Məhkəmə qərarları › İş №3(027)-235/2023

Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-235/2023

28.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-235/2023 28.02.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, Protokol tərtib edən Quba rayon Polis şöbəsinin İctimai Təhlükəsizlik bölməsinin polis sahə rəisi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1994-cü ildə Quba rayonu, Rustov kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi qaydada işləyən, Quba rayonu, Rustov İƏD, Kələbağ kəndində qeydiyyatda olan və həmin kənddə yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsilə Quba rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola əsasən Şəxs xx.xx.2023-cü il tarixdə, axşam radələrində Quba rayonu, Rustov İƏD, Kələbağ kəndində qonşusu Zərərçəkmiş şəxs həyətinə sərxoş halda daxil olaraq ucadan nalayiq söyüşlər söyərək xuliqanlıq etmişdir. Məhkəmə iclasında protokol tərtib edən X2 izahatında bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə, saat 17:33-də Quba rayonu Rustov kənd sakini Zərərçəkmiş şəxs mobil nömrədən DİN-nin “102” xidmətinə zəng edərək, Şəxs adlı qonşusunun onu və ailə üzvlərini narahat etdiyini bildirmişdir. Məlum olmuşdur ki, Şəxs xx.xx.2023-cü il tarixdə, axşam saatlarında qonşusu Zərərçəkmiş şəxs həyətinə sərxoş halda daxil olaraq ucadan nalayiq söyüşlər söyərək xuliqanlıq etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü təqsirli bilərək izahatında bildirmişdir ki, həmin günü bərk sərxoş olduğundan, qonşusunun həyətinə girmiş və etdiyi digər hərəkətlərdən xəbəri olmamışdır. Qonşusu Zərərçəkmiş şəxsla düşmənçilik və ədavəti yoxdur. İlk dəfə məsuliyyətə cəlb olunduğunu, himayəsində azyaşlı uşaqlar olduğunu və əməlindən peşman olduğunu bildirərək ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid Zərərçəkmiş şəxs izahatında bildirmişdir ki, qonşusu Təzail xx.xx.2023-cü il tarixdə, axşam saatlarında onun yaşadığı evin həyətinə sərxoş halda daxil olaraq ucadan nalayiq söyüş söymüş, sonra evin pəncərəsindən içəri baxmış və bu da onun ailəsinə sözsöhbət salmışdır. O, bundan narahat olduğunu bildirərək, barəsində tədbir görülməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid X3 izahatında bildirmişdir ki, Ziyaf onun qardaşıdır və bir kənddə yaşayırlar. Təzailin onun qardaşı Ziyafın həyətinə sərxoş halda daxil olaraq söyüş söydüyünü eşitmişdir. Həmçinin bundan əvvəl də bir-neçə dəfə o belə hərəkətlər etdiyini və evin pəncərəsindən içəri baxdığını bildirmişdir. Məhkəmə inzibati xəta haqqında iş materiallarını araşdıraraq və sübutları tədqiq edərək belə nəticəyə gəlir ki, Şəxs fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən, lakin ictimai qaydanı pozan hərəkətlərlə Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir və onun əməli düzgün olaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə tövsif olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. AR İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. AR İnzibati Xətalar Məcəlləsinin 32.1.1-ci maddəsinə əsasən səmimi peşmançılığı və İXMnin 32.2-ci maddəsinə əsasən himayəsində azyaşlı uşaqların olması məsuliyyəti yüngülləşdirən hallar kimi müəyyən olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33.1.7-ci maddəsinə əsasən inzibati xətanın sərxoş halda olan şəxs tərəfindən törədilməsi məsuliyyəti ağırlaşdıran hal kimi müəyyən olunmuşdur. Şərh edilənləri nəzərə alaraq, məhkəmə inzibati xəta törətmiş Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən halları, onun təqsirinin dərəcəsi, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alaraq barəsində cərimə növündə inzibati tənbeh tətbiq edilməsini tənbehin məqsədləri baxımından məqsədəmüvafiq hesab edir. İş materiallarında olan inzibati qaydada tutma haqqında 28 fevral 2023-cü il tarixli protokoldan göründüyü kimi, Şəxs 28 fevral 2023-cü il, saat 12:15-də tutulmuşdur. AR İXM-nin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114-115-ci və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və AR İXM-nin 31.4-1-ci maddəsinin tələbi nəzərə alınmaqla 75 (yetmiş beş) manat məbləğində cərimə edilsin. Şəxs məhkəmə iclası zalından azad edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Aydın Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar