Məhkəmə qərarları › İş №3(027)-259/2024

Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-259/2024

14.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-259/2024 14.03.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, Protokol tərib etmiş Quba RPŞ İTB-nin sahə rəisi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs iştirakı ilə, xx.xx.1985-ci ildə Quba rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, FİN: xxxxxxx, orta təhsilli, ailəli, sürücü işləyən, ünvan 1 ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsilə Quba rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və əlavə edilmiş sənədlərə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: xx.xx.2024-cü il tarixli, MN ******* saylı protokola əsasən Şəxs xx.xx.2024-cü il tarixdə, saat 19:10 radələrində narkotest zamanı çətənə bitkisi olan narkotik maddə istifadəsi aşkar edilmişdir. Məhkəmə iclasında protokol tərib etmiş Quba RPŞ İTB-nin sahə rəisi X2 izahatında bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə, saat təxminən saat 17:21 radələrində polis əməkdaşı Quba Qonaqkənd yolunda xidmətdə olduğu zaman “Mercedes 208” markalı, **-TN-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü sərnişin daşıma qaydalarını pozduğuna görə saxlanılmış, sürücü Şəxs ilə ünsiyyət zamanı narkotik maddə təsiri altında nəqliyyat vasitəsini idarə etməsi şübhə doğurmuşdur. Sürücü Şəxs Quba RPŞ-nin növbətçi hissəsinə dəvət olunmuş və barəsində inzibati protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü qismən təqsirli bilərək izahatında bildirmişdir ki, təxminən 20 gün əvvəl bir toyda olarkən narkotik vasitə marixuana çətənə bitkisi istifadə etmişdir. Ondan əvvəl heç vaxt istifadə etməmişdir. Əməlindən peşman olduğunu və yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. İş materialında olan xx.xx.2024-cü il tarixli, 14 nömrəli “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktı”ndan göründüyü kimi, Şəxs narkotik test müayinəsi nəticəsində narkotik vasitə olan THC qəbul etdiyi aşkar olunmuşdur. Narkotik maddə qəbulu nəticəsində yüngül dərəcə sərxoşluq müəyyən edilmiş və məcburi müalicəyə ehtiyacı olmadığı qeyd edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Məhkəmə protokol tərtib edən şəxsi və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, Şəxs qanunsuz olaraq narkotik vasitə istehlak etməklə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Törətdiyi əməl düzgün olaraq qeyd edilən maddə ilə tövsif olunmuşdur və ona həmin maddədə nəzərdə tutulmuş inzibati tənbeh tətbiq edilməlidir. Şəxs oğlunun əməlinin inzibati xəta olmasını aradan qaldıran hallar və inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Qeyd edilən Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 32.1.1-ci maddəsinə əsasən səmimi peşmançılığı və 32.2-ci maddəsinə əsasən ilk dəfə inzibati məsuliyyətə cəlb olunması məsuliyyəti yüngülləşdirən hal kimi müəyyən olunmuşdur. Qeyd edilən Məcəllənin 33-cü maddəsinə əsasən məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmamışdır. Məhkəmə inzibati xəta törətmiş Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən, inzibati xətanın xarakterini, onun şəxsiyyətini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini, məsuliyyətini yüngülləşdirən halların mövcudluğunu, məsuliyyəti ağırlaşdıran halın olmamasını nəzərə alaraq barəsində inzibati cərimə növündə inzibati tənbeh tədbiq edilməsini tənbehin məqsədlərinə nail olunması baxımından daha məqsədəmüvafiq hesab edir. İş materiallarında olan inzibati qaydada tutma haqqında protokoldan göründüyü kimi, Şəxs 13 mart 2024-cü il, saat 20:30-dan inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206, 114-115 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və və həmin Məcəllənin 31.4-1-ci maddəsinin tələbi nəzərə alınmaqla 300 (üç yüz) manat məbləğində cərimə edilsin. X4 məhkəmə iclas zalında azad edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə Quba Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Aydın Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar