Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-2407/2023 29.11.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx.xx.1978-ci ildə Quba şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Fin: xxxxxxx, evli, fərdi qaydada işləyən, ünvan 1 ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 515.0.2-ci maddəsilə Quba rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İnzibati xəta haqqında xx.xx.2023-cü il tarixli MN seriyalı ******* nömrəli protokola əsasən Şəxs xx.xx.2023-cü il tarixdə saat 21:00 radələrində Quba şəhəri Əliqulu Nərimanov küçəsi, ev 146 ünvanında yaşayan özünə məxsus evdə təşkil olunmuş dini yığıncağda iştirak etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək ifadəsində bildirmişdir ki, xx.xx.2023-cü il axşam namazından sonra bir neçə yoldaşları evinə çay içməyə dəvət etmiş və həmin vaxt yoldaşları “Quran”dan müxtəlif ayələr və surələr oxumuşlar. Bu zaman həyət qapısı açıq olduğundan bir neçə nəfər polis əməkdaşı qapını döymədən, xəbərsiz halda evinə soxulmuş və qadağan olunmuş qaydada dini mərasimdə iştirak etdiklərinə görə barələrində inzibati protikol tərtib etmişlər. Düşünür ki, bir-neçə nəfərin bir yerdə yığışıb “Quran”dan ayələr və surələr oxumağı, zikr etməyi heç bir kütləvi dini mərasimə aid edilməməlidir. Polisin hərəkəti isə heç bir nizam-intizama uyğun deyil, onlar qanunazidd hərəkətlərə yol vermişlər. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyib, inzibati xəta haqqında iş materiallarını araşdıraraq və sübutları tədqiq edərək belə nəticəyə gəlir ki, Şəxs dini mərasimlərin təşkilinin və keçirilməsinin qanunla müəyyən edilmiş qaydalarını pozan hərəkətlərlə Azərbaycan Respublikası İXM-nin 515.0.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir və onun əməli düzgün olaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 515.0.2-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununun 6-1.1-ci maddəsinə əsasən kütləvi dini ibadət, ayin və mərasimlər (dəfn, yas, iftar, kəbinkəsmə, mövlud və ehsan mərasimləri istisna olmaqla) dini ibadət yerlərində və ziyarətgahlarda keçirilir. Həmin Qanunun 6-1.2-ci maddəsinə əsasən kütləvi dini ibadət, ayin və mərasimlər (dəfn, yas, iftar, kəbinkəsmə, mövlud və ehsan mərasimləri istisna olmaqla) dini ibadət yerlərindən və ziyarətgahlardan kənarda yalnız müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) razılığı ilə təşkil olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 515.0.2-ci maddəsinə əsasən dini yığıncaqlar, yürüşlər və digər dini mərasimlərin təşkilinin və keçirilməsinin qanunla müəyyən edilmiş qaydalarının pozulmasına görə fiziki şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər yeddi min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir. Şəxs əməlinin inzibati xəta olmasını aradan qaldıran hallar və inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Qeyd edilən Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. AR İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş məlumata əsasən Şəxs himayəsində X1(xx.xx.2013), X2 (xx.xx.2016), X3 (xx.xx.2018) və X4 (xx.xx.2023) adlı azyaşlı uşaqları vardır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32.2-ci maddəsinə əsasən himayəsində azyaşlı uşaqların olması və ilk dəfə inzibati məsuliyyətə cəlb olunması məsuliyyətini yüngülləşdirən hallar kimi müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən məsuliyyəti ağırlaşdıran hal müəyyən edilməmişdir. Şərh edilənləri nəzərə alaraq, məhkəmə inzibati xəta törətmiş Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 515.0.2-ci maddəsilə inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, onun şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini və məsuliyyətini yüngülləşdirən halın mövcudluğunu, məsuliyyəti ağırlaşdıran halın olmamasını nəzərə alaraq barəsində cərimə növündə inzibati tənbeh tətbiq edilməsini tənbehin məqsədlərinə nail olunması baxımından daha məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 515-ci, 114-115-ci və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 515.0.2-ci maddəsilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 1500 (min beş yüz) manat məbləğində cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Aydın Babayev
Məhkəmə qərarları › İş №3(027)-2407/2023
Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-2407/2023
29.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver