Məhkəmə qərarları › İş №3(027)-2568/2023

Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-2568/2023

22.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-2568/2023 22.12.2023 QUBA RAYON MƏHKƏMƏSİ Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, Xudaverdiyev Elşad Mütəllim oğlunun katibliyi, Qərardan şikayət verən şəxs X2 iştirakı ilə, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Şimal Ərazi Baş Gömrük İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, EP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan X3 tərəfindən verilmiş şikayətə baxaraq,məhkəmə MÜƏYYƏN ETDİ : X1 rayon Məhkəməsinə şikayət ərizəsi ilə müraciət edərək, Şimal Ərazi Baş Gömrük İdarəsinin inzibati tənbeh vermə haqqında 31 oktyabr 2022-ci il tarixli, EP № ******* nömrəli qərarını ləğv edilməsi və barəsində tərtib olunmuş xx.xx.2022-ci il tarixli, 01400- 3743/22 nömrəli protokol üzrə əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığına görə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Şimal Ərazi Baş Gömrük İdarəsinin inzibati tənbeh vermə haqqında 31 oktyabr 2022-ci il tarixli, EP № ******* nömrəli qərarı ilə o, X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, barəsində 10000 manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. Həmin qərarın çıxarılmasına əsas kimi barəsində tərtib edilmiş xx.xx.2022-ci il tarixli, 01400-3743/22 nömrəli protokol və inzibati xəta haqqında işin digər materialları göstərilmişdir. Qeyd edilən vəsaitlərin geri qaytarılmaması ondan asılı olmayan səbəblərdən baş verdiyindən və onun bu halda təqsiri olmadığından Şimal Ərazi Baş Gömrük İdarəsinin inzibati tənbeh vermə haqqında 31 oktyabr 2022-ci il tarixli, EP № ******* nömrəli qərarı qanunsuz və əsassız olduğundan ləğv olunmalı və barəsində tərtib olunmuş xx.xx.2022-ci il tarixli, 01400-3743/22 nömrəli protokol üzrə əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati, xətanın tərkibi olmadığına görə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 483.3-cü maddəsinin dispozisiyasında xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə inzibati məsuliyyət nəzərdə tutulur. Məhkəmə iclasında X3 şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Şimal Ərazi Baş Gömrük İdarəsi nümayəndəsi gəlməməsinin səbəbləri haqqında məlumat olmadığından məhkəmə işə onların iştirakı olmadan baxmışdır. Məhkəmə, şikayət verən şəxsi dinləyib, şikayəti iş materialları ilə birlikdə araşdıraraq, hesab edir ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Şimal Ərazi Baş Gömrük İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, EP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan X3 tərəfindən verilmiş şikayət təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Şimal Ərazi Baş Gömrük İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, EP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə qörə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 208-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 dekabr 2020-ci ıl tarixli qərarını rəhbər tutaraq İXM-nin 483-cü maddəsi ilə inzibati xətanın bilavasitə obyekti olan 20000,00 (iyirmi min) manat məbləğində valyutanın dəyərinin 50 (əlli) faizi, yəni 10000,00 (on min) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Məhkəmə hesab edir ki, X3 barəsində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Şimal Ərazi Baş Gömrük İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, EP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi üçün heç bir əsas yoxdur. Çünki, X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinin tələblərinə riayət etməyərək, xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmaması tələblərini pozmuşdur. Həmin bəyannəmələr üzrə köçürülməli olan vəsaitin üzrlü səbəbdən gecikməsini iddia etsə də, bununla bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. Ona görə də Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Şimal Ərazi Baş Gömrük İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, EP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan X3 tərəfindən verilmiş şikayət təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Şimal Ərazi Baş Gömrük İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, EP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan X3 tərəfindən verilmiş şikayət təmin edilməsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar