Məhkəmə qərarları › İş №3(027)-2317/2023

Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-2317/2023

01.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-2317/2023 01.11.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi ilə, Protokol tərtib edən şəxs Quba RPŞ-nin İTB-nin polis sahə rəisi X1, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1954-cü ildə Quba rayonu, İsnov kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, Quba rayonu, İsnovqışlaq kəndində qeydiyyatda olan və həmin kənddə yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsilə Quba rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Quba RPŞ-dən daxil olmuş inzibati xəta haqqında xx.xx.2023-cü il tarixli, MN ******* saylı protokola əsasən Şəxs xx.xx.2023-cü il tarixdə, saat 14:00 radələrində Quba rayonu İsnovqışlaq kəndində aralarında yaranmış münaqişə zamanı tanışı Zərərçəkmiş şəxs vurmuşdur. Məhkəmədə inzibati xəta haqqında protokol tərtib edən X2 izahatında bildirmişdir ki, inzibati araşdırma zamanı müəyyən olunmuşdur ki, Quba rayonu, İsnovqışlaq kənd sakini Şəxs həmin kənddə yaşayan Zərərçəkmiş şəxs ilə aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı onu vuraraq, ona dərəcəsi təyin olunmayan bədən xəsarətləri yetirmişdir. Protokol təhqiqatçının qərarına əsasən tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü qismən təqsirli bilərək, izahatında bildirmişdir ki, mərhum arvadı dünyasını dəyişdikdən sonra 2022-ci ilin oktyabr ayında Siyəzən şəhər sakini Leyla Tarverdiyevə ilə ilə tanış olmuş, bilrikdə ər-arvadı kimi yaşamışlar. Rəsmi nikaha daxil olmamış, lakin şəriətə uyğun olaraq kəbin imzalamışlar. Əvvəlcə kənddə, daha sonra isə Quba şəhərində kirayə evdə yaşamışlar. Bir neçə dəfə isə evə gəldikdə Leylanın evdə olmadığını, evinin qapısının açıq olmasını, özbaşına getməsini müəyyən etmişdir. Sonradan artıq yenidən İsnovqışlaq kəndinə qayıtsalar da Leyla 22 iyul 2023-cü il tarixdə evdən çıxaraq getmişdir. Leyla Tarverdiyevə xx.xx.2023-cü il tarixdə, saat 12: radələrində ona xəbər vermədən evə gəldikdə evdə heç kim olmamış, saat 14 radələrində gələrkən onun evin qarşısında həyətdə oturmasını görmüş, aralarında mübahisə zamanı Leyla onun yaxasına əl atmış, lakin arxaya çəkildikdə sonuncu yerə yıxılmışdır. Münaqişə yaşadığı evinin qarşısında baş vermiş, orada oğlu da olmuşdur. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, Şəxs əridir, lakin -rəsmi nikaha daxil olmamışlar. Ömərlə əvvəlcə onun İsnovqışlaq kəndində yerləşən evində, daha sonra isə ayrıca olaraq Quba şəhərində kirayə tutduğu evdə qalmışlar. Buna baxmayaraq anlaşa bilməmiş, iyul ayının axırlarında evdən çıxaraq getmişdir. Birgə yaşadıqları evdə Ömərə 4630 manat pul vermiş, xx.xx.2023-cü il tarixdə İsnovqışlaq kəndinə Ömərin evinə gəlmiş, evdə heç kim olmadığı üçün qarşısında gözləmiş, saat 14 radələrində Ömər evə gəldikdə aralarında mübahisə baş vermişdir. Mübahisə zamanı Ömər onu saçlarından tutub dartışdırmış, yerə yıxılmışdır. Öməri vurmamış, ona xəsarət yetirməmişdir. Ondan şikayətçidir. İş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi barədə 18 sentyabr 2023cü il tarixli qərardan göründüyü kimi, toplanmış material üzrə Şəxs əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanılmasının rədd edilməsi, Şəxs barəsində İXM-nin 157-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surətinin Quba RPŞ-nin İTB-nə göndərilməsi qərara alınmışdır. İş materialında olan MTE və PAB Quba rayon şöbəsinin 623 nömrəli, 27 avqust 2023-cü il tarixli ekspert rəyindən göründüyü kimi, 1959-cu il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizası əsasında belə nəticəyə gəlinib ki, onun bədəni üzərində aşkar olunan xəsarətlərsifətində solda və sol budun orta 1/3-nin ön səthində qançır küt əşyanın təsirindən törənməklə yetirilmə müddəti qərarda göstərilən vaxta, yəni 27 avqust 2023-cü il tarixə uyğun gəlir, Bu xəsarətlər qərarda göstərilən vəziyyətdə əmələ gələ bilər və sağlamlığa zərər vurmadığından dərəcəsi təyin olunmayan xəsarətlər növünə aiddir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollar müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, zərərçəkmiş şəxsi və protokolu tərtib etmiş şəxsin izahatlarını dinləyib, sübutları tam, hərtərəfli və obyektiv tədqiq edərək, hesab edir ki, Şəxs döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməklə Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir və onun əməli düzgün olaraq həmin maddə ilə tövsif olunmuşdur. Əməlin inzibati xəta olmasını aradan qaldıran hallar və inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Qeyd edilən Məcəllənin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. AR İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən məsuliyyəti yüngülləşdirən hal müəyyən olunmamışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmamışdır. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən törətdiyi inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun əmlak vəziyyətini nəzərə alaraq, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin sanksiyasında nəzrədə tutulmuş inzibati cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini inzibati tənbehin məqsədlərinə nail olunması baxımından daha məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157, 114-115-ci və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək barəsində 300 (üç yüz) manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə Quba Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Aydın Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar