Məhkəmə qərarları › İş №3(027)-25/2022

Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-25/2022

10.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-25/2022 10.01.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1, Protokolu tərtib edən X4, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx.xx.1970-cı ildə Xaçmaz rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Xaçmaz şəhəri, Əliağa Vahid küçəsi ev 4 ünvanda qeydiyyatda olan və həmin ünvanda yaşayan Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə Quba Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Məhkəməyə təqdim edilmiş inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, 24.10.2021-ci il tarixdə, saat 19:57-də Quba Yelenovka kəndi istiqamətində hərəkətdə olarkən avtomobili saxlanmış Şəxs narkotik vasitələrin qanunsuz istehlakı ilə məşğul olmuşdur. Həmin faktla bağlı Quba RPŞ-nin TB-nun təhqiqatçısı, polis mayoru X8 tərəfindən araşdırma aparılmış, 20 noyabr 2021-ci il tarixli qərarla Şəxs barəsində cinayət işi başlanması rədd edilmişdir. Fakt üzrə Quba RPŞ-nin İTB-nin polis leytenantı X9 tərəfindən X2 barəsində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə 10 yanvar 2021-ci il tarixli, MN 1186230-38 №-li inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Quba Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmədə protokol tərtib edən şəxs X9 bildirdi ki, Şəxs 24 oktyabr 2021-ci il tarixdə, saat 19:57 radələrində Quba rayonu, Yelenovka kəndi istiqamətində hərəkətdə olarkən avtomobilləri saxlanılmış və onun narkotik vasitələrin istehlakı ilə məşğul olması müəyyən edilmişdir. Ona görə də Quba rayon Polis Şöbəsinin təhqiqat Qrupunun təhqiqatçısı Xəzər Nəcəfovun 20 noyabr 2021-ci il tarixli qərarı əsasında Şəxs barəsində cinayət işinin başlanması rədd edilmiş və həmin qərar əsasında tərəfindən barəsində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Göstərdiklərini nəzərə alaraq onun barəsində inzibati qaydada tədbir görülməsini xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək göstərdi ki, o, 24 oktyabr 2021-ci il tarixdə, saat 16 radələrində etibarnamə ilə idarə etdiyi avtomobillə onunla işləyən X3 ilə birlikdə Quba rayonu, Susay Palasa kəndinə soyuducu təmir etməyə gedirdilər. Yolda polis əməkdaşları onları saxlayıb onlardan narkotik vasitənin iyi gəldiyini bildirmişlər və onları Quba rayon Polis Şöbəsinə aparmışlar. Polis Şöbəsində vəkilin iştirakı ilə üzərlərinə və avtomobilə videoçəkilişlə baxış keçirildi, üzərindən və avtomobildən narkotik vasitə aşkar olunmadı. Onlardan analiz götürüldü. O, təxminən 6 ay əvvəl narkotik vasitə olan marixuanadan istifadə etmişdir. Ondan sonra narkotik vasitə istifadə etməmişdir. Əməlindən peşmandır. Göstədiklərinin nəzərə alınmasını xahiş edir. İş materiallarında olan “Məhkəmə-tibbi ekspertiza və X5” Publik Hüquqi şəxsin 05 noyabt 2021-ci il tarixli 3525A/K №li Ekspert Rəyindən görünür ki, Şəxs götürülmüş qan və sidik nümunələrinin tərkibində çətənə bitkisindən alınan və təbii mənşəli narkotik vasitə hesab edilən “Kannabinoid” aşkar edilmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və protokolu tərtib edən şəxsi dinləyib, işdə olan materialları tədqiq edərək, hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetirilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Məhkəmə inzibati tənbeh tədbiri tətbiq edilərkən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinin tələblərinə uyğun olaraq xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. İnzibati xətanın xarakterini, xəta törətmiş şəxsin şəxsiyyətini və onun təqsirinin dərəcəsini nəzərə alaraq, məhkəmə hesab edir ki, inzibati xəta törətmiş Şəxs inzibati həbs növündə inzibati tənbeh tətbiq etməklə, inzibati tənbehin məqsədlərinə nail olmaq mümkündür. Həmin inzibati həbsin başlanğıcı 10 yanvar 2022-ci il tarixdən, saat 16:00-dan hesablanmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206, 109-112 və 113-114-cü maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Şəxs Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsilə təqsirli bilinərək, barəsində 20 (iyirmi) gün müddətində inzibati həbs tətbiq edilsin. İnzibati həbsin əvvəli 10 yanvar 2022-ci il tarixdən, saat 16:10-dan hesablansın. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində qərarı qəbul etmiş hakim vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar