Məhkəmə qərarları › İş №3(027)-2578/2023

Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-2578/2023

19.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-2578/2023 19.12.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, Xudaverdiyev Elşad Mütəllim oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi X2 iştirakı ilə, xx.xx.1983-cü il tarixdə Quba rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, Quba rayonu, Vladimirovka kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 333.2 və 329.3-cü maddələri ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BDYPİ-nin YPX Alayındən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq,məhkəmə müəyyənetdi: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BDYPİ-nin YPX Alayındən daxil olan inzibati xəta haqqında materiala əsasən, Şəxs xx.xx.2023-cü il tarixdə saat 01:25 radələrində “OPFİ Astra H” minik markalı, **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobili sərxoş vəziyyətdə idarə etmiş, işıq cihazlarından istifadə qaydalarını pozmuşdur. Bununla bağlı BDYPİ-nin YPX Alayınin əməkdaşı X1 tərəfindən Şəxs barəsində xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.2 və 329.3-cü maddələri ilə inzibati xəta haqqında İXP ******* nömrəli protokol tərtib olunaraq, baxılması üçün Quba Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək bilərək, xx.xx.2023-cü il tarixdə saat 01:25 radələrində “OPFİ Astra H” minik markalı, **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobili sərxoş vəziyyətdə idarə etmiş, işıq cihazlarından istifadə qaydalarını pozmuşdur. Əməlindən peşman olduğunu bildirərək, barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsi dinləyərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.2 və 329.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsində təqsirli olması sübuta yetirilir, ona görə də onun əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin həmin maddələri ilə düzgün tövsüf olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.2-ci maddəsinə əsasən, Bu Məcəllənin 333.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3-cü maddəsinə əsasən İşıq cihazlarından və səs siqnallarından istifadə qaydalarını pozmağa görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. İş materiallarından görünür ki, Şəxs alkoqolun qəbulu miqdarı 0.624 % təşkil edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinin tələbinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs əməlindən peşman olmasını onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Şəxs inzibati xətanı sərxoş halda törətməsini və inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətməsini onun məsuliyyətini ağırlaşdıran hal kimi nəzərə alır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33.1.2-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh almış şəxsin eyni xətanı inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətməsi inzibati tənbeh tətbiq edilərkən, məsuliyyəti ağırlaşdıran hal hesab edilir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, təqsirinin dərəcəsini, məsuliyyətini yüngülləşdirən hal kimi əməlindən peşman olmasını, inzibati xətanı sərxoş halda törətməsini nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinin tələbinə əsasən Şəxs İXM-nin 333.2 və 329.3-cü maddələri ilə təqsirli bilinib, barəsində 333.2-ci maddədə nəzərdə tutulmuş nəqliyyat vasitəsini idarə etmək hüququ 2 (iki) il müddətinə məhdudlaşdırılmaqla barəsində 04 (dörd) gün müddətində inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32, 33, 114, 115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.2 və 329.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 333.3cü maddədə nəzərdə tutulmuş nəqliyyat vasitəsini idarə etmək hüququ 2 (iki) il müddətinə məhdudlaşdırılmaqla barəsində 04 (dörd) gün müddətində inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Cəza çəkməsinin əvvəli Quba rayon Məhkəməsinin, xx.xx.2023-cü il tarixli, 3(027)- 2557/2023 saylı qərarı ilə ona təyin edilmiş 08 gün müddətinə inzibati həbsin qurtardığı gündən, yəni xx.xx.2023-cü il tarix, saat 16:20-dən hesablansın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar