Məhkəmə qərarları › İş №3(027)-2318/2023

Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-2318/2023

01.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-2318/2023 01.11.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, X2 oğlunun katibliyi, Protokolu tərtib edən X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə xx.xx.1996-cı ildə Saatlı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, “Socar Petrolium” operator vəzifəsində işləyən, Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, ev 76, mənzil 148 qeydiyyatda olan, ünvan 1 ünvanında yaşayan yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM) 535.1-cı maddəsilə icraatı başlanmış inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq məhkəmə Müəyyən etdi: Şəxs xx.xx.2023-cü il tarixdə, günorta saatlarında Quba şəhəri ərazisində profilaktik söhbətlər aparılması üçün polis şöbəsinə dəvət olunsa da, bundan imtina edərək, polis işçisinin qanuni tələbinə qəsdən tabe olmamışdır. Ona görə də Quba RPŞ-nin İTB-nin sahə rəisi, X1 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə 01 noyabr 2023-cü il tarixli, MN 1873784-6952 №-li inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmədə protokol tərtib etmiş şəxs Məhəmməd Rzayev bildirdi ki, Şəxs xx.xx.2023-cü il tarixdə günorta saatlarında Quba şəhəri ərazisində profilaktik söhbətlər aparılması üçün polis şöbəsinə dəvət olunsa da, bundan imtina edərək polisi işçisinin qanuni tələbinə qəsdən tabe olmamışdır. Ona görə də, PPX-nin köməkliyi ilə polis şöbəsinə gətirilmişdir. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində özünü təqsirli bilməyərək, izahatında göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə, saat 17:00 radələrində Quba rayonu X3 körpü üzərində olarkən şəkil çəkdirərək sosial şəbəkə hesabında paylaşım etdim ki, “Qırmızı Qəsəbədəyəm və Yəhudilərlə razborkaya gəlmişəm” xx.xx.2023-cü il tarixdə özünü Quba RPŞ-nin əməkdaşı kimi təqdim edən Fuad Vəliyev mənə zəng edərək görüşmək istədiyini bildirdi. Mən onunla Quba şəhərində yerləşən Şahdağ İstirahət mərkəzində görüşdük və o mənə polis şöbəsinə getməli olduğumu bildirdi. Bu zaman onun yanında başqa pols əməkdaşları da var idi. Mən onunla razılaşaraq polis şöbəsinə getdim. Əlavə olaraq bildirmişdir ki, Quba şəhərinə sanatoriyada müalicə məqsədi ilə gəlmişdir. Həmçinin 2-ci Qarabağ müharibəsi iştirakçısı olmasını nəzərə alınmasını xahiş etdi. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və protokol tərtib etmiş şəxsi dinləyib, inzibati xəta haqqında protokolu və işdə olan sənədləri tədqiq edərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetirilir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati tənbeh tətbiq edərkən məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmədə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Şəxs törətmiş olduğu inzibati xətanın xarakterini, onun təqsirinin dərəcəsini və şəxsiyyətini nəzərə alaraq ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32, 33, 114, 115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsilə təqsirli bilinərək barəsində 20 (iyirmi) gün müddətində inzibati həbs tətbiq edilsin. Həbsin əvvəli 01 noyabr 2023-cü il tarixdən, saat 18:00-dan hesablansın. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində qərarı qəbul etmiş hakim vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar