Məhkəmə qərarları › İş №3(027)-255/2021

Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-255/2021

19.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-255/2021 19.03.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X5 oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx xxxx 1988-ci il tarixdə Xaçmaz şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1 saylı ünvanda qeydiyyatda olan və Quba şəhəri, Əzizbəyov küçəsində kirayədə yaşayan (Fərdi İdentifikasiya Nömrəsi xxxxxxx) Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə Quba Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, m ü ə y y ə n e t d i: Quba Rayon Polis Şöbəsindən daxil olan inzibati xəta haqqında materiala əsasən, Şəxs xx xxxx 2021-ci il tarixdə Quba şəhərinin köhnə avtovağzal ərazisində üzərindən 0,341 qram narkotik vasitə aşkar edilmişdir. Bununla bağlı Quba Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X4 tərəfindən Şəxs barəsində xx xxxx 2021-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə inzibati xəta haqqında MN ******* nömrəli protokol tərtib olunaraq, baxılması üçün Quba Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs bildirdi ki, ünvan 1-da anası X1 tək yaşayır. O, isə iki ilə yaxındır ki, Quba şəhərinin Əzizbəyov küçəsində “Əlillər binası” deyilən binanın 1-ci mərtəbəsində, 14 nömrəli mənzildə arvadı Kəmalə və 2015-ci il təvəllüdlü oğlu İbrahimlə birlikdə yaşayır. Gündüzlər saat 08-dən axşam saat 18 radələrinə kimi də Quba şəhərinin Vaqif küçəsində yerləşən “Oba market” adlı mağazada satıcı işləyir. Bir aya yaxındır ki, məzuniyyətdədir. xx xxxx 2021-ci il arixdə, saat 18 radələrində, “çərşənbə bayramı” ilə əlaqədar Xaçmaz şəhərində yaşayan anasına baş çəkməyə getmişdir. Anasının yanında iki saata yaxın dayanıb sonra məhləyə çıxmışdır və məhəllələrində olan yoldaşlarla 200 qrama yaxın araq içmişdir. Saat 23 radələrində Quba şəhərindəki evinə gəlmək üçün yoldaşlardan aralanmışdır və piyada Quba istiqamətinə hərəkət edən avtomobillər tərəfə gedəndə məhəllələrindəki zibilliyin yanında, yerdəki qara rəngli siqaret qutusu görüb təpik vurduğu zaman içində siqaret gilizi görmüşdür və əyilib siqaret qutusunu götürmüşdür. Siqaret qutusunun içində uc hissəsi bükülmüş vəziyyətdə olan siqaret gilizi görüb açıb içinə baxaraq iyləmişdir. İyindən və doldurulma vəziyyətindən bilmişdir ki, nəşə kimi tanıdığı narkotik vasitədir, çəkmək üçün tütünlə qarışdırılıb. Özü də əvvəllər bir neçə dəfə bu cür istifadə etmişdir. Həmin siqaret gilizini həmin siqaret qutusunun içinə qoyub sonra da əynindəki gödəkçənin sol cibinə qoymuşdur ki, Quba şəhərindəki evinə çatanda rahat çəksin. Xaçmaz şəhərindən Quba rayonuna gəlmək üçün maşın düşmədiyindən xeyli gözləmişdir. Sonra bir maşınla yarı yola kimi gəlmişdir, sonra da bir xeyli gözləmişdir və yenə təsadüfü yol maşını ilə Quba şəhər köhnə avtovazğalına kimi gəlib düşmüşdür. Yolu sol tərəfə keçib piyada evinə tərəf gedəndə PPXB əməkdaşları onu saxlamışlar. Çünki tibbi maskanı taxmamışdır. Üstündə tibbi maska olsa da, maşında çıxarıb cibinə qoymuşdur, həm də gecə taxmağa ehtiyac bilməmişdir. Polislər onu saxlayıb niyə tibbi maska taxmadığını, haradan gəlib hara getməyini, adını, soyadını soruşmuşlar. O, da olduğu kimi demişdir ki, Xaçmaz şəhərindən gəlib Quba şəhərindəki öz evinə gedir. Polislər onun içkili vəziyyətdə olduğunu hiss edib içkili olub-olmamasını soruşmuşlar. Sonra da narkotik vasitə çəkib-çəkməməsini, , üstündə narkotik vasitə olub-olmamasını soruşmuşlar. Yalan deyən zaman üstünə baxacaqlarını düşündüyündən aldatmaq istəməyib düzünü demişdir. Həmin yerə başqa polis əməkdaşları, videoçəkən və vəkil çağırmışlar. Vəkilin iştirakı ilə üstündə axtarış aparılan zaman üzərindən tapdığı həmin narkotik vasitə nəşə aşkar edilmişdir. Həmin narkotk vasitəni tərəzidə çəkmişlər, çəkisi 0,6 qram gəlmişdir, zərfə qoyub möhürləmişlər və ekspertizaya göndərəcəyini demişlər. Bundan sonra polislərlə polis şöbəsinə gəlmişdir. Baş vermiş hadisə ilə bağlı əməlindən peşman olduğunu bildirərək, barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Quba Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X4 göstərilən xüsusatları təsdiq edərək protokolun onun tərəfindən tərtib edildiyini bildirdi. Məhkəmə izahatları dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsində təqsirli olması sübuta yetirilir, ona görə də onun əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin həmin maddəsi ilə düzgün tövsif edilmişdir. Belə ki, iş materiallarında olan Quba rayon RPŞ-nin TQ-nun təhqiqatçısı X2 tərəfindən qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi barədə xx xxxx 2021ci il tarixli qərardan görünür ki, Şəxs xx xxxx 2021-ci il tarixdə Quba şəhərinin köhnə avtovağzal ərazisində üzərindən 0,341 qram narkotik vasitə aşkar edilmişdir. Ona görə də onun barəsində cinayət işinin başlanması rədd edilmiş, qərarın surəti Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə inzibati tədbir görülməsi üçün Quba Rayon Məhkəməsinə göndərilmiş, Şəxs üzərindən aşkar olunaraq götürülmüş 01 ədəd zərfdə tütün hissəcikləri ilə qarışıq şəkildə siqaret gilizində cüzi miqdarda narkotik vasitə marixuana maddi sübut kimi tanınaraq saxlanılması üçün Quba RPŞ-nin Təminat Hissəsinin maddi sübutların saxlanılması otağına təhvil verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxx 2021-ci il tarixli, 7/280 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Vət. Şəxs üzərindən...” yazıları və imzalar olan kağız paketdəki “ARG” yazısı olan 01 (bir) ədəd siqaretin içərisində ümumi çəkisi – 0,341 qarışıq kütlədə tütün hissəcikləri ilə yanaşı cüzi miqdarda çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik marixuananın hissəcikləri vardır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 3-cü maddəsinin tələbinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs əməlindən peşman olmasını inzibati məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. İnzibati xətaya görə inzibati məsuliyyəti ağırlaşdıran hal yoxdur. Məhkəmə Şəxs törətmiş olduğu inzibati xətanın xarakterini, onun təqsirinin dərəcəsini və şəxsiyyətini nəzərə alaraq ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Şəxs barəsində həbs etmənin xx xxxx 2021-ci il tarixdən, saat 13:00-dan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32, 33, 114, 115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 20 (iyirmi) gün müddətində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. Həbs etmənin əvvəli xx xxxx 2021-ci il tarixdən, saat 13:00-dan hesablansın. İş üzrə maddi sübut kimi tanınmış və Quba Rayon Polis Şöbəsində saxlanılan 1 ədəd 0,341 qarışıq kütlədə tütün hissəcikləri ilə qarışıq şəkildə siqaret gilizində cüzi miqdarda narkotik vasitə marixuana hissəcikləri qərar qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Qərarın icrası Quba Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar