Məhkəmə qərarları › İş №3(027)-2510/2023

Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-2510/2023

04.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-2510/2023 04.12.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, Xudaverdyev Elşad Mütəllim oğlunun katibliyi, Quba rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X5, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx.xx.1987-ci ildə Quba rayonu, Amsar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, Quba rayonu, Amsar kəndində qeydiyyatda olan və yaşayan (X2 xxxxxxx) Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Quba rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, m ü ə y y ə n e t d i: Quba rayon İcra və Probasiya Şöbəsindən daxil olan inzibati xəta haqqında materiala əsasən Şəxs Quba Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(027)-587/2017 saylı icra sənədini icrasını təmin etməmiş və icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Bu barədə Quba rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X6 tərəfindən 04 dekabr 2023-cü il tarixdə inzibati xəta haqqında MN ******* nömrəli protokol tərtib olunaraq, baxılması üçün Quba Rayon Məhkəməsinə göndərilmişdir. Quba rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X6 məhkəməyə verdiyi izahatında göstərdi ki, Quba rayon məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(027)-587/2017 saylı icra vərəqəsinə əsasən tələbkar Zərərçəkmiş şəxs hər həftənin şənbə günü saat 12:00-dan bazar günü 12:00-dək 20 noyabr 2008-ci il tarixdə anadan olmuş X1 və 08 iyul 2011-ci il tarixdə anadan olmuş X3 ilə ünsiyyətdə olmaq üçün görüş verilməlidir. Qeyd olunan icra sənədi şöbənin icraatına xx.xx.2017-ci il tarixdə daxil olmuş və qanuna müvafiq qaydada icraata başlanılmışdır. Borclu Şəxs rəsmi bildiriş göndərilmişdir. Borclu Şəxs icra sənədi üzrə tələbi icra etməsi təklif olunsa da o,müxtəlif bəhanələr gətirərək qeyd olunan tələbi icra etməkdən boyun qaçırmışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlu məhkəmə iclasında bildirmişdir ki, Quba Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2017-ci tarixli, 2(027)-587/2020 saylı icra sənədinə əsasən Zərərçəkmiş şəxs hər həftənin şənbə günü saat 12:00-dan bazar günü 12:00-dək 20 noyabr 2008-ci il tarixdə anadan olmuş X1 və 08 iyul 2011-ci il tarixdə anadan olmuş X3 ilə ünsiyyətdə olmaq üçün görüş verilmişdir. Uşaqların ataları ilə görüşməsinə heç bir maneə törətməmişdir. Uşaqlar ataları ilə görüşmək istəmədikləri üçün qeyd olunan icra vərəqəsinin icrası mümkün olmamışdır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs bildirmişdir ki, uşaqları 20 noyabr 2008-ci il təvəllüdlü X1 və 08 iyul 2011-ci il təvəllüdlü X3 ilə görüşməsinə şərait yaradılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü və 62.4-cü maddələrinə əsasən işə zərərçəkmiş şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə izahatları dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığı üçün, bu maddə ilə onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, 20 noyabr 2008-ci il təvəllüdlü X1 və 08 iyul 2011-ci il təvəllüdlü X3 barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs himayəsindədir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinin tələbinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Qeyd olunan qanun normalarından görünür ki, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətin yaranması üçün inzibati xəta tərkibinin obyektiv tərəfinin vacib elementi kimi şəxsin hərəkətinin icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə yönəlməsi və subyektiv tərəfinin elementi kimi şəxsin əməlinin hüquqa zidd xarakterini dərk etməsi, onun nəticələrini qabaqcadan görməsi və həmin nəticələri arzu etməsi, yəni şəxsin etdiyi hərəkətləri qəsdən törətməsi zəruri şərtlər kimi müəyyən edilmişdir. Lakin, hazırki iş üzrə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs icra sənədini üzrsüz səbəbdən icra etməməsi, habelə icra məmurunun qanuni tələblərini yerinə yetirməməsi müəyyən olunmur. Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs icra sənədini icra etməkdən imtina etməmiş, icra sənədini icra etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda, inzibati xəta haqqında başlanmış icraata xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32, 33, 114, 115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Quba rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar