Məhkəmə qərarları › İş №3(027)-2581/2023

Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-2581/2023

20.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-2581/2023 20.12.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, Protokolu tərtib edən Quba rayon Polis Şöbəsinin İTB-nin Polis sahə inspektoru X2, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs, Onun müdafiəçisi X1 iştirakı ilə, xx.xx.2000-ci ildə Quba rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Fin: xxxxxxx orta təhsilli, evli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan, Quba şəhəri, 32-33-cü məhəllədə yaşayan Şəxs barəsində Quba rayon Polis şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsilə daxil olmuş inzibati xəta haqqında protokollara və əlavə edilmiş sənədlərə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: xx.xx.2023-cü il tarixli, MN ******* saylı protokola əsasən Şəxs xx.xx.2023-cü il tarixdə Quba şəhəri, Gənclər küçəsində yerləşən Zərərçəkmiş şəxs məxsus **-BN-*** dövlət qeydiyyat nişanlı avtomobilin salonunda 25 manat pul və sənədlər olan pul qabını götürməklə xırda talama inzibati xətasına yol vermişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib edən X4 izahatında bildirmişdir ki, Şəxs xx.xx.2023-cü il tarixdə Quba şəhəri, Gənclər küçəsində yerləşən Zərərçəkmiş şəxs məxsus avtomobildən içərisində 25 manat pul və sənədlər olan pul qabını götürməklə, Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Protokol təhqiqatçının qərarı əsasnda tərtib edilmişdir. Əlavə edərək Şəxs hökmlə azadlığın məhdudlaşması cəzasına məhkum olunmaqla hazırda cəza çəkdiyini bildirmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında bildirmişdir ki, dekabr ayında günü yadında olmayan gecə saatlarında Vaqif küçəsi ilə hərəkət edərkən, qarşısına, yəni yolun kənarında duran “Paz” markalı avtomobil diqqətini çəkmiş və o, həmin avtomobilə yaxınlaşıb sürücü tərəfdən şüşəni açmış, sonra içində olan qoltuqaltını açıb içərisində olan pul qabını götürüb həmin yerdən uzaqlaşmışdır. Kənarda pul qabını açıb içərisinə baxdıqda, içərisində sənədlərin və 25 manat pul olmasını görmüşdür. Pul qabında olan 25 manat pulu götürüb, pul qabını isə sənədlərlə birlikdə kənara atmışdır. Pul qabını qaranlıq olduğu üçün atdığı yeri xatrlamır. Əlavə edərək əməldən səmimi peşman olduğunu bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş X7 izahatında bildirmişdir ki, 02 dekabr 2023-cü il tarixdə yaşadığı Quba şəhərində Gənclər küçəsində yerləşən evinin qarşısında saxladığı və ona məxsus **- BN-*** dövlət qeydiyyat nişanlı avtomobilin qoltuğuna qoyduğu pul qabını, həmin maşının AC 562127 nömrəli avtobusa aid qeydiyyat şəhadətnaməsinin, etibarnamə əsasında idarə etdiyi avtobusa dair AD-220310 qeydiyyat nişanlı şəhadətnaməni və “Zil” markalı yük avtomobilinə dair AA136333 nömrəli, yük avtomobilinə dair AA136333 qeydiyyat şəhadətnaməsinin, özünə məxsus AE608273 nömrəli sürücülük vəsiqəsinin və 25 manat pulunu, pul qabının qoltuğundan oğurlandığını aşkar etmişdir. Əlavə qeyd etmişdir ki, 02 dekabr 2023-cü il tarixdən bu günə kimi pulun qoltuqaltıda olub olmamasını və nə vaxt oğurlandığını bilmir. Hazırda dəymiş zərər ödənilməmişdir. İş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi barədə 19 dekabr 2023-cü il tarixli qərardan göründüyü kimi, toplanmış material üzrə Şəxs əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanılmasının rədd edilməsi, Şəxs barəsində İXM-nin 227-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surətinin Quba RPŞ-nin İTB-nə göndərilməsi qərara alınmışdır. Məhkəmə protokolu tərtib etmiş şəxsi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və zərərçəkmiş şəxsin izahatlarını dinləyib, inzibati xəta haqqında iş materiallarını araşdıraraq və sübutları tədqiq edərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetirilir. Şəxs oğurlama yolu ilə özgə əmlakını talamaqla Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir və onun əməli düzgün olaraq həmin maddə ilə tövsif olunmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə -yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Qeyd: Bu Məcəllənin 227-ci maddəsi həmin maddədə göstərilən əməllər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 38.3-cü maddəsinə əsasən cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati tənbeh tətbiq edərkən məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32.2-ci maddəsinə əsasən səmimi peşmançılığı məsuliyyətini yüngülləşdirən hal kimi müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən məsuliyyəti ağırlaşdıran hal müəyyən olunmamışdır. Şərh edilənləri nəzərə alaraq, məhkəmə inzibati xəta törətmiş Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən halları və təqsirinin dərəcəsini, zərərin ödənilməməsini nəzərə alaraq barəsində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməsini tənbehin məqsədlərinə nail olunması baxımından məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası İXM-nin 156.1-ci maddəsinə əsasən hakim tərəfindən inzibati həbs haqqında qərar çıxarıldıqdan sonra həmin qərar dərhal icra edilir. Məhkəmə həmçinin hesab edir ki, inzibati həbsdə saxlama müddətinin əvvəli inzibati xəta törətmiş şəxsin tutulduğu vaxtdan, yəni 19 dekabr 2023-cü il tarixdə saat 19:35-dən hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227, 114-115-ci və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək barəsində 25 (iyirmi beş) gün müddətinə inzibati həbs tətbiq edilsin. Qərar dərhal icra edilsin. Həbs etmənin əvvəli 19 dekabr 2023-cü il tarixdə saat 19:35-dən hesablansın. Şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən müəyyən edilən yerdə mühafizə altında saxlanılsın. Quba rayon Vəkil Bürosunun vəkili X3 tərəfindən Şəxs hüquqlarını məhkəmədə müdafiə edilməsinə görə 6 (altı) manat məbləğində pul dövlət büdcəsindən tutulub Quba rayon Vəkil bürosunun hesabına keçirilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə Quba Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Aydın Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar