Məhkəmə qərarları › İş №3(027)-2334/2023

Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-2334/2023

04.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-2334/2023 04.11.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1, Protokol tərtib edən şəxs X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs-X4 iştirakları ilə, xx.xx.1994-cü ildə Rusiya Federasiyasında anadan olmuş, Rusiya Federasiyasının vətəndaşı, Azərbaycan Respublikasında xx.xx.2025-ci il tarixədək müvəqqəti yaşamaq üçün icazəsi olan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, X5 haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə Quba Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Məhkəməyə təqdim edilmiş inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, X5 Xaçmaz RMX-da keçirilən narko-test müayinəsi zamanı narkotik vasitə olan marixuanadan istifadə etməsi aşkar olunmuşdur. Fakt üzrə Quba RPŞ-nin İTB-nin polis sahə rəisi X3 tərəfindən X5 barəsində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə 04 noyabr 2023-cü il tarixli, MN 187336-7085 №-li inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Quba Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmədə protokol tərtib edən şəxs X3 bildirdi ki, X5 İXM-nin 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyindən barəsində tərəfindən inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Protokol raport əsasında tərtib olunmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X5 özünü təqsirli bilərək göstərdi ki, təxminən 10 gün əvvəl narkotik vasitə olan marixuanadan istifadə etmişdir. Əməlindən peşmandır, bir daha belə hərəkətlərə yol verməyəcəkdir. Ailədə yeganə qazanc gətirən şəxs olmasını və himayəsində iki azyaşlı övladlarının olmasını nəzərə alınmasını xahiş edir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, həmin vaxt X4 narkotik maddə qəbulu nəticəsindən yüngül dərəcə sərxoşluq vəziyyəti vardır. Məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmə protokolu tərtib etmiş şəxsi və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, X5 həmin hərəkəti ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və onun barəsində inzibati tənbeh tətbiq edilməlidir. X4 həmin inzibati xətanı törətməsi özünün izahatı və 04 noyabr 2023-cü il tarixli, MN 187336-7085 №-li inzibati xəta haqqında protokolla sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Həmin Məcəllənin 3-cü maddəsinin tələbinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə X4 əməlindən peşman olmasını və ilk dəfə inzibati məsuliyyətə cəlb olunmasını inzibati məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. İnzibati xətaya görə inzibati məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X5 haqqında inzibati tənbeh tətbiq edilməsi məsələsini müzakirə edərkən törətdiyi inzibati xətanın xarakterini və işin digər hallarını nəzərə alaraq barəsində Azərbaycan Respublikası İXMnin 206-cı maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. İş materiallarında olan inzibati qaydada tutma haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, X5 xx.xx.2023-cü il tarixdə, 11:00-da Quba Rayon Polis Şöbəsinin İTB-nın polis sahə rəisi, X3 tərəfindən inzibati qaydada tutulmuşdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32, 33, 114, 115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinib 300 (üç yüz) manat məbləğində cərimə edilsin. X5 məhkəmə iclas zalında dərhal həbsdən azad edilsin. Narkomaniyadan məcburi müalicəyə ehtiyacının olmaması nəzərə alınsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar