Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-2403/2023 27.11.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi Xudaverdiyev Elşad Mütəllim oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1976-ci il tarixdə Quba rayonu, Xanagah kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ünvan 1 ünvanda qeydiyyatda olan və yaşayan (X1 xxxxxxx) Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 515.0.2-ci maddəsi ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Quba Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Quba Rayon Polis Şöbəsindən daxil olan inzibati xəta haqqında materiala əsasən, Şəxs xx.xx.2023-cü il tarixdə saat 21:00 radələrində ünvan 2 ünvanında qanunsuz dini yığıncaqda iştirak etmişdir. Bununla bağlı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Quba Rayon Polis Şöbəsinin sahə rəisi X2 tərəfindən Şəxs barəsində xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 515.0.2-ci maddəsi ilə inzibati xəta haqqında MN ******* nömrəli protokol tərtib olunaraq, baxılması üçün Quba Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs bildirmişdir ki, xx.xx.2023-cü tarixdə axşam saat 21:00 radələrində tanışı Elçin Hacıyevə məxsus ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evində tanışları ilə yığışıb Qurani-Kərim oxumuşlar və çay içmişlər. Müvafiq qaydada işə baxılmasının yeri və vaxtı barədə xəbərdar olunmuş Quba Rayon Polis Şöbəsinin nümayəndəsi üzrsüz səbəbdən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü və 62.4-cü maddələrinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 515.0.2-ci maddəsinə əsasən dini yığıncaqlar, yürüşlər və digər dini mərasimlərin təşkilinin və keçirilməsinin qanunla müəyyən edilmiş qaydalarının pozulmasına görə fiziki şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər yeddi min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir. «X5 Haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən Hər kəsin hər hansı dinə təkbaşına və ya başqaları ilə birlikdə etiqad etmək, dinə münasibəti ilə bağlı əqidəsini ifadə etmək və yaymaq hüququ vardır. Şəxsin dini etiqadını ifadə etməsinə, ibadətlərdə, dini ayin və mərasimlərdə iştirak etməsinə və ya dini öyrənməsinə hər hansı maneə törədilə bilməz. Heç kəs öz dini etiqadını ifadə etməyə (nümayiş etdirməyə), dini mərasimləri yerinə yetirməyə və ya dini mərasimlərdə iştirak etməyə məcbur edilə bilməz. Dini etiqadın və dini həyat tərzinin zor tətbiq etməklə və ya zor tətbiq ediləcəyi ilə hədələməklə, habelə irqi, milli, dini, sosial ədavət və düşmənçilik yaratmaq məqsədi ilə təbliğinə yol verilmir. İnsan ləyaqətini alçaldan və ya insanpərvərlik prinsiplərinə zidd olan dinlərin (dini cərəyanların) yayılması və təbliği qadağandır. X5 yalnız qanunda nəzərdə tutulan və demokratik cəmiyyətdə zəruri olan hallarda ictimai təhlükəsizlik mənafeləri üçün, ictimai qaydanın təmin edilməsi, sağlamlığın və ya mənəviyyatın və ya digər şəxslərin hüquq və azadlıqlarının qorunması üçün məhdudlaşdırıla bilər. «X5 Haqqında» Azərbaycan Respublikası Qanununun 6-1.1-ci maddəsinə əsasən kütləvi dini ibadət, ayin və mərasimlər (dəfn, yas, iftar, kəbinkəsmə, mövlud və ehsan mərasimləri istisna olmaqla) dini ibadət yerlərində və ziyarətgahlarda keçirilir. «X5 Haqqında» Azərbaycan Respublikası Qanununun 12-ci maddəsində göstərilir ki, Bütün dini qurumlar yalnız müvafiq icra hakimiyyəti orqanında dövlət qeydiyyatına alındıqdan və dini qurumların dövlət reyestrinə daxil edildikdən sonra fəaliyyət göstərə bilərlər. Dini icmalar yalnız dövlət qeydiyyatına alınması üçün təqdim olunmuş məlumatlarda hüquqi ünvan kimi göstərilən dini ibadət yerlərində və ziyarətgahlarda həmin dini icmalara bu Qanunla müəyyən olunmuş qaydada din xadimi təyin edildikdən sonra dini fəaliyyət göstərə bilərlər. «X5 Haqqında» Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən Dini qurumların dini ibadət yerlərinə və ziyarətgahlara himayədarlıq etmək, onları saxlamaq və onlardan istifadə etmək hüququ vardır. Bu Qanunun 1-ci maddəsinin tələbləri nəzərə alınmaqla və 6-1-ci maddəsində müəyyən edilmiş hallar istisna olmaqla, dini ibadətlər, ayinlər və mərasimlər ziyarətgahlarda, dini ibadət və dəfn yerlərində, dini qurumların idarələrində, vətəndaşların mənzillərində və evlərində maneəsiz keçirilir. Bu maddənin dördüncü hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, dini ibadət, ayin və mərasimlərin aparılması yalnız Azərbaycan Respublikasının vətəndaşları tərəfindən həyata keçirilir. Xaricdə dini təhsil almış Azərbaycan Respublikasının vətəndaşları Qafqaz Müsəlmanları İdarəsi tərəfindən müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırmaqla islam dininə aid ayin və mərasimlərin aparılmasına buraxıla bilərlər. «X5 Haqqında» Azərbaycan Respublikası Qanununun 22-ci maddəsinə əsasən Vətəndaşlar və dini qurumlar istədikləri dildə müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilən nəzarət markası ilə markalanmış dini təyinatlı ədəbiyyat (kağız və elektron daşıyıcılarında), audio və video materiallar, mal və məmulatlar və dini məzmunlu başqa məlumat materialları əldə edə və onlardan istifadə edə bilərlər. Dini qurumlar, dini qurum olmayan digər hüquqi və fiziki şəxslər müvafiq icra hakimiyyəti orqanının razılığı ilə dini təyinatlı ədəbiyyatı (kağız və elektron daşıyıcılarında), audio və video materialları, mal və məmulatları və dini məzmunlu başqa məlumat materiallarını istehsal, idxal, ixrac edə, habelə onları nəzarət markası ilə markalandıqdan sonra sərbəst yaya bilərlər. Nəzarət markası ilə markalanmış dini təyinatlı ədəbiyyatın (kağız və elektron daşıyıcılarında), audio və video materialların, mal və məmulatların və dini məzmunlu başqa məlumat materiallarının satışı yalnız müvafiq icra hakimiyyəti orqanının razılığı ilə yaradılmış ixtisaslaşdırılmış satış məntəqələri vasitəsilə həyata keçirilir. Nəzarət markasının forması, uçotu, istifadəsi və verilməsi qaydaları, habelə nəzarət markasının alınmasına görə ödənilən haqqın məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. «X5 Haqqında» Azərbaycan Respublikası Qanununun 30-cu maddəsinə əsasən Bu Qanunun tələblərini pozan şəxslər Azərbaycan Respublikasının Mülki Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulmuş hallarda məsuliyyət daşıyırlar. Göstərilən qanunu normalarının, o cümlədən «X5 Haqqında» Azərbaycan Respublikası Qanununun 6-1.1-ci maddəsinin mənasından görünür ki, kütləvi dini ibadət, ayin və mərasimlər (dəfn, yas, iftar, kəbinkəsmə, mövlud və ehsan mərasimləri istisna olmaqla) dini ibadət yerlərində və ziyarətgahlarda keçirilir. Birmənalı olaraq dini ayinlər kütləvi şəkildə bu məqsədlər üçün nəzərdə tutulmuş və dövlət qeydiyyatına alınmış ərazilərdə, o cümlədən məscidlərdə həyata keçirilə bilər. Hər bir dini yığıncağın, dini yürüşlərin keçirilməsi üçün şəxslər dini icma və ya dini qurum kimi dövlət qeydiyyatından keçməli və bu tədbirlər dini qurumun hüquqi ünvanı olan ərazidə həyata keçirilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 18-ci maddəsinə əsasən Azərbaycan Respublikasında din dövlətdən ayrıdır. Bütün dini etiqadlar qanun qarşısında bərabərdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı İnsan Hüquqlarının və X3 haqqında Konvensiyanın (Avropa Konvensiyası) 6-cı maddəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqlil və qərəzsiz məhkəmə vasitəsilə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Həmin maddədə şəxsin təqsirsizlik prezumpsiyası, ona qarşı irəli sürılən ittihamın xarkteri və əsasları haqqında başa düşdüyü dildə dərhal və ətraflı məlumatlandırılması, şəxsin şəxsən və ya özünün seçdiyi müdafiəçi vasitəsilə öz müdafiəsinin həyata keçirilməsi, onun əleyhinə ifadə vermiş şahidlərin dindirilməsi və onun lehinə olan şahidlərin çağrılıb dindirilməsi, istifadə etdiyi dili bilmədikdə tərcüməçinin pulsuz köməyindən istifadə etməsi hüquqları təsbit olunmuşdur. Enqel Niderlanda qarşı məhkəmə işində Avropa Məhkəməsi Avropa Konvensiyasının 6.2-ci maddəsində cinayət ittihamı üzrə təqsirləndirilən şəxs üçün nəzərdə tutulmuş hüquqları inzibati xəta haqqında iş üzrə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə də aid etmiş, bununla bağlı 3 meyardan ibarət «Enqel meyarları»nı müəyyən etmişdir. Bu meyarlar aşağıdakılardır: 1) hüquq pozuntusu təşkil edən əməlin daxili qanunvericilikdə cinayət əməli kimi təsnifləşdirilməsi; 2) hüquq pozuntusunun xarakteri və 3) mümkün cəzanın xarakteri və ağırlığı. Avropa Kovensiyasının 9-cu maddəsinin 1-ci bəndinə əsasən hər kəsin fikir, vicdan və din azadlığı hüququ vardır; bu hüquq öz dinini və əqidəsini dəyişmək azadlığı, öz dininə və əqidəsinə həm təkbaşına, həm də başqaları ilə birlikdə etiqad etmək və açıq, yaxud şəxsi qaydada ibadəti, təlimləri, dini mərasim və ayinlərinin yerinə yetirmək azadlığı daxildir. Avropa Kovensiyasının 9-cu maddəsinin 2-ci bəndinə əsasən öz dininə və baxışlarına etiqad etmək azadlığı yalnız ictimai asayişin maraqları naminə, ictimai qaydanı, sağlamlığı, yaxud mənəviyyatı qorumaq üçün və digər şəxslərin hüquq və azadlıqlarını müdafiə etmək üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olan məhdudiyyətlərə məruz qala bilər. Göründüyü kimi, Avropa Konvensiyası və Avropa Məhkəməsi Konvensiyanın 9-cu maddəsində nəzərdə tutulmuş hüququ mütləq hüquq kimi qəbul etmir və 9-cu maddənin 2ci bəndində həmin hüququn məhdudlaşdırılmasının əsasları müəyyən olunur. Lakin bu məhdudlaşdırma yalnız konkret şərtlər və qaydalar daxilində həyata keçirilə bilər. Avropa Məhkəməsi özünün presedent praktikasında Konvensiyanın 9-cu maddəsində nəzərdə tutulan hüququn məhdudlaşdırılması üçün qiymətləndirmə testi müəyyən etmişdir. Belə ki, həmin testə görə bu hüquqa müdaxilə qanunda nəzərdə tutulmalı, qanuni məqsəd daşımalı və demokratik cəmiyyətdə zəruri olmalıdır. Eyni zamanda müdaxilə zamanı tətbiq edilmiş vasitələr həmin məqsədlərə adekvat olmalıdır. Əks hal Avropa Konvensiyasının 9cu maddəsinin pozuntusu kimi qiymətləndirilir. Qeyd edilməlidir ki, Avropa Konvensiyasının 9-cu maddəsinin 2-ci bəndində nəzərdə tutulmuş bu hüququn məhdudlaşdırılmasının nəzərdə tutulmuş şərtləri və əsasları hazırki işdə də mövcuddur. Belə ki, qeyd edildiyi kimi Şəxs dini yığıncağın qanunla müəyyən olunmuş təşkili və keçirilməsi qaydalarını pozmuş, onun Avropa Konvensiyasının 9-cu maddəsində nəzərdə tutulmuş hüquqlarına polis tərəfindən yuxarıda qeyd edilən müdaxilə qanunda nəzərdə tutulmuş, ictimai asayişin maraqları naminə, ictimai qaydanı, sağlamlığı, yaxud mənəviyyatı qorumaq üçün və digər şəxslərin hüquq və azadlıqlarını müdafiə etmək məqsədilə həyata keçirilməklə qanuni məqsəd daşımış və demokratik cəmiyyətdə zəruri olmuş, bu zaman tətbiq edilən vasitə, yəni onun və digər şəxslərin qanunun tələblərinin pozulması ilə keçirilən dini yığıncağı dayandırmaq barədə polisin tələbindən ibarət müdaxilə qanunda nəzərdə tutulmuş həmin məqsədlərə adekvat olmuşdur. Polis tərəfindən həmin vaxt Şəxs və onlarla birlikdə olan digər şəxslərə psixi və ya fiziki zor tətbiq edilməmişdir. Ona görə də Şəxs münasibətdə Avropa Konvensiyasının 9-cu maddəsinin pozuntusu baş verməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 avqust 2004-cü il tarixli qərarında qeyd edilmişdir ki, hüquq normaları ictimai münasibətlərdən irəli gələn hüquq münasibətlərinin tənzimlənməsinin əsasını təşkil edir. Belə münasibətlərinin reallaşdırılmasının özülü kimi qiymətləndirilən hüquq normaları özündə dövlətin iradəsini əks etdirir və hüquq subyektlərinin qarşılıqlı hüquq və vəzifələrinin müəyyənləşdirir. Qeyd edilməlidir ki, fərdin hüquq normalarında nəzərdə tutulan tələb və göstərişlərə zidd davranışı ictimai zəruri və faydalı hesab edilməyə hərəkəti kimi hüquq pozuntusu olmaqla cəmiyyət və dövlət qarşısında müvafiq məsuliyyətinin yaranması ilə nəticələnir. Qeyd edilməlidir ki, Azərbaycan Respublikasının demokratik dövlət olması və insan və vətəndaş hüquq və azadlıqlarının qarantı olması onun mahiyyəti və məqsədlərindən, Azərbaycan Respublikasının Konstitusiyasından, onun tərəfdar çıxdığı Beynəlxalq müqavilələrdən və qanunlarından irəli gəlir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 7-ci maddəsinə əsasən Azərbaycan dövləti demokratik, hüquqi, dünyəvi, unitar respublikadır. Azərbaycan Respublikasında dövlət hakimiyyəti daxili məsələlərdə yalnız hüquqla, xarici məsələlərdə isə yalnız Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn müddəalarla məhdudlaşır. Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinin tələbinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 515.0.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirliliyi inzibati xəta haqqında protokol və digər sənədlərlə tam sübuta yetirilmiş və onun əməli düzgün olaraq İXM-nin 515.0.2-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs istinad edilən və inzibati məsuliyyətə səbəb olan əmələ inzibati xətalar qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə araşdırmalarında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu Şəxs istinad edilən inzibati məsuliyyətə səbəb olan əmələ qiymət verilməsi baxımından kifayət edir. Şəxs hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsiri tam sübuta yetirildiyinə görə inzibati məsuliyyətinə cəlb edilməli və tənbeh edilməlidir. Məhkəmə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən etmir. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 515.0.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməli və inzibati qaydada cərimə olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1, 109-112 və 113-114-cü maddələrini rəhbər tutaraq məhkəmə Qəraraaldı: Şəxs Azərbaycan Respublikası İXM-nin 515.0.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 1500 (min beş yüz) manat məbləğində cərimə olunsun. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Rahim Həsənov
Məhkəmə qərarları › İş №3(027)-2403/2023
Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-2403/2023
27.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver