Məhkəmə qərarları › İş №3(027)-2458/2023

Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-2458/2023

08.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-2458/2023 08.12.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, X1 katibliyilə, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsilə Quba rayon PŞ-dən daxil olmuş inzibati xəta haqqında protokola və əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Daxil olmuş MN ******* nömrəli, xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokola əsasən Şəxs xx.xx.2023-cü il tarixdə, Quba rayonu Talabıqışlaq kəndində oğlu Zərərçəkmiş şəxs məxsus televizoru, şüşə stolu, pəncərə və qapını sındırmışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü qismən təqsirli bilərək izahatında bildirmişdir ki, Quba rayonu, Talabıqışlaq kəndində həyat yoldaşı X2 ilə birlikdə özünə məxsus 2 mərtəbəli evin 2-ci mərtəbəsində yaşayır, 5 övladı var, təqaüdçüdür. Övladları onlardan ayrı yaşayır, yaşadığı evin 1-ci mərtəbəsindəki otaqların birini oğlu Seyrana ayırmış, orada onun əşyaları vardır. xx.xx.2023-cü il tarixdə Seyran gəlib öz otağını açmış və həmin otaqda olan zaman aralarında mübahisə yaranmışdır, Mübahisə zamanı Seyranın yoldaşı bərkdən danışaraq hay-küy salmış və ondan səsini yüksəltməməsini tələb etdikdə, Seyran onun yaxasından tutub itələyərək şüşə stolun üstünə yıxmışdır. Həmin vaxt şüşə stol sınmışdır, otağın pəncərəsini isə əsəbləşib ayaqla vurub sındırmasını bildirmişdir. Seyranın aşyalarının sınmasında qardaşı Şakiri günahlandırsa da, onun bununla heç bir əlaqəsi olmamış, Şakir Seyranın əşyalarına əl vurmamışdır. Həmin əşyalar onunla Seyran arasında baş verən mübahisə zamanı sınmışdır. Amma o televizoru sındırmamışdır və işlək vəziyyətdə olmuşdur. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında bildirmişdir ki, o, Quba rayonu, Talabıqışlaq kəndində ailəsi ilə birlikdə yaşayır və təxminən 5 ildirki qardaşı X3 ilə münasibətləri soyuqdur. 2 mərtəbəli ata evinin hər mərtəbəsində 3 otaq var, 1-ci mərtəbədə yerləşən otaqların biri ona ayrılmış və oraya şəxsi əşyalarını yığmışdır. Qardaşı Şakir ailəsi ilə birlikdə Talabıqışlaq kəndində ayrı evdə yaşayır. Atası və qardaşı onunla yola getmir, ona görə də o ailəsi ilə birlikdə Talabıqşlaq kəndində qohumunun evində yaşayırlar. xx.xx.2023-cü il tarixdə saat 19 radələrində əşyalarını yoxlamaq üçün ata evinə gəldikdə, otağında yerləşən televizoru, şüşə stolu, otağın pəncərəsini və qapısını sındıraraq ümumilikdə 1400 manat məbləğində maddi ziyan vurulduğunu bildirmişdir. İş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi barədə 26 avqust 2023-cü il tarixli qərardan göründüyü kimi, toplanmış material üzrə Şəxsnın əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanılmasının rədd edilməsi, Şəxsnın barəsində İXM-nin 232-1-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surətinin Quba RPŞ-nin İTB-nə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsinə əsasən özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu az miqdarda ziyan vurduqda-inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə edilir. Qeyd: Bu maddədə “az miqdar” dedikdə, beş min manatdan yuxarı olmayan məbləğ başa düşülür. Məhkəmə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxsə isnad edilən və inzibati məsuliyyətə səbəb olan əmələ inzibati xətalar qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə araşdırmalarında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu qeyd edilən inzibati məsuliyyətə səbəb olan əmələ qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs özgənin əmlakını qəsdən zədələyərək az miqdarda ziyan vurmaqla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, onun əməli düzgün olaraq qeyd edilən maddə ilə tövsif edilmişdir və o həmin maddə ilə inzibati məsuliyyətinə cəlb edilməklə barəsində inzibati tənbeh tətbiq edilməlidir. Əməlin inzibati xəta olmasını aradan qaldıran hallar və inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. AR İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci və 33-cü maddələrinə əsasən məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən törətdiyi inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun əmlak vəziyyətini nəzərə alaraq, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsinin sanksiyasında nəzrədə tutulmuş inzibati cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini inzibati tənbehin məqsədlərinə nail olunması baxımından daha məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1, 114-115-ci və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək inzibati xəta nəticəsində vurulmuş ziyanın bir misli – 1400 (min dörd yüz) manat məbləğində cərimə olunsun. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə Quba Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Aydın Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar