Məhkəmə qərarları › İş №3(027)-2405/2023

Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-2405/2023

29.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-2405/2023 29.11.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx.xx.1987-ci ildə Quba şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Fİn:xxxxxxx, evli, fərdi qaydada proqramist işləyən, Quba şəhəri, Dəvədabanı yaşayış massivi ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 515.0.2-ci maddəsilə Quba rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İnzibati xəta haqqında xx.xx.2023-cü il tarixli MN seriyalı ******* nömrəli protokola əsasən Şəxs xx.xx.2023-cü il tarixdə saat 21:00 radələrində ünvan 2 ünvanında yaşayan tanışı X3 evində təşkil olunmuş dini yığıncağda iştirak etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək ifadəsində bildirmişdir ki, namazdan sonra bir neçə yoldaşla qardaşının dostunun evinə çay içməyə yığışmışlar. Həmin vaxt “Quran”dan müxtəlif ayələr və surələr oxumuş və zikr etmişlər. Bu zaman polis əməkdaşları gələrək qadağan olunmuş qaydada dini mərasimdə iştirak etdiklərinə görə barələrində inzibati protikol tərtib etmişlər. Lakin onlar kütləvi mərasim keçirməmişlər, çünki kütləvi mərasimlər əldə plakatlar, yürüş etməklə, qadağan olmuş qaydalarda, 25 nəfərdən artıq şəxsin iştirakı ilə dövlətə qarşı pretenziyalar həyata keçirməklə keçirildiyini zənn edir. Onlar bu əqidəyə qulluq eləmirlər, onların zatən əqidəsi bəllidir, onlar yalnız dürüst yolda olmaq, yollarını azmamaq, xeyrli işlərlə məqul olmaq və s. bu kimi niyyətlərini həyata keçirmək üçün dualar edirlər. Bu məsələlərlə bağlı izahatlar verilməmişdir və düşünür ki, bir-neçə nəfərin bir yerdə yığışıb Quran, ayələr və surələr oxumağı, zikr etməyi heç bir kütləvi dini mərasimə aid edilməməlidir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyib, inzibati xəta haqqında iş materiallarını araşdıraraq və sübutları tədqiq edərək belə nəticəyə gəlir ki, Şəxs dini mərasimlərin təşkilinin və keçirilməsinin qanunla müəyyən edilmiş qaydalarını pozan hərəkətlərlə Azərbaycan Respublikası İXM-nin 515.0.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir və onun əməli düzgün olaraq həmin maddə ilə tövsif olunmuşdur. Belə ki, “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununun 6-1.1-ci maddəsinə əsasən kütləvi dini ibadət, ayin və mərasimlər (dəfn, yas, iftar, kəbinkəsmə, mövlud və ehsan mərasimləri istisna olmaqla) dini ibadət yerlərində və ziyarətgahlarda keçirilir. Bu Qanunun 6-1.2-ci maddəsinə əsasən kütləvi dini ibadət, ayin və mərasimlər (dəfn, yas, iftar, kəbinkəsmə, mövlud və ehsan mərasimləri istisna olmaqla) dini ibadət yerlərindən və ziyarətgahlardan kənarda yalnız müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) razılığı ilə təşkil olunur.. Şəxs əməlinin inzibati xəta olmasını aradan qaldıran hallar və inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 515.0.2-ci maddəsinə əsasən dini yığıncaqlar, yürüşlər və digər dini mərasimlərin təşkilinin və keçirilməsinin qanunla müəyyən edilmiş qaydalarının pozulmasına görə fiziki şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər yeddi min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Qeyd edilən Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. AR İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş məlumata əsasən Şəxs X1 (xx.xx.2018), X2 (xx.xx.2017), Ağamuradov Murad oğlu (xx.xx.2021) və X4 (xx.xx.2023 ) adlı azyaşlı uşaqları vardır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32.2-ci maddəsinə əsasən himayəsində azyaşlı uşağın olması Şəxs məsuliyyətini yüngülləşdirən hal kimi müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən məsuliyyəti ağırlaşdıran hal müəyyən edilməmişdir. Şərh edilənləri nəzərə alaraq, məhkəmə inzibati xəta törətmiş Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 515.0.2-ci maddəsilə inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, onun şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini və məsuliyyətini yüngülləşdirən halı nəzərə alaraq barəsində cərimə növündə inzibati tənbeh tətbiq edilməsini tənbehin məqsədlərinə nail olunması baxımından daha məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 515ci, 114-115-ci və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 515.0.2-ci maddəsilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 1500 (min beş yüz) manat məbləğində cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Aydın Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar