün göstərilməmiş, sırf inzibati pozuntu yaranması üçün artıq göstərilmişdir. Bununla bağlı Bakı şəhəri Binəqədi rayon DYPŞ əməkdaşı tərəfindən hər hansı bir xüsusi cihazdan istifadə edilməmişdir. Əgər çəkinin müəyyən edilməsi üçün istifadə olunan xüsusi cihazdan istifadə edilsəydi o zaman həmin cihazın yararlı olub-olmaması ilə onun istehsal tarixi və digər xüsusi keyfiyyətləri inzibati xəta haqqında protokolda qeyd edilməli idi. Lakin mübahisəli “İXP 5720600” saylı protokolda bununla bağlı hər hansı bir qeyd aparılmamışdır. Məhz bu səbəbdən də, inzibati xətanın baş verdiyi halda belə bu barədə protokol tərtib edilməsi qanunsuz və həmin protokol əsasında qəbul edilmiş qərar isə əsassızdır. Bundan başqa, inzibati xəta haqqında iş üzrə qərar qəbul edilərkən lazımı qaydada məlumatlandırılmamışdır. Belə ki, Bakı şəhəri Binəqədi rayon DYPŞ əməkdaşı tərəfindən bu günədək 24 sentyabr 2023-cü il tarixli, İXP ******* saylı protokolun surəti ona təqdim edilməmişdir. Protokol əsasında qəbul edilmiş və hazırda mübahisələndirdiyi oktyabr 2023-cü il tarixli, "TP 6046325" nömrəli inzibati tənbeh vermə haqqında qərar isə ona 17 oktyabr 2023-cü il tarixdə təqdim edilmişdir. Həmin protokol və qərar əsaslandırılmış formada tərtib edilməyib, sübutlarla təsdiq olunmur, mülahizə xarakterlidir. Qeyd olunanlara əsasən barəsində tərtib edilmiş 10 oktyabr 2023-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında inzibati xəta haqqında qərardan şikayət verən şəxs X6 şikayəti müdafiə edərək, şikayət ərizəsində yazılanlara uyğun izahat vermiş şikayətinin təmin olunmasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Bakı şəhəri Binəqədi Rayon Dövlət X8 nümayəndəsi məhkəmə iclasına gəlməmiş və işə təxirə salmaq barədə onlardan hər hansı vəsatət daxil olmamışdır. Ona görə də məhkəmə Azərbaycan Respublikası İXM-nin 133.2.4-cü maddəsinə əsasən hazırki şikayətə Bakı şəhəri Binəqədi Rayon Dövlət X8 nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarına əlavə edilmiş TP ******* saylı, xx.xx.2023-cü il tarixli qərardan görünür ki, X6 xx.xx.2023-cü il tarixli İXP ******* nömrəli protokola əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 600 manat məbləğində cərimə olunmuşdur. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli nəqliyyat vasitəsinin mühafizə olunan duracağa yerləşdirilməsi barədə aktın surətindən görünür ki, həmin akta əsasən “Shaqman” markalı, 40BP822 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi mühafizə olunan duracağa yerləşdirilmiş və aktı həmin nəqliyyat vasitəsinin sürücüsü X2 imzalamışdır. Göründüyü kimi, həmin aktda yalnız nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı hazırda mübahisə olunan qərardakı nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı ilə üst-üstə düşür. Aktı imzalayan sürücü tam başqa “X2”, nəqliyyat vasitəsinin markası tam başqa “Shaqman” kimi göstərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.6-cı maddəsinə əsasən bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş inzibati tənbeh vermə haqqında elektron qərar və onun əlavəsi (foto və ya video materiallar) inzibati xətanın törədildiyi gündən bir gün müddətində hər bir nəqliyyat vasitəsinin istifadəçisi üçün internet informasiya resursunda yaradılan elektron kabinetdə yerləşdirilmədikdə, şəxs inzibati məsuliyyətə cəlb oluna bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 122.1-ci maddəsinə əsasən bu Məcəllənin 327.1-327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346.3, 346-1.1, 346-1.5, 353.2 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. Həmin Məcəllənin 122.2-ci maddəsinə əsasən inzibati tənbeh vermə haqqında elektron qərar müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin məlumatlarına əsasən nəqliyyat vasitəsinin istifadəçisi (nəqliyyat vasitəsini icarə və ya digər əşya hüquqlarına dair müqavilə və ya nəqliyyat vasitəsindən istifadə etmə və ya ona dair sərəncam vermə hüquqları ilə bağlı etibarnamə əsasında sonuncu dəfə təkrar dövlət qeydiyyatından keçirilərkən qeydiyyata götürülmüş şəxs, hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsinin sürücüsü, belə məlumat olmadıqda isə nəqliyyat vasitəsinin mülkiyyətçisi olan fiziki şəxs) barəsində tərtib edilir. Həmin Məcəllənin 122.5-ci maddəsinə əsasən foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilmiş inzibati xətalara görə nəqliyyat vasitəsini dayandıraraq, törədilmiş belə xətalar haqqında inzibati xəta haqqında protokol tərtib etmək və ya inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarmaq qadağandır. Bütün foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunaraq, həmin texniki vasitələrin köməyi ilə aşkar edilmiş inzibati xətalar haqqında yalnız bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş qaydada elektron qərar çıxarılır. Həmin Məcəllənin 122.6-cı maddəsinə əsasən barəsində bu Məcəllənin 122.1, 124.5 və ya 124.6-cı maddələrində nəzərdə tutulmuş qaydada inzibati tənbeh vermə haqqında qərar çıxarılmış şəxs bu Məcəllənin 125.2.1, 125.2.2 və ya 125.2.3-cü maddələrində müəyyən olunmuş qaydada məlumatlandırıldığı vaxtdan təyin olunmuş cəriməni ödəyə bilər. Həmin Məcəllənin 122.7-ci maddəsinə əsasən barəsində bu Məcəllənin 122.1-ci, 124.5-ci və ya 124.6-cı maddələrində nəzərdə tutulmuş qaydada inzibati tənbeh vermə haqqında qərar çıxarılmış şəxs inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsinin digər şəxsin sahibliyində və ya istifadəsində olması, yaxud digər şəxslərin qanunsuz əməlləri nəticəsində onun sahibliyindən çıxması ilə bağlı və ya digər səbəbdən qərarla razılaşmadığı hallarda həmin qərardan bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş qaydada yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət verə bilər. Həmin Məcəllənin 127-1.2-ci maddəsinə əsasən inzibati tənbeh vermə haqqında elektron qərar çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərinə dair tələblərin pozulması ilə əlaqədar xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə elektron qaydada dərhal müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun ən yaxın nəzarət məntəqəsinə göndərilir. Həmin Məcəllənin 127-1.3-cü maddəsinə əsasən Bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədildiyi nəqliyyat vasitəsi müvafiq icra hakimiyyəti orqanının əməkdaşı tərəfindən nəzarət məntəqəsində saxlanılır və inzibati tənbeh vermə haqqında elektron qərarın və xüsusi texniki vasitələrin məlumatlarının kağız daşıyıcıda surətləri nəqliyyat vasitəsini idarə edən şəxsə təqdim olunur. Həmin Məcəllənin 127-1.4-cü maddəsinə əsasən Saxlanılmış nəqliyyat vasitəsinin çəki və kütlə parametrləri nəzarət məntəqəsində quraşdırılmış xüsusi texniki vasitələrlə saxlanılmış nəqliyyat vasitəsini idarə edən şəxsin iştirakı ilə müvafiq icra hakimiyyəti orqanının və müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun əməkdaşları tərəfindən ölçülür və məlumatlar real vaxt rejimində müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə ötürülür. Həmin Məcəllənin 127-1.5-ci maddəsinə əsasən Hərəkətin davam etdirilməsi üçün yükgöndərən (daşıyıcı) tərəfindən nəqliyyat vasitəsindən normadan artıq yükün boşaldılması və yükün digər nəqliyyat vasitəsilə daşınması təmin edilməlidir Həmin Məcəllənin 127-1.6-cı maddəsinə əsasən Nəqliyyat vasitəsində olan normadan artıq yükün boşaldılması və digər nəqliyyat vasitəsilə daşınması təmin edildikdən sonra, saxlanılmış nəqliyyat vasitəsinin çəki və kütlə parametrləri nəzarət məntəqəsində quraşdırılmış xüsusi texniki vasitələrlə saxlanılmış nəqliyyat vasitəsini idarə edən şəxsin iştirakı ilə müvafiq icra hakimiyyəti orqanının və müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun əməkdaşları tərəfindən ölçülərək göstəricilər real vaxt rejimində müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə ötürülür. Məhkəmə təhqiqatı zamanı müəyyən olunmuşdur ki, X6 barəsində xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş, həmin protokola əsasən Bakı şəhəri Binəqədi rayon Yol DYPŞ-nin polis mayoru, X1 tərəfindən inzibati tənbeh vermə haqqında xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli qərar qəbul edilmiş və həmin qərara əsasən 600 manat məbləğində cərimə edilmişdir. İş üzrə icraat başlamış vəzifəli şəxs tərəfindən Emil Paşayevin göstərilən vaxtda, yəni xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.2ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsini təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Halbuki belə sübutları təqdim etmək və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin ona istinad olunan inzibati xətanın törədilməsində təqsirini sübuta yetirmək vəzifəsi bu icraatı başlamış vəzifəli şəxsin üzərinə düşür. Məhkəməyə təqdim olunmuş inzibati xəta haqqında protokolun tərtib olunması üçün əsas olmuş xx.xx.2023-cü il tarixli aktın doğruluğu şübhə yaratdığından, hesab edirəm ki, həmin protokol əsaslı ola bilməz. Azərbaycan Respublikası İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Məhkəmə, iş üzrə sənədləri tam, hərtərəfli və obyektiv tədqiq edərək hesab edir ki, X6 barəsində Bakı şəhəri Binəqədi rayon Yol DYPŞ-nin polis mayoru, X1 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, TP seriyalı, ******* saylı “İnzibati tənbeh vermə haqqında” qərar ləğv edilməli və X3 barəsində Azərbaycan Respublikası İXM-nin 353.2-ci maddəsilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata, onun əməlində həmin inzibati xətanın tərkibi olmadığı üçün xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinin tələbindən görünür ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməl (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Başqa sözlə, şəxsin əməlində inzibati xətanın tərkibini təşkil edən 4 (dörd) element-obyekt, obyektiv cəhət, subyektiv cəhət və subyekt olduqda, o, inzibati məsuliyyətə cəlb edilə və inzibati tənbeh tədbirinə məruz qala bilər. İnzibati xəta tərkibinin bu elementlərindən biri yoxdursa, deməli, əməldə inzibati xətanın tərkibi də yoxdur. Azərbaycan Respublikası İXM-nin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-nin 53.1.2-ci maddəsinə əsasən şəxsin əməlində inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında başlanmış icraata xitam verilir. Azərbaycan Respublikası İXM-nin 114.2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası İXM-nin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan biri mövcud olduqda, hakim inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarır. Yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8, 114, 128-131 və 134.1.4 və 135.1.6-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Şikayət təmin edilsin. X6 barəsində Bakı şəhəri Binəqədi rayon Yol DYPŞ-nin polis mayoru, X1 tərəfindən verilimiş xx.xx.2023-cü il tarixli, TP seriyalı, ******* saylı “İnzibati tənbeh vermə haqqında” qərar ləğv edilsin və X3 barəsində Azərbaycan Respublikası İXM-nin 353.2-ci maddəsilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata, onun əməlində həmin inzibati xətanın tərkibi olmadığı üçün xitam verilsin. Qərardan 10 gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar