Məhkəmə qərarları › İş №3(027)-2516/2023

Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-2516/2023

21.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-2516/2023 21.12.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx.xx.1996-cı ildə Quba rayonu, Gərəy kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, Quba rayonu, Qırız kəndində qeydiyyatda olan və Quba rayonu, Gərəy kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsilə Quba rayon İcra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Daxil olmuş MN ******* nömrəli, 06 dekabr 2023-cü il tarixli inzibati xəta haqqında protokola əsasən, borclu Şəxs Quba Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(027)- 2143/2022 saylı icra sənədini icra etməmiş və icra məmurunun tələblərini yerinə yetirməmiş, bununla da Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında protokol tərtib etmiş səlahiyyətli orqan Quba rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2 izahatında bildirmişdir ki, Quba Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2022ci il tarixli, 2(027)- 2143/2022 saylı icra vərəqəsinə əsasən borclu Şəxs cəmi 13250 manat məbləğində pul vəsaiti və 135 manat dövlət rüsumu alınaraq tələbkar Zərərçəkmiş şəxs verilməlidir. Qeyd olunan icra sənədi şöbənin icraatına xx.xx.2023-cü il tarixdə daxil olmuş və qanuna müvafiq qaydada icraata başlanılmışdır. Eyni zamanda tələbin icrası barədə borcluya rəsmi məlumat verilmişdir. Lakin borclu icra sənədi üzrə tələbi heç bir üzrlü səbəb olmadan təmin etməmişdir. Bununla bağlı icra sənədinin icrasını səmərəli təmin etmək məqsədi ilə borclunun bank hesabları, digər gəlir yerləri, daşınar-daşınmaz əmlaklarının olub-olmaması yoxlanılmışdır. Borclunun gəlir yerlərinin və əmlaklarının axtarışları ilə bağlı görülmüş tədbirlər nəticə verməmişdir. İş üzrə borclu Şəxs bugünədək tələbkarın xeyrinə heç bir ödəniş etməmişdir və hal-hazırda 13385 manat məbləğində borcu mövcuddur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında bildirmişdir ki, qeyd olunan icra sənədi üzrə 13385 manat borc ilə razı deyil, belə ki, o əvvəldən Zərərçəkmiş şəxs 9850 manat borcu olduğunu etiraf etmiş və hissə-hissə ödəməkdən yayınmamışdır. Məhkəmə qərarına hörmətlə yanaşır. O Quba rayonu, Qırız kəndində qeydiyyatdadır, lakin Gərəy kəndində yaşayır. Hal-hazırda qeydiyyat ünvanı üzrə yaşamadığından, işlə əlaqədar Sumqayıt şəhərində yaşayır. O mart ayından ödəniş etməmiş və dəfələrlə əlaqə saxlayıb pulu hissə-hissə ödəyəcəyini bildirmişdir, lakin pulun hamısını ödənilməsi tələb edilir. Pulu bir dəfəyə tam ödəməsinə onun imkanı yoxdur. Ona müəyyən vaxt verilməsini məhkəmədən xahiş etmişdir. Əlavə edərək məhkəmədən yayındığı üçün axtarışda olduğunu bildikdən sonra 20 dekabr 2023-cü il, saat 15:00-da könüllü olaraq Quba RPŞ-ə gəldiyini bildirmişdir. Məhkəmə iclasında tələbkar Zərərçəkmiş şəxs izahatında bildirmişdir ki, qeyd olunan icra sənədi üzrə 13385 manat borcdan ümumiyyətlə ödəniş olmamışdır. Dəfələrlə əlaqə saxlayıb pulu hissə-hissə ödəyəcəyini bildirsə də, pulun ödənilməsindən yayınmışdır. Mümkün sərt inzibati tənbeh tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs icra sənədindəki tələbi üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra etməməklə və icra məmurunun məhkəmə qərarlarının icrası ilə əlaqədar digər qanuni tələbləri yerinə yetirməməklə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan əməli törətmişdir. Onun əməli düzgün olaraq həmin maddə ilə tövsif olunmuşdur. Şəxs əməlinin inzibati xəta olmasını aradan qaldıran hallar və inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Belə ki, iş materiallarında olan Quba Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(027)- 2143/2022 saylı icra sənədindən göründüyü kimi, cavabdeh Şəxs 9850 (doqquz min səkkiz yüz əlli) manat və 3400 (üç min dörd yüz) manat olmaqla cəmi 13250 (on üç min iki yüz əlli) manat məbləğində pul və 135 (bir yüz otuz beş) manat ödənilmiş dövlət rüsumu alınaraq, iddiaçı Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. İş materiallarında olan “İcraata başlamaq haqqında” qərarın surətindən görünür ki, Quba Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(027)- 2143/2022 saylı icra sənədi xx.xx.2023-cü il tarixində icra məmuru Vahid Məmmədovun icraatına daxil olmuşdur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, tələbin könüllü icrasını təmin etmək məqsədilə Şəxs bildiriş göndərilmişdir. İş materiallarında olan Quba Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(027)- 310/2023 saylı qərarına əsasən Şəxs barəsində Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. İş materiallarında olan Quba Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(027)-2516/2023 saylı qərarından göründüyü kimi, barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsilə inzibati xəta haqqında iş üzrə icraata aparılan xx.xx.1996-cı ildə Quba rayonu, Gərəy kəndində doğulmuş,Qırız kəndində qeydiyyatda olan Şəxs Quba Rayon Məhkəməsinə tapılıb məhkəməyə təqdim edilənədək iş üzrə icraat dayandırılmışdır. Məhkəmə hesab edir ki, borclu Şəxs yuxarıda qeyd edilən hərəkətləri icra sənədi üzrə tələbin icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, qeyd edilən icra sənədinin icrası ilə əlaqədar Quba rayon İcra və Probasiya şöbəsi tərəfindən borclu Şəxs tələbin könüllü icrası barədə bildirişlər göndərilməsinə, dəfələrlə icra şöbəsinə dəvət edilməsinə baxmayaraq, o icra sənədini icra etməmişdir. Eyni zamanda həmin maddə ilə barəsində Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Qeyd edilən Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. AR İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən məsuliyyəti yüngülləşdirən hal müəyyən olunmamışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmamışdır. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun törətdiyi inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun əmlak vəziyyətini nəzərə alaraq, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1ci maddəsinin sanksiyasında nəzrədə tutulmuş inzibati həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini inzibati tənbehin məqsədlərinə nail olunması baxımından daha məqsədəmüvafiq hesab edir. Məhkəmə həmçinin hesab edir ki, inzibati həbsdə saxlama müddətinin əvvəli inzibati xəta törətmiş şəxsin tutulduğu vaxtdan, yəni 20 dekabr 2023-cü il, saat 15:00-dan hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 89.5-ci maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati xəta törətmiş şəxsin protokol tərtib etmək üçün gətirildiyi vaxtdan, sərxoş halda olmuş şəxsin isə ayıldığı vaxtdan hesablanır. Azərbaycan Respublikası İXM-nin 156.1-ci maddəsinə əsasən hakim tərəfindən inzibati həbs haqqında qərar çıxarıldıqdan sonra həmin qərar dərhal icra edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1, 114-115-ci və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək barəsində 08 (səkkiz) gün müddətində inzibati həbs tətbiq edilsin. Qərar dərhal icra edilsin. İnzibati həbsdə saxlama müddətinin əvvəli 20 dekabr 2023-cü il, saat 15:00-dan hesablansın. Şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən müəyyən edilən yerdə mühafizə altında saxlanılsın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Aydın Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar