Məhkəmə qərarları › İş №3(027)-2449/2023

Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-2449/2023

23.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-2449/2023 23.11.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, Quba RPŞ-nin, İTB-nin sahə rəisi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və Zərərçəkmiş şəxs iştirakı ilə xx.xx.1980-ci ildə Quba rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, işləməyən, Quba rayonu Rustov kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan- Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i m: Şəxs xx.xx.2023-cü il tarixdə, saat 09:30 radələrində Quba rayonu, Rustov kəndində aralarında şəxsi münasibətlər zəmnində yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs dərəcəsi təyin olunmayan bədən xəsarəti yetirmişdir. İş materiallarında olan Quba RPŞ-nin TB-nin təhqiqatçısı, X3 cinayət işinin başlanılmasının rədd edilməsi haqqında 30 avqust 2023-cü il tarixli qərarından görünür ki, həmin qərarla Şəxs barəsində cinayət işinin başlanılması rədd edilmiş və onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsilə inzibati tədbir görülməsi üçün qərarın surəti Quba RPŞ-nin İTB-nə göndərilmişdir. Həmin qərar əsasında Quba RPŞ-nin, İTB-nin sahə rəisi X2 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə xx.xx.2023-cü il tarixli, MN 1873434-7612 saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində özünü təqsirli bilərək, izahatında göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə, saat 09:30 radələrində yaşadığı Quba rayonu Rustov kəndində, yaşadığı evin qarşısında dayanan zaman, “Mersedes” markalı avtomobil yüksək sürətlə onun yaşadığı evin qarşısından keçmiş və 100 metr sonra yolun kənarında dayanan “VAZ-2107” markalı avtomobilə dəymişdir. Avtomobilin sürücüsünə maşını yüksək sürətlə sürdüyünə görə irad bildirmiş və həmin şəxsin boynundan itələmişdir. Hazırda Zərərçəkmiş şəxs ilə barışmışdır. Zərərçəkmiş şəxs ona qarşı heç bir tələbi və şikayəti yoxdur. Ona görə də barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə Quba rayonu Rustov kəndində “VAZ-2107” markalı avtomobilə dəymişdir. Həmin vaxt ordan keçən əvvəllər tanımadığı Rəşad adlı şəxs ona yaxınlaşaraq, maşını niyə yüksək sürətlə sürdüyünü soruşmuşdur. Bu zaman aralarında söz mübahisəsi yaranmış və həmin şəxs onun baş nahiyyəsinə və bədəninə yumruqla vurmuşdur. Hazırda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs ilə barışmışdır, ona qarşı heç bir tələbi və şikayəti yoxdur. Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və zərərçəkmiş şəxsin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, işdəki sübutlara hüquqi qiymət verərək, hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Lakin zərərçəkmiş şəxslə barışdığı üçün Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Zərərçəkmiş şəxsnın ərizəsindən görünür ki, o, hal-hazırda Şəxs ilə barışmışdır, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs da ərizə ilə məhkəməyə müraciət edərək haqqında Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İXM-nin 53.1.9-cu maddəsinə əsasən müvafiq olaraq, o cümlədən, bu Məcəllənin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. Azərbaycan Respublikası İXM-nin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda, hakim inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 53.0.9, 110-114, 114.1.4, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: Zərərçəkmiş şəxslə barışması əsasına görə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar