Məhkəmə qərarları › İş №3(027)-234/2024

Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-234/2024

19.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-234/2024 19.03.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, Şikayət verən X2, Quba RPŞ-nin DYPB-nin inispektoru polis serjantı X3 iştirakı ilə, X2 Azərbaycan Respublikasının Quba RPŞ-nin DYPB-nin 24 yanvar 2024-cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə şikayətinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: X4 məhkəməyə müraciət edərək, Quba RPŞ-nin DYPB-nin inispektoru polis serjantı X3 inzibati tənbeh vermə haqqında tərtib etdiyi 24 yanvar 2024-cü il tarixli TP 6241480saylı qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2024 tarixində ona məxsus **-BT-*** dövlət nömrə nişanlı, “Mersedes” markalı avtomobiliylə Quba şəhərində, Heydər Əliyev prospekti ilə Bakıdan Quba istiqamətində hərəkət etmişdir. Həmin prospektin M.P.Vaqif küçəsi ilə kəsişməsində onun getdiyi istiqamətdə “yol ver” nişanı mövcuddur. O həmin yol kəsişməsinə çatanda Vaqif küçəsi tərəfə baxaraq oradan nəqliyat vasitəsi gəlib-gəlmədiyinə baxıb. Həmin istiqamətdən xeyli uzaqdan avtobus gəldiyini görüb. Lakin avtobus təxminən 100 metr uzaqda olduğu üçün və ona heç bir maneçilik törətmədiyi üçün dayanmadan yoluna davam etmişdir. Təxminən 500 metr Quba istiqamətində hərəkət etdikdən sonra X1 və yol kəsişməsində Vaqif küçəsindən gələn nəqliyat vasitəsinə yol vermədiyini irad bildirərək ona cərimə yazmışdır. O isə DYP əməkdaşına bildirmişdir ki, Vaqif küçəsindən gələn avtomobil uzaqda olmuşdur, ona görə yol verməyə ehtiyac olmamışdır. Qanunvericiliyə görə “yol ver” nişanının tələbi o halda pozular ki, onun yol verməli olduğu avtomobil ona görə tormozlama versin, sürətini azaltsın və ya istiqamətini dəyişsin. Bunların heç biri baş vermədiyi üçün yazılan cərimə qanunsuzdur, ona görə də həmin qərar ləğv edilməlidir. Məhkəmə iclasında X4 ərizəsinin məzmununa uyğun izahat vermiş və avtobusun təxminən 30-40 metr uzaqda olduğu üçün ona maneçilik törətmədiyini düşünüb dayanmadan yoluna davam etdiyini bildirmiş və qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Quba RPŞ-nin DYPB-nin inispektoru polis serjantı X5 izahatında bildirmişdir ki, həmin yolda “yol ver” nişanı mövcuddur. Vətəndaş həmin nişana əhəmiyyət vermədən, əks tərəfə maşın gəldiyi halda yoluna davam etmişdi. Şikayət edilmiş qərar əsaslı olaraq qəbul edilmişdir. Belə ki, “Mersedes” markalı, **-BT-*** dövlət qeydiyyat nişanlı avtomobilin hərəkət yolunda 2.1 (baş yol) üstünlük nişanı vardır. Məhkəmə şikayəti və təqdim olunmuş inzibati xəta materialını tədqiq edərək hesab edir ki, qərardan verilmiş şikayət təmin edilməməlidir. İş materiallarında olan 24 yanvar 2024-cü il tarixli İXP ******* sayı protokol əsasında qəbul edilmiş TP ******* saylı qərardan görünür ki, X4 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən 80 (səksən) manat cərimə edilmiş, qərar həmin tarixdən qüvvəyə minmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İXM 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə- 80 (səksən) manat məbləğində cərimə edilir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 61-ci maddəsinin 1-ci bəndinə əsasən: yollarda yol hərəkətinin qaydaları və şəraiti barədə müəyyən məlumat saxlayan və yol hərəkətini nizamlayan əsas vasitələrdən biri yol nişanlarıdır (4 saylı Əlavə). Qeyd edilən Qanunun İİ-ci bəndinə əsasən yol nişanları 7 nişan qrupundan ibarətdir: xəbərdarlıq, üstünlük, qadağan, məcburi hərəkət istiqaməti, məlumatverici-göstərici, servis, əlavə məlumat (lövhəciklər). Üstünlük nişanları yolayrıclarını, yolun hərəkət hissəsinin kəsişmələrini, habelə əks istiqamətlərdə hərəkət edən iki nəqliyyat vasitəsinin eyni zamanda keçməsinə imkan verməyən dar sahələrini keçmək növbəliliyini göstərir. Bu nişanlar nəqliyyat vasitələrinin yollarının kəsişdiyi yerlərdə keçmə ardıcıllığını müəyyən etdiyindən mühüm əhəmiyyət kəsb edir. “Mercedes” markalı **-BT-*** dövlət qeydiyyat nişanlı avtomobili nizamlanan yolayrıcında hərəkətdə olmuşdur Nizamlanan yolayrıcı — hərəkət növbəliliyi svetoforun və ya nizamlayıcının siqnalları ilə müəyyənləşdirilən yolayrıcıdır. “Mercedes” markalı, **-BT-*** dövlət qeydiyyat nişanlı avtomobilin hərəkət etdiyi yolda 2.4 (yol verin) üstünlük nişanı vardır. Nişan ikinci dərəcəli yolda, üstün keçid hüququ olan yola çıxan yerdə quraşdırılır. Bu nişan nizamlanmayan yolayrıclarında yandan gələn nəqliyyat vasitələrinə növündən aslılı olmayaraq yol verməyi tələb edir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 40-cı bəndində qeyd olunub ki, üstünlük — nəzərdə tutulan istiqamətdə digər hərəkət iştirakçılarına nisbətən ilk növbədə hərəkət etmək hüququdur “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 77-ci maddəsinin 1-ci bəndinə əsasən eyni əhəmiyyətli olmayan yolların kəsişdiyi yolayrıcında, ikinci dərəcəli yolla hərəkət edən nəqliyyat vasitəsinin sürücüsü, baş yolla yolayrıcına yaxınlaşan nəqliyyat vasitələrinə, onların sonrakı hərəkət istiqamətindən asılı olmayaraq, yol verməlidir. Yolayrıclarına çıxan yerlərdə ”Yol verin” nişanı quraşdırıldıqda sürücü yolayrıcına çatana qədər yan yoldan gələn nəqliyyat vasitələrini yaxşı gördüyündən onlara yol vermək tələbi qanunun 1.41 maddəsində göstərilən “Yol vermək” anlayışı ilə tənzimlənir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 1.41-ci maddəsinə əsasən yol vermək — sürücünün hərəkəti davam etdirməsi və ya yenidən hərəkətə başlaması, hər hansı manevr etməsi başqa nəqliyyat vasitələrinin sürücülərini və piyadaları qəflətən hərəkət istiqamətini və ya sürəti dəyişdirməyə məcbur edə biləcəyi halda, onun hərəkəti davam etdirməməsi və ya yenidən hərəkətə başlamaması, manevr etməməsidir. Təqdim olunmuş sübutlardan, izahatlardan da göründüyü kimi, “Mercedes” markalı, **-BT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü üstünlük nişanı olmaması halında ikinci dərəcəli yolda olmasını hesab etməklə hərəkət zamanı lazımi diqqət və ehtiyatlılıq göstərərək baş yolla hərəkət edən nəqliyyat vasitəsini qabaqcadan görməli, habelə yol verməli olduğu halda hərəkəti davam etdirməklə qanunun tələbinə riayət etməmişdir. Belə ki, şikayət verənin izahatından göründüyü kimi, o, hərəkəti avtobus 30-40 metr uzaqda olarkən davam etdirmişdir ki, sürətin şəhərdaxili 60 km/saat halında qeyd edilən məsafənin qət edilməsinə 2-3 saniyə vaxt tələb edilir ki, bu halda o hərəkəti davam etdirməkdə haqlı olmamışdır. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası DİN Quba RPŞ DYPB-nin İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən tərtib edilmiş 24 yanvar 2024cü il tarixli qərarı faktiki əsaslar olmaqla prosessual tələblərə riayət edilməklə qəbul edildiyindən, həmin qərarın ləğv edilməsi barədə X2 şikayəti təmin olunmamalıdır. Azərbaycan Respublikası İXM-nin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1, 131-134, 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: X2 Quba RPŞ-nin DYPB-nin İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsilə inzibati tənbeh vermə haqqında 24 yanvar 2024-cü il tarixli TP ******* nömrəli qərarının ləğv edilməsi barədə şikayəti təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə Quba Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aydın Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar