Məhkəmə qərarları › İş №3(027)-2554/2023

Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-2554/2023

29.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-2554/2023 29.12.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi ilə, Şikayət verən X2 iştirakı ilə, X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsilə tərtib edilmiş Azərbaycan Respublikası DİN BDYPİ-nin xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə şikayətinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: X2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsilə tərtib edilmiş Azərbaycan Respublikası DİN BDYPİ-nin xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixində istifadəsində olan **-JO-*** dövlət qeydiyyat nişanlı “DAF” markalı nəqliyyat vasitəsi ilə hərəkət edərkən tanımadığı YPX-nin inspektorunun göstərişinə əsasən dayandırılmışdır. Nəticədə barəsində İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsilə İXP ******* nömrəli protokol tərtib edilmişdir. Sonradan xx.xx.2023cü il tarixində İXP ******* nömrəli protokol əsasında inzibati tənbehvermə haqqında qərar qəbul olunmuş və o İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməyə görə 600 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilməsi qərara alınmışdır. İşin faktiki hallarına əsasən guya ki, idarə etdiyi maşında iriqabaritli və ya ağır çəkili nəqliyyat vasitələrinin icazə verilən çəkisindən artıq yük daşımışdır. Halbuki, istifadəsində olan **- JO-*** dövlət qeydiyyat nişanlı DAF markalı nəqliyyat vasitəsi xx.xx.2023-cü il tarixində Sabirabad rayonu ərazisində hərəkətdə olarkən adını, soyadını bilmədiyi DYPŞ-nin əməkdaşı olan inspektorun göstərişinə əsasən dayandırılmışdır. Bundan sonra nəqliyyat vasitəsinə dair aparılan yük müəyyən olunmadan, nəqliyyat vasitəsinin ümumi çəkisi çəkilmiş və ümumi çəki əsasında barəsində İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsilə İXP ******* nömrəli protokol tərtib edilmişdir. Halbuki, nəqliyyat vasitəsinin ümümi çəkisi deyil, hər oxa düşən kütlə üçün nəzərdə tutulmuş parametrlər əsas götürülməklə çeki müəyyən edilməli idi. Lakin həmin protokolda qanunun bu tələbinə əməl olunmamış, hər oxa düşən kütlə üçün nəzərdə tutulmuş parametrlər göstərilməmiş və nəticədə nəqliyyat vasitəsinin ümumi çəkisi göstərilmişdir. Nəqliyyat vasitəsinin ümumi çəkisinə gəlincə isə, həmin çəki düzgün göstərilməmiş, sırf inzibatı pozuntu yaranması üçün artıq göstərilmişdir. Bununla bağlı DYPŞ-nin əməkdaşı tərəfindən hər hansı bir xüsusi cihazdan istifadə olunmamışdır. Əgər çəkinin müəyyən olunması üçün xüsusi cihazdan istifadə olunsaydı, o zaman həmin cihazın yararlı olub-olmaması ilə onun istehsal tarixi və digər xüsusi keyfiyyətləri inzibati xəta haqqında protokola qeyd edilməli idi. Lakin mübahisəli İXP ******* nömrəli protokolda bununla bağlı hər hansı bir qeyd edilməmişdir. Məhz, bu səbəbdən də inzibati xətanın baş verdiyi halda belə bu barədə protokol tərtib edilməsi qanunsuz və həmin protokol əsasında qəbul olunmuş qərar əsassızdır. Bundan başqa inzibati xəta haqqında iş üzrə qərar qəbul edilərkən lazımı qaydada məlumatlandırılmamışdır. O protokola imza etməmiş və narazı olduğu üçün protokolu qəbul etməmişdir. Protokol əsasında qəbul edilmiş və hazırda mübahisələndirdiyi İXP ******* nömrəli protokol əsasında inzibati tənbehvermə haqqında qərar bir neçə dəfə BDYPİ-nə şifahi müraciət etməyinə baxmayaraq ona təqdim olunmamışdır. xx.xx.2023-cü il tarixində DİN-nin 102 xidmətinə müraciət edəndən sonra xx.xx.2023-cü il tarixli, TP ******* saylı imzasız qərar ona verilmişdir. Yuxarıda göstərilənlərə əsasən xx.xx.2023-cü il tarixli İXP5823640 nömrəli protokol və həmin protokol əsasında qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* saylı imzasız qərar əsaslandırılmış formada tərtib edilməyib, sübutlarla təsdiq olunmur, mülahizə xarakterlidir. Bundan başqa, barəsində İXM-nin 353.2-ci maddəsi ilə tərtib olunmuş xx.xx.2023-cü il tarixli İXP ******* nömrəli protokolunda imza edən yol patrul xidmətinin əməkdaşının şahid qismində dindirilməsi zəruridir. Belə ki, yol polisi əməkdaşının izahatının alınması mübahisənin ədalətli həll olunması baxımından zəruridir. Göstərilənlərə əsasən barəsində İXM-nin 353.2-ci maddəsi ilə tərtib olunmuş xx.xx.2023-cü il tarixli İXP ******* nömrəli protokolunda imza edən yol patrul xidmətinin əməkdaşının şahid qismində dindirilməsini və barəsində inzibati xəta hesab edilməsinə səbəb olan halların müəyyən edilməsi, həmçinin, barəsində inzibati tənbeh tədbiri görülmüş şəxs kimi onun istinad etdiyi halların tətbiqi üçün ərazidə quraşdırılmış kamera görüntülərinin aidiyyəti orqandan tələb olunmasını xahiş etmişdir. Məhkəmə iclasında X3 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsilə tərtib edilmiş Azərbaycan Respublikası DİN BDYPİ-nin xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Suallara cavabında həftə ərzində bir nüçə dəfə dolu yüklə həmin yük maşınları ilə qeyd edilən postu keçdiyini və belə bir xətanın ilk dəfə olaraq törədildiyinə istinad edilməklə müvafiq qərar qəbul olunduğunu bildirmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə Azərbaycan Respublikası DİN BDYPİ-nə lazımı qaydada məlumat verilsə də, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə İnzibati Xətalar Məcəlləsinin 133.2.4-cü maddəsinə əsasən işə, qərarından şikayət verilən orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti və təqdim olunmuş inzibati xəta materialını tədqiq edərək hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X3 iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsinə görə Azərbaycan Respublikası DİN BDYPİ-nin İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsilə nazərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 600 manat cərimə edilmişdir. İş materiallarında olan BB 180563 seriyalı “X1 Şəhadətnaməsi”ndən görünür ki, **-JO-*** dövlət qeydiyyat nişanlı "DAF markalı nəqliyyat vasitəsi Bakı şəhəri, Qaradağ ryonu, ünvan 1 ünvanında qeydiyyatda olan hüquqi şəxs "xxxx" MMC-nin mülkiyyətindədir. Maksimal kütləsi 18000 kq, yüksüz kütləsi 8254 kq-dır. İş materiallarında olan AD 988814 seriyalı “X1 Şəhadətnaməsi”ndən görünür ki, həmin hüquqi şəxs "xxxx" MMC-nin mülkiyyətində olan **-ZF-*** dövlət qeydiyyat nişanlı “Mega yarımqoşqu” markalı Özüboşaldan tirin icazə verilmiş maksimal kütləsi 35500 kq, yüksüz kütləsi 6600 kq-dır. İş materiallarında olan Azərbaycan Respublikası DİN BDYPİ-nin Tərəzi məntəqəsində tərtib edilmiş **********004 nömrəli qəbzə əsasən, ümumi çəkilə bərabər yük maşınları üçün buraxıla bilən çek 3 oxlu yük avtonəqliyyat vasitəsi üçün 25 000 kq, pnevmatik avadanlıqla olan avtonəqliyyat vasitəsi üçün 26 000 kq, 4 oxlu yük avtonəqliyyat vasitəsi üçün 32 000 kq, dartıcı yarımqoşqu ilə olan yük avtonəqliyyat vasitəsi üçün 40 000 kq. müəyyən edildiyi halda, **-JO-*** dövlət qeydiyyat nişanlı DAF markalı nəqliyyat vasitəsinin ümümi çəkisi 43700 kq qeyd edilmişdir. İş materiallarında olan “Ölçmə vasitələrinin yoxlanılması haqqında Şəhadətnamə”dən göründüyü kimi, avtomobil tərəzisi yoxlama nəticəsi yararlı kimi müəyyən edilmişdir. X3 şikayətini nəqliyyat vasitəsinin ümumi çəkisinin düzgün göstərilməməsi, çəkinin müəyyən olunması üçün xüsusi cihazdan istifadə olunmaması, həmin cihazın yararlı olub-olmaması və barəsində tərtib edilmiş protokolun və həmin protokol əsasında qəbul olunmuş qərarın əsassız olması, həmçinin inzibati xəta haqqında iş üzrə qərar qəbul edilərkən lazımı qaydada məlumatlandırılmaması ilə əsaslandırmışdır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinin 22-ci bəndinə görə yarımqoşqu - avtomobillərə birləşdirilmək üçün nəzərdə tutulan, bir hissəsi avtomobilə söykənərək özünün və yükün kütləsinin xeyli hissəsini onun üstünə salan hər hansı qoşqudur; Həmin Qanunun 57-ci maddəsinin 1-ci bəndinə əsasən daşınan yükün kütləsi və yüklərin oxlar üzrə paylanması istehsalçı müəssisənin həmin nəqliyyat vasitəsinin növü üçün müəyyən etdiyi kəmiyyətlərdən artıq olmamalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İXM 353.2-ci maddəsinə əsasən iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsinə görə - fiziki şəхslər altı yüz mаnаt məbləğində cərimə edilir. Həmin Məcəllənin 122.1-ci maddəsinə əsasən Bu Məcəllənin 327.1 - 327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346, 346-1.1, 346-1.5, 353.2 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. Qeyd edilən Məcəllənin 122.2-ci maddəsinə əsasən inzibati tənbeh vermə haqqında elektron qərar müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin məlumatlarına əsasən nəqliyyat vasitəsinin istifadəçisi (nəqliyyat vasitəsini icarə və ya digər əşya hüquqlarına dair müqavilə və ya nəqliyyat vasitəsindən istifadə etmə və ya ona dair sərəncam vermə hüquqları ilə bağlı etibarnamə əsasında sonuncu dəfə təkrar dövlət qeydiyyatından keçirilərkən qeydiyyata götürülmüş şəxs, hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsinin sürücüsü, belə məlumat olmadıqda isə nəqliyyat vasitəsinin mülkiyyətçisi olan fiziki şəxs) barəsində çıxarılır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 127-1.1-ci maddəsinəsasən bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi ilə əlaqədar inzibati tənbeh vermə haqqında elektron qərar hərəkətdə olan nəqliyyat vasitəsinin çəki və kütlə parametrlərini ölçən və yol örtüyünün altında yerləşən xüsusi texniki vasitələrin (elektron tərəzilərin) məlumatları əsasında bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş qaydada çıxarılır. Bütün elektron tərəzilər müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya edilməlidir. Həmin Məcəllənin 127-1.4-cü maddəsinə əsasən saxlanılmış nəqliyyat vasitəsinin çəki və kütlə parametrləri nəzarət məntəqəsində quraşdırılmış xüsusi texniki vasitələrlə saxlanılmış nəqliyyat vasitəsini idarə edən şəxsin iştirakı ilə müvafiq icra hakimiyyəti orqanının və müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun əməkdaşları tərəfindən ölçülür və məlumatlar real vaxt rejimində müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə ötürülür. Göründüyü kimi, nəqliyyat vasitəsinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsi müvafiq sertifikatı olan elektron tərəzi ilə müəyyən edilmiş və elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılaraq mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənmiş, habelə real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilmişdir. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası DİN BDYPİ-nin İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsinə əsasən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli inzibati qərar hüquqi və faktiki əsaslar olmaqla, habelə qanunvericiliklə nəzərdə tutulmuş prosessual hüquqi tənzimləməyə riayət edilməklə qəbul edildiyindən, həmin qərarın ləğv edilməsi barədə X2 şikayəti təmin olunmamalıdır. Azərbaycan Respublikası İXM-nin 134.1-1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1, 131-134, 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: X2 Azərbaycan Respublikası DİN BDYPİ-nin İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsinə əsasən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli inzibati qərarın ləğv edilməsi barədə şikayəti təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə Quba Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aydın Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar