Məhkəmə qərarları › İş №3(027)-2450/2023

Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-2450/2023

23.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-2450/2023 23.11.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, Protokol tərtib edən şəxs Quba RPŞ-nin İTB-nin polis sahə rəisi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx.xx.1994-cü il tarixdə Quba rayonu, Əski İqriq kəndində anadan olmuş, Azərbaycan Respublikası Fin:xxxxxxx, vətəndaşı, subay, fərdi qaydada işləyən, ünvan 1 ünvanda yaşayan Şəxs barəsində barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsilə Quba rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İnzibati xəta haqqında 23 noyabr 2023-cü il tarixli MN seriyalı ******* nömrəli protokola əsasən 22 noyabr 2023-cü il tarixdə, saat 22:45 radələrində YPX-nin əməkdaşları Şəxs ona məxsus **-LD-*** nömrəli avtomobilin sənədləri tələb edilərkən sənədləri təqdim etməkdən imtina etmiş və polisin qanuni tələblərinə tabe olmamışdır. Məhkəmə iclasında protokol tərtib etmiş Quba rayon Polis şöbəsinin polis sahə rəisi X2 izahatında bildirmişdir ki, 22 noyabr 2023-cü il tarixdə, saat 22:45 radələrində YPX-nin əməkdaşları xidmətdə olarkən **-LD-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs spirtli içki təsiri altında avtomobil idarə etdiyi aşkar olunmuş, sonra Şəxs müvafiq sənədləri təqdim etməkdən və avtomobilin cərimə meydançasına aparılmasında imtina etmiş və polisin qanuni tələblərinə tabe olmamışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü təqsirli bilməyərək izahatında bildirmişdir ki, idarə etdiyi **-LD-*** dövlət qeydiyyat nişanlı avtomobil polis əməkdaşları tərəfindən saxlanarkən onun spirtli içki təsiri altında avtomobil idarə etdiyi müvafiq test nəticəsində aşkar olunmuş və sonra o avtomobildən düşmək isdədikdə polis əməkdaşları ona müqavimət göstərərək, avtomobildən düşməsinə mane olmuşlar. O polisə müqavimət göstərməmiş, əksinə polis əməkdaşları ona fiziki təsir göstərməklə sərbəst buraxılmasına mane olmuşlar. Polis əməkdaşlarına kənardan ayıq sürücü gətirməklə avtomobilin cərimə meydançasına aparılmasını tələb etmişdir. Məhkəmə iclasında Quba rayon Polis şöbəsinin DYPB-nin inspektoru X3 izahatında bildirmişdir ki, 22 noyabr 2023-cü il tarixdə, saat 22:45 radələrində xidmətdə olarkən **-LD-*** dövlət qeydiyyat nişanlı avtomobil saxlanmış və sürücü Şəxs spirtli içki təsiri altında avtomobil idarə etdiyi müvafiq test nəticəsində aşkar olunmuşdur. Daha sonra Şəxs müvafiq sənədləri təqdim etməkdən və avtomobilin cərimə meydançasına aparılmasından imtina etmiş, kənardan ayıq sürücü gətirməklə avtomobilin cərimə meydançasına aparılmasını tələb etmiş, həmçinin digər tələblərinə tabe olmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin Həmin Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyib, o cümlədən hadisənin görüntüsünü əks etdirən CD-i, inzibati xəta haqqında protokolu və işdə olan digər sübutları tədqiq edərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetirilir. Belə ki, o ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən polis işçisinin tələblərinə qəsdən tabe olmayan hərəkətlərlə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, onun əməli düzgün olaraq həmin maddə ilə tövsif olunmuşdur. Əməlinin inzibati xəta olmasını aradan qaldıran hallar və inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Qeyd edilən Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. AR İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən ilk dəfə inzibati məsuliyyətə cəlb edilməsi məsuliyyəti yüngülləşdirən hal kimi müəyyən olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33.1.7-ci maddəsinə əsasən inzibati xətanın sərxoş halda törədilməsi məsuliyyəti ağırlaşdıran hal kimi müəyyən olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33.1.1-ci maddəsilə müəyyən olunmuş hal həmin Məcələnin 33.3-cü maddəsinin tələbi nəzərə alınmaqla ağırlaşdıran hal kimi müəyyən edilə bilməz. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33.3-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində inzibati xəta tərkibinin əlaməti kimi nəzərdə tutulmuş məsuliyyəti ağırlaşdıran hal, inzibati tənbeh tətbiq edilərkən təkrar nəzərə alına bilməz. Məhkəmə inzibati xəta törətmiş Şəxs barəsində İXM-nin 535.1-ci maddəsi ilə inzibati tənbeh tətbiq edərkən, xətanın xarakterini, onun şəxsiyyətini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alaraq barəsində inzibati həbs növündə inzibati tənbeh tədbiq edilməsini tənbehin məqsədlərinə nail olunması baxımından daha məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 89.5-ci maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati xəta törətmiş şəxsin protokol tərtib etmək üçün gətirildiyi vaxtdan, sərxoş halda olmuş şəxsin isə ayıldığı vaxtdan hesablanır. İş materiallarında olan inzibati qaydada tutma haqqında protokoldan göründüyü kimi, Şəxs 30 sentyabr 2023-cü il, saat 00:15-də tutulmuşdur. Məhkəmə hesab edir ki, inzibati həbsdə saxlama müddətinin əvvəli həmin vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası İXM-nin 156.1-ci maddəsinə əsasən hakim tərəfindən inzibati həbs haqqında qərar çıxarıldıqdan sonra həmin qərar dərhal icra edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1, 114-115-ci və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinməklə barəsində 8 (səkkiz) gün müddətində inzibati həbs tətbiq edilsin. Qərar dərhal icra edilsin. İnzibati həbsdə saxlama müddətinin əvvəli 23 noyabr 2023-cü il, saat 00:15-dən hesablansın. Şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən müəyyən edilən yerdə mühafizə altında saxlanılsın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Aydın Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar