Məhkəmə qərarları › İş №3(027)-249/2021

Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-249/2021

18.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-249/2021 18.03.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə xx.xx.1993-cü ildə Azərbaycan Respublikasının Quba rayonu Xınalıq kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Quba rayonu Xınalıq kəndində qeydiyyatda olan və Quba rayonu, Vladimirovka kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM) 327.1 və 332.4-cü maddələrilə Quba Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, m ü ə y y ə n e t d i: Quba rayonu, Yol patrul xidməti inspektoru polis serjantı X2 tərəfindən Şəxs barəsində xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 327.1 və 332.4-cü maddələri ilə inzibati xəta haqqında İXP ******* №-li protokol tərtib edilərək, baxılması üçün Quba rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-nin 327.1 və 332.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xətaların törətdilməsində özünü təqsirli bilərək, göstərmişdir ki, xx xxxx 2021-ci il tarixdə saat 13:15- radələrində sürücülük vəsiqəsi və etibarnamə olmadan idarə etdiyi Hundau markalı, ** MN *** nömrəli dövlət qeydiyyat nişanlı avtomaşınla Quba şəhəri, Heydər Əliyev prospekti ilə Bakı istiqamətində hərəkət edərkən ara məsafəsi saxlamadığından piyada keçidinin qarşısında dayanmış VAZ-2106 markalı, ** BB *** nömrəli avtomobilin və odan qabaqda dayanmış 90-CO 227 nömrəli avtomaşının arxa hissəsinə toxunaraq həmin avtomaşınlara maddi zərər vurmuşdur. Zərərçəkmişlərə dəymiş ziyanı ödəmişdir. Özü İİİ qrup əlilidir, ailəsinin yeganə qazanc gətirəni odur. İnzibati xəta törətməsini etiraf edib, bu xətanı törətməsindən səmimi peşmançılıq hissi keçirir. Bu halların ona inzibati tənbeh verilməsində nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, iş üzrə zərərçəkmiş şəxslər X3 və X1 məhkəmə iclasına gəlməmiş və işə baxılmasının təxirə salınması barədə vəsatətlə məhkəməyə müraciət etməmişdir. Ona görə də Azərbaycan Respublikası İXM-nin 62.4-cü maddəsinə əsasən hazırki inzibati işə zərərçəkmiş şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab edirəm. Belə ki, Azərbaycan Respublikası İXM-nin 62.4-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə zərər çəkmiş şəxsin iştirakı ilə baxılır. Həmin şəxsin iştirakı olmadan işə yalnız o hallarda baxıla bilər ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatını dinləyib, iş üzrə toplanmış sübütlara hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 327.1 və 332.4-cü maddələrində nəzərdə tutulan inzibati xətaların törədilməsində təqsirli bilinməlidir, həmçinin onun əməli həmin maddələrlə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsində yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə, Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsində bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinə əsasən Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 327.1 və 332.4-cü maddələrinin sanksiyalarından görünür ki, İXM-nin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalardan daha ciddidir. Belə ki, İXM-nin 327.1-ci maddəsinin sanksiyasında 40 manat miqdarında cərimə nəzərdə tutulduğu halda, İXM-nin 332.4-cü maddəsinin sanksiyasında 400 manat miqdarında cərimə və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs növündə tənbeh nəzərdə tutulmuşdur. Məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən törətdiyi inzibati xətanın xarakterini, şəxsiyyətini xarakterizə edən halları, təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. İş materiallarına əlavə edilmiş Dövlət Sosial Müdafiə Fondu Publik Hüquqi şəxsin 2 saylı Regional Ərazi filialının xx.xx.2021-ci il tarixli arayışından görünür ki, Şəxs 3-cü qrup əlilliyə görə xx.xx.2011-ci il tarixdən ömürlük sosial müavinət təyin olunmuşdur. Məhkəmə inzibati xəta törətməsini etiraf edib, bu xətanı törətməsindən səmimi peşmançılıq çəkməsini, İİİ qrup əlil olmasını və ailəsinin yeganə qazanc gətirəni olmasını, vurmuş olduğu maddi ziyanı zərərçəkmiş şəxslərə tam ödəməsini Şəxs məsuliyyətini yüngülləşdirən hallar hesab edir. İş materialları ilə Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Törətdiyi inzibati xətanın xarakterini, şəxsiyyətini xarakterizə edən halları, təqsirinin dərəcəsini, əmlak vəziyyətini, məsuliyyətini yüngülləşdirən halları və məsuliyyətini ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 327.1 və 332.4-cü maddələrilə təqsirli bilinib, barəsində Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsi tətbiq edilməklə Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş 400 (dörd yüz) manat məbləğində inzibati qaydada cərimə edilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İXM-nin 112, 113, 114-115, 117, 125-126, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İXM-nin 327.1 və 332.4-cü maddələrilə təqsirli bilinib, barəsində Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsi tətbiq edilməklə Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş 400 (dörd yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində qərarı qəbul etmiş hakim vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar