Məhkəmə qərarları › İş №3(027)-2575/2023

Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-2575/2023

29.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-2575/2023 29.12.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi ilə, Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsilə Azərbaycan Respublikasının Maliyyə Nazirliyindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə müəyyən etdi: Azərbaycan Respublikasının Maliyyə Nazirliyindən Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsilə xx.xx.2023-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol daxil olmuşdur. Protokola əsasən Şəxs MMC-də (VÖEN: **********) 2021-ci il üzrə maliyyə hesabatlarının 2022-ci ildə auditinin aparılmaması müəyyən edilmiş, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsində nəzərdə tutulmuş inzibati xətaya yol verilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Şəxs MMC-yə lazımı qaydada məlumat verilsə də, nümayəndələrinin iştirakını təmin etməmiş və səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə işə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 64.3-cü maddəsinə əsasən Şəxs MMC-nin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsnə əsasən “Auditor xidməti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan məcburi auditdən yayınmağa görə - vəzifəli şəxslər üç yüz manatdan altı yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 91.4-cü maddəsinə əsasən məhdud məsuliyyətli cəmiyyət (mikro və kiçik sahibkarlıq subyektləri istisna olmaqla) illik maliyyə hesabatlarının düzgünlüyünü yoxlatmaq üçün hər il müstəqil auditor cəlb etməlidir (kənar audit). Cəmiyyətin illik maliyyə hesabatlarının auditor yoxlanışı hər hansı iştirakçının tələbi ilə də aparıla bilər. Bu halda auditor yoxlanışı həmin yoxlamanı tələb edən iştirakçının hesabına aparılır. Cəmiyyətin fəaliyyətinin auditor yoxlanışlarının aparılması qaydası qanunvericilik və cəmiyyətin nizamnaməsi ilə müəyyənləşdirilir. Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs əməlində İXM-in 464-cü maddəsinin tərkib əlamətləri olsa da, Cəmiyyətin məsuliyyətə cəlb etmə müddəti keçdiyindən barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 27 may tarixli 97 nömrəli Qərarı ilə təsdiq edilmiş "Kommersiya təşkilatlarının illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının təqdim edilməsi və dərc edilməsi Qaydalarımın 3.1 -ci maddəsinə uyğun olaraq kommersiya təşkilatları illik maliyyə hesabatlarını və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını hesabat dövrü başa çatdıqdan sonra, müvafiq olaraq sonrakı ilin aprel ayının 30dan və iyun ayının 30-dan gec olmayaraq təqdim etməlidirlər. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, hüquqi şəxs Şəxs MC tərəfindən 2021-ci il üzrə maliyyə hesabatlarının auditi 2022-ci ildə aparılmayaraq müvafiq icra hakimiyyəti orqanına təqdim edilməmişdir. Bununla da Şəxs MMC “Auditor xidməti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan məcburi auditdən yayınmışdır. Bu hal inzibati xəta haqqında tərtib edilmiş protokol və iş materialları ilə sübuta yetirilmişdir. Bununla yanaşı müəyyən edilmişdir ki, Şəxs 2021-ci il üzrə maliyyə hesabatlarının auditinin 2022ci ildə qanunla nəzərdə tutulmuş hallarda həyata keçirilməməsi ilə əlaqədar Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən MMC barəsində İXM-in 464-cü maddəsi ilə xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edərək, 19 dekabr 2023-cü il tarixdə baxılması üçün məhkəməyə göndərilmişdir. Qeyd olunanlardan göründüyü kimi, Maliyyə Nazirliyi tərəfindən Şəxs barəsində inzibati xəta haqqında protokol inzibati xətanın törədildiyi vaxtdan bir ildən artıq müddət keçdikdən sonra tərtib edilərək baxılması üçün məhkəməyə verilmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, qeyrihökumət təşkilatları haqqında, həmçinin dərman vasitələri haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.6-cı maddəsinə əsasən həmin Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qeyd edilən Məcəllənin 105.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38, 53, 157 və 114-115-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsilə inzibati xəta haqqında iş üzrə icraata inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyinə görə xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə Quba Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Aydın Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar