Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-2384/2023 15.11.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, X4 oğlunun katibliyi, Protokolu tərtib edən şəxs Quba RPŞ-nin İTB-nin sahə rəisi X1, Zərərçəkmiş şəxs və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə xx.xx.1984-cü ildə Türkmənistan Respublikasında anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Quba rayonu, Ərməki kəndində qeydiyyatda olan və həmin kənddə yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM) 157-ci maddəsi ilə icraatı başlanmış inzibati xəta haqqında işə baxaraq, m ü ə y y ə n e t d i m: Şəxs xx.xx.2023-cü il tarixdə, saat 12:21 radələrində Quba şəhəri, Hacınski küçəsində aralarında yaranmış şəxsi münasibətlər zəmnində keçmiş qohumu Zərərçəkmiş şəxs qəsdən döymüşdür. İş materiallarında olan Quba RPŞ-nin TQ-nun təhqiqatçısı, X2 cinayət işinin başlanılmasının rədd edilməsi haqqında 14 sentyabr 2023-ci il tarixli qərarından görünür ki, həmin qərarla Şəxs barəsində cinayət işinin başlanılması rədd edilmiş və onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsilə inzibati tədbir görülməsi üçün qərarın surəti Quba RPŞ-nin İTB-nə göndərilmişdir. Həmin qərar əsasında Quba RPŞ-nin Quba RPŞ-nin İTB-nin sahə rəisi X3 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə 15 noyabr 2023-cü il tarixli, MN 18873472-7314 saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında iştirak edən Quba RPŞ-nin İTB-nin sahə rəisi X3 protokolda göstərilənləri təsdiq edərək protokolun onun tərəfindən tərtib edildiyini bildirdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində özünü təqsirli billərək, izahatında göstərmişdir ki, Zərərçəkmiş şəxs qardaşım Vüqarın keçmiş qaynıdır. Qardaşım Vüqarla arvadı Aytəkin 5 ildir ki, ayrılıblar. Uşaqlar Aytəkindədir, həmin vaxtdan münasibətimiz yoxdur, ayrıldıqları vaxtdan qardaşım oğlunu görə bilmirik. xx.xx.2023-cü il tarixdə, saat 12:30 radələrində mən Quba şəhərinin Vaqif küçəsində yerləşən avtotəmir sexində Elşən adlı ustaya öz avtomobilimi təmirə aparmışdım. Elvini orada gördüm, o da öz avtomobilini təmirə gətirmişdir. Elvindən soruşdum ki, “salam niyə vermirsən, uşaq necədi?” o da dedi ki, “sənin kimi şərəfsizlərə salam vermirəm” və nalayiq ifadələrlə məni söyüb təhqir etdi və üstümə gəldi. Biz dardışdıq, orada olan usta Elşən və tanımadığım şəxslər bizi ayırdılar. Mən sexin içərisinə keçdim, Elvin isə çöldə qaldı və 102 xidmətinə zəng vurub polis çağırdı. 5 dəqiqə sonra mən yanaşı olan digər sexə keçdim ki, Elvinlə təkrar dalaşma olmasın.Elvin isə əlinə çəkic götürüb üstümə gələrək mənimlə yaxalaşdı və əlində olan çəkiclə sol qabırğamdan vurdu. Yenə Elşən və tanımadığım şəxslər bizi ayırdılar. Elvin şikayət etsədə mən şikayət etmədim. Onu vurduğuna görə də peşmandır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, Cavad bacısı Aytəkinin keçmiş qaynıdır. Bacısı Aytəkin 6 il bundan qabaq ərindən boşanmışdır. Həmin vaxtan bu günə kimi İsayevlərlə münasibətləri yoxdur. xx.xx.2023-cü il tarixdə, saat 12:30 radələrində avtomobilini təmir etdirmək üçün vaqif küçəsində yerləşən avtotəmir sexinə aparmışdır. Orda olan zaman arxadan kimsə onu çağırdığını eşidib. Arxaya baxdıqda Şəxs olduğunu görmüşdür. Şəxs ona yanlaşaraq “ay peysər, salam niyə vermirsən, belə qudurmusan?” üstünə gəldikdə, “peysər özünsən demişdir.” Bu zaman Cavad gözləmədiyi halda sifətinə yumruq zərbəsi vurmuşdur, zərbədən yerə yixilmış və yerdə olduğu zaman da Cavad onu təpikləməyə başlamışdır. Ətrafda olan şəxslər onları ayırmışlar. O 102 xidmətinə zəng edərək məlumat vermişdir. Hadisə olan vaxtı o Cavadı vurmamış və söyməmişdir. Barışmaq istəmir. Cavad barəsində qanuni tədbir görülməsini və ağır cəza verilməsini xahiş edir. İş materiallarında olan Cinayət işinin başlanmasının rədd edilməsi barədə 14.09. 2023-cü il tarixli qərardan görünür ki, Şəxs barəsində cinayət işinin başlanması rədd edilmiş, barəsində AR İXM-nin 157-ci maddəsi ilə inzibati tədbir görülməsindən ötrü Quba RPŞ-nin İTB-nə göndərilməsi qərara alınmışdır. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli, 591 №li rəyindən görünür ki, 1987-ci il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizası əsasında belə nəticəyə gəlirəm ki, onun bədəni üzərində aşkar olunan xəsarətlər-üst və alt dodağın selikli qışasında qançır-qansızma, boynunda solda və sol çiynində sıyrıq, sol bazunun 1/3-nin bayır səthində qançır küt əşyanın (əşyaların) təsirindən törənməklə yetirilmə müddəti qərarda göstərilən vaxta, yəni xx.xx.2023-cü il tarixə uyğun gəlir, qərarda göstərilən vəziyyətdə əmələ gələ bilər və sağlamlığa zərər vurmadıqlarından dərəcəsi təyin olunmayan xəsarətlər növünə aiddir. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli, 615 №li rəyindən görünür ki, 1984-cü il təvəllüdlü Şəxs məhkəmə-tibbi ekspertizası, USM-nin cavabı və rentgenoloji müayinənin cavabı əsasında nəticəyə gəlirəm ki, onun bədəni üzərində obyektiv olaraq hər hansı xəsarət və onun izi aşkar olunmadı. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və zərərçəkmiş şəxsin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, işdəki sübutlara hüquqi qiymət verərək, hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinməlidir və onun əməli Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində döymə və ya sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Bununla bağlı məhkəmə qeyd edir ki, həmin inzibati xətanın obyekti insanın fiziki toxunulmazlığını və onun sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərdir. İnzibati xətanın obyektiv cəhəti döymə və ya sair zorakı hərəkətlərlə fiziki ağrı yetirmədən ibarətdir. Döymə sağlamlığa vurulan zərərin ayrıca, xüsusi bir növünü təşkil etmir. Döymə, dəfələrlə, çoxlu zərbələrin yetirilməsi ilə xarakterizə olunur. Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin dispozisiyasında nəzərdə tutulan sair zorakı hərəkətlər dedikdə, zərərçəkmiş şəxsə tək-tək zərbələrin vurulması, onun çimdiklənməsi, qolunun burulması, badalaq verilərək yıxılması, müxtəlif əşyalardan, habelə bitki (məsələn gicitikanlardan, tikanlı bitkilərdən və s.) və heyvanlardan (itdən, arıdan və s.) istifadə etməklə ona qarşı digər ağrıverici hərəkətlər edilməsi başa düşülür. Döymə və ya sair zorakı hərəkətlər yalnız fiziki ağrı verdikdə, göstərilən maddə üzrə məsuliyyət yaranır. Bu inzibati xətanın subyektiv cəhəti həm birbaşa, həm də dolayı qəsddən ibarətdir. Döymə və sair zorakı hərəkətlər törətmənin məqsədi fiziki ağrı yetirməkdən ibarətdir. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xəta törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs inzibati tənbeh tətbiq edərkən, törətdiyi inzibati xətanın xarakterini, şəxsiyyətini xarakterizə edən halları, təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alıram. İlk dəfə inzibati xəta törətməsini və əməlindən peşman olmasını Şəxs məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alıram. İş materialları ilə Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Törətdiyi inzibati xətanın xarakterini, şəxsiyyətini xarakterizə edən halları, təqsirinin dərəcəsini, əmlak vəziyyətini, ilk dəfə inzibati xəta törətməsi və əməlindən peşman olması kimi məsuliyyətini yüngülləşdirən halları, məsuliyyətini ağırlaşdıran halların olmamasını, inzibati xəta törədən şəxslə zərərçəkmiş şəxsin keçmiş qohum olmasını, həbslə əlaqədar qərar qəbul olunarsa münasibətlərinin gələcəkdə daha da pisləşməsini və ədalət prinsipini nəzərə alaraq, hesab edirəm ki, Şəxs 400 (dörd yüz) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq etməklə, inzibati tənbehin məqsədlərinə nail olmaq mümkündür. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 112, 113,114-115, 117, 125-126, 128-130-cu maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və 400 (dörd yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Vüqar Seyidov
Məhkəmə qərarları › İş №3(027)-2384/2023
Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-2384/2023
15.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver