Məhkəmə qərarları › İş №3(027)-2457/2023

Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-2457/2023

24.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-2457/2023 24.11.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi ilə, Protokol tərtib edən şəxs Quba RPŞ-nin İTB-nin polis sahə rəisi X1, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1978-ci ildə Quba rayonu, 2-ci Nügədi kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Fin:xxxxxxx, orta təhsilli, subay, xadimə işləyən, Quba rayonu, 2-ci Nügədi kəndində qeydiyyatda olan və həmin kənddə yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsilə Quba rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Quba RPŞ-dən daxil olmuş inzibati xəta haqqında xx.xx.2023-cü il tarixli, MN ******* saylı protokola əsasən Şəxs xx.xx.2023-cü il tarixdə, saat 20:00 radələrində Quba rayonu, 1-ci Nügədi kəndində Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 dərəcəsi təyin olunmayan xəsarət yetirmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib edən Quba RPŞ-nin İTB-nin polis sahə rəisi X2 izahatında bildirmişdir ki, 2-ci Nügəd kənd sakini Şəxs aralarında şəxsi ailə münasibətləri zəminində yaranmış mübahisə zamanı Quba rayonu, 1-ci Nügədi kəndində Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 döymüş, onlara dərəcəsi təyin olunmayan xəsarətlər yetirmişdir. Protokol təhqiqatçının qərarına əsasən tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək izahatında bildirmişdir ki, Sevinc və Nərgiz onun kürəkənin nənəsi və ögey anasıdır. 22 sentyabr 2023-cü il tarixdə, Quba şəhərində yerləşən «Nərgiz Plaza» şadlıq sarayındı oğlan toyu, 29 sentyabr 2023-cü il tarixdə isə onun qızına toy məclisi keçirmişdir. Qız toyundan sonra o qızını yaşadığı evə aparmışdır, O, öncədən Xəyalın atası ilə danışıb razılaşmışdır ki, qızı 05 oktyabr 2023-cü il tarixdə nikah bağlandığdan sonra aparsınlar. 02 oktyabr 2023-cü il tarixdə, o, evdə olmadığı müddət ərzində qızı Bənövşə kürəkəni Xəyala qoşularaq ondan icazəsiz evdən çıxıb getmişdir. Qardaşı Rahim ona zəng edərək, qızının evdə olmadığını bildirmişdir. O, da evə gəlmiş görmüşdür ki, qızı Bənövşə evə yoxdur, yola çıxıb taksi ilə Dəvədabanı yaşayış massivindəki evinə getmiş və evdə heç kim oladığını görüb, yenidən Quba rayonu, 1-ci Nügədi kəndinə yaşayan ata evinə getmiş, qapıdan içəri girəndə görmüşdür ki, Xəyalın nənəsi Nərgiz və ögey anası Sevinc quruluğun altındadırlar. O, onlardan qızı Bənöşənin harada olduğunu sorşuduqda aralarında söz mübahisəsi baş vermişdir. Aralarında mübahisə təximinən 5-10 dəqiqə davam etmiş və mübahisə zamanı o, heç kimi vurmamış və xəsarət yetirməmişdir. Baş vermiş mübahisə zamanı onlar onu vurmuşlar, bədəni üzərində xəsarət olsa da, o, ekspertizadan keçməkdən imtina etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 izahatında bildirmişdir ki, Nəzakət onun nəvəsi Xəyalın qaynanasıdır. 29 sentyabr 2023-cü il tarixdə qız toyu olmuş, qız toyundan sonra onlar gəlinlərini özlərinin yaşadığı evə gətirmək istəsələr də, gəlinin anası Nəzakət ona etiraz edərək, gəlini öz evinə aparmışdır. 02 oktyabr 2023-cü il tarixdə nəvəsi Xəyal qaynanası Nəzakətin evinə gedərək həyat yoldaşı Bənövşəni götürüb getmişdir. Saat təxminən 20 radələrində qohumu Nəzakət onların yaşadıqları evə gələrək nəvəsinin və gəlinin evdə olub-olmadığını soruşmuş, onlar da olmadığını dedikdə, Nəzakət onlarla münaqişə etməyə başlamış, onu sinəsindən itələyərək yerə yıxmış və gəlini Sevinci döymüşdür. O, bu barədə Quba RPŞ-nə ərizə ilə müraciət etmişdir. Aralarında olan davadalaş 1-ci Nügədi kəndində onun yaşadığı evdə baş vermiş, mübahisə zamanı həmin yerdə o, gəlini Sevinc, Nəzakət və onun qardaşı olmuşlar. Mübahisə zamanı onlar Nəzakəti vurmamışlar. Mübahisə təxminən 5-10 dəqiqə davam etmişdir. Ondan şikayətçidir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 izahatında bildirmişdir ki, 22 sentyabr 2023-cü il tarixdə Quba şəhərində yerləşən «Nərgiz Plaza» şadlıq sarayında oğlu Xəyalın toy məclisi olmuş, 29 sentyabr 2023-cü il tarixdə isə qız toyu olmuşdur Qız toyu qurtarandan sonra o, gəlinini özü yaşadığı evə aparmaq istədiyini bildirmişdir. Lakin Nəzakət buna mane olmuşdur. 02 oktyabr 2023-cü il tarixdə gəlini Bənövşə oğlu Xəyala zəng edərək gəlib onu aparmasını demiş, o, da gedib həyat yoldaşını götürüb Bakı şəhərinə getmişlər. Həmin gün axşam saat 20 radələrində Nəzakət onun yaşadığı evə gələrək, öz qızını soruşmuş, o, da hara getdiklərini bilmədiyini demişdir. Bu zaman aralarında mübahisə baş vermiş və mübahisə zamanı Nəzakət onun boğaz nahiyyəsini sıxıb kənara itələmiş, 1 yaşlı uşağının isə qolundan sıxaraq ona xəsarət yetirmişdir. O, uşağı güclə onun əlindən almış və sonra DİN-in 102 xidmətinə məlumat vermişdir. Bundan sonra Nəzakət çıxıb getmişdir. Mübahisə zamanı həmin yerdə o, qaynanası, Nəzakət və qardaşı olmuşlar. Mübahisə təxminən 10 dəqiqə davam etmişdir. Ondan şikayətçidir. İş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi barədə 14 oktyabr 2023-cü il tarixli qərardan göründüyü kimi, toplanmış material üzrə Şəxsnun əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanılmasının rədd edilməsi, Şəxsnun barəsində İXM-nin 157-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surətinin Quba RPŞ-nin İTB-nə göndərilməsi qərara alınmışdır. İş materialında olan MTE və PAB Quba rayon şöbəsinin 766 nömrəli, 02 oktyabr 2023-cü il tarixli ekspert rəyindən göründüyü kimi, 1954-cü il təvəllüdlü Zərərçəkmiş şəxs2 məhkəmə-tibbi ekspertizası əsasında belə nəticəyə gəlinib ki, onun bədəni üzərində aşkar olunan xəsarətlərqarnında öndə sağda və sağ dizin ön iç səthində hərəsində bir yerdə qançır küt əşyanın təsirindən törənməklə yetirilmə müddəti qərarda göstərilən vaxta, yəni 02 oktyabr 2023-cü il tarixə uyğun gəlir, Bu xəsarətlər qərarda göstərilən vəziyyətdə əmələ gələ bilər və sağlamlığa zərər vurmadığından dərəcəsi təyin olunmayan xəsarətlər növünə aiddir. İş materialında olan MTE və PAB Quba rayon şöbəsinin 767 nömrəli, 02 oktyabr 2023-cü il tarixli ekspert rəyindən göründüyü kimi, 1983-cü il təvəllüdlü Zərərçəkmiş şəxs1 məhkəmə-tibbi ekspertizası əsasında belə nəticəyə gəlinib ki, onun bədəni üzərində aşkar olunan xəsarətlərboynunda sağda və solda çoxlu sayda sıyrıq küt əşyanın təsirindən törənməklə yetirilmə müddəti qərarda göstərilən vaxta, yəni 02 oktyabr 2023-cü il tarixə uyğun gəlir, Bu xəsarətlər qərarda göstərilən vəziyyətdə əmələ gələ bilər və sağlamlığa zərər vurmadığından dərəcəsi təyin olunmayan xəsarətlər növünə aiddir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollar müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, zərərçəkmiş şəxsi və protokolu tərtib etmiş şəxsin izahatlarını dinləyib, sübutları tam, hərtərəfli və obyektiv tədqiq edərək, hesab edir ki, Şəxs döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməklə Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir və onun əməli düzgün olaraq həmin maddə ilə tövsif olunmuşdur. Əməlin inzibati xəta olmasını aradan qaldıran hallar və inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Qeyd edilən Məcəllənin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. AR İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən məsuliyyəti yüngülləşdirən hal müəyyən olunmamışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmamışdır. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən törətdiyi inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun əmlak vəziyyətini nəzərə alaraq, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin sanksiyasında nəzrədə tutulmuş inzibati cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini inzibati tənbehin məqsədlərinə nail olunması baxımından daha məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157, 114-115-ci və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək barəsində 300 (üç yüz) manat məbləğdə cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə Quba Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Aydın Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar