Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-264/2024 29.03.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, İnzibati xəta haqqında qərardan şikayət verən şəxs X1 iştirakı ilə, X1 Quba RPŞ-nin DYPB-nin xx.xx.2024-cü il tarixli, inzibati tənbeh vermə haqqında TP ******* nömrəli qərardan verdiyi şikayətə Quba Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdim: X2 məhkəməyə şikayət ərizəsi ilə müraciət edərək, Quba RPŞ-nin DYPB-nin TP ******* saylı, barəsində Azərbaycan Respublikası İXM-nin 329.1, 329.3 və 333.1-ci maddələrində əsasən 400 manat məbləğində cərimə olunmağı barədə qərarın ləğv edilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Şikayəti onunla əsaslandırmışdır ki, "xxxx" MMC-də sürücü işləyir. 27 fevral 2024-cü il tarixində səhər saatlarında Quba şəhərindən üzü Xaçmaz istiqamətində şirkətə məxsus İSUZU NPR66L yük markalı, 99JN324 dövlət qeydiyyat nişanlı avtomaşınla hərəkət edərkən DYP əməkdaşları onu saxlayaraq ödənilməyən cəriməmin olduğunu bildirdi. O, da polis əməkdaşlarına cəriməni dəyəcəyimi bildirdi. Həmin vaxt DYP əməkdaşları onu aparata üflətərək içkili olduğunu bildirdilər. O, buna etiraz etdikdə şirkətə məxsus avtomobili cərimə meydançasına apardılar. O, dərhal Quba rayon Mərkəzi xəstəxanasına gedərək müayinədən keçdi və sərxoş olmadığı müəyyən edildi. Bununla bağlı ona 17 nömrəli, 27 fevral 2024-cü il tarixli protokol təqdim edildi. O, həmin protokolnan Quba RPŞ-nin DYPB-nə getdi. Protokolu DYP-nin müavini Nail müəllimə təqdim etdikdə avtomobili çıxarmağına icazə verdi. Səhəri günü yəni, 28 fevral 2024-cü il tarixdə Nail müəllim ona zəng edərək avtomobili yenidən DYP-nin cərimə meydançasına aparmağını bildirdi. Səbəbini soruşduqda avtomobilin kameraya düşməli olduğunu, avtomobili cərimə meydançasına salıb yenidən götürüb aparacağını bildirdi. Lakin o buna etiraz edərək avtomobilin ona məxsus olmadığını, şirkətin avtomobili olduğunu bildirərək, həmçinin xx.xx.2024-cü il tarixdə içkili olmadığını bildirərək avtomobili cərimə meydançasına aparmaqdan imtina etdi. Həmin vaxt Nail müəllim əsəbləşdi. Bir neçə gün sonra ona güya avtomobili sərxoş idarə etdiyinə görə 400 manat cərimə olunmağı ilə bağlı mesaj gəldi. Daha sonra dəfələrlə DYP-yə müraciət etdikdən sonra qərarı ala bildi. Qərarı aldıqdan sonra ona məlum oldu ki, protokolda qeyd olunmuşdur ki, güya onu təhlükəsizlik kəməri taxmadığına və işıq cihazlarından düzgün istifadə etməmişdir. Hesab edir ki, onun barəsində yazılmış protokol və qərar əsassız və qanunsuzdur, bu qərar ilə razılaşmır. Məhkəmə iclasında inzibati xəta haqqında qərardan şikayət verən şəxs X2 şikayəti müdafiə edərək, şikayət ərizəsində yazılanlara uyğun izahat vermiş şikayətinin təmin olunmasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Quba Rayon Polis Şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və işə təxirə salmaq barədə onlardan hər hansı vəsatət daxil olmamışdır. Ona görə də məhkəmə Azərbaycan Respublikası İXM-nin 133.2.4-cü maddəsinə əsasən hazırki şikayətə Quba Rayon Polis Şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə, qərardan şikayət verən X1 izahatını dinləyib, iş üzrə toplanmış sübütlara hüquqi qiymət verərək hesab edir ki, X1 əməlində Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsində göstərilən inzibati xətanın tərkibi olmadığı üçün, Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsi ilə başlanan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsi nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə inzibati məsuliyyət nəzərdə tutur. Nəqliyyat vasitəsini idarə edənin sərxoşluq vəziyyəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 27 iyun tarixli, 29 nömrəli qərarı ilə təsdiq edilmiş «Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları» ilə müəyyən edilir. Belə ki, həmin Qaydaların 2.4-cü bəndinə əsasən xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promili və daha artıq olmasını və yaxud narkotik vasitələrin, psixotrop maddələrin və digər güclü təsir göstərən maddələrin qəbulunu göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, 17 saylı sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinə protokolundan görünür ki, həmin vaxt X2 ayıq olmuş, alkoqol qəbulu əlamətləri yoxdur. İnzibati xəta haqqında iş üzrə icraat başlamış vəzifəli şəxs tərəfindən Hilal Həmidov göstərilən vaxt nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və güclü təsir göstərən digər maddələrdən istifadə etməsi nəticəsində sərxoş vəziyyətdə idarə etməsi, yəni xüsusi texniki vasitənin qanda alkoqolun konsentrasiyasının 0,3 promili və daha artıq olmasını və yaxud narkotik vasitələrin, psixotrop maddələrin və digər güclü təsir göstərən maddələrin qəbulunu göstərdiyi halın mövcudluğunu təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Halbuki belə sübutları təqdim etmək və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin ona istinad olunan inzibati xətaların törədilməsində təqsirini sübuta yetirmək vəzifəsi bu icraatı başlamış vəzifəli şəxsin üzərinə düşür. Belə ki, Azərbaycan Respublikası İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Azərbaycan Respublikası İXM-nin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İXM-nin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb oulnan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Qeyd edilənlərə əsasən məhkəmə işdə olan əsaslı şübhələri barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X1 xeyrinə həll edərək, X1 əməlində Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsinin tərkibinin olmaması nəticəsinə gəlir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinin tələbindən görünür ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməl (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Başqa sözlə, şəxsin əməlində inzibati xətanın tərkibini təşkil edən 4 element-obyekt, obyektiv tərəf, subyektiv tərəf və subyekt olduqda, o, inzibati məsuliyyətə cəlb edilə və inzibati tənbeh tədbirinə məruz qala bilər. İnzibati xəta tərkibinin bu elementlərindən biri olmadıqda, şəxsin əməlində inzibati xətanın tərkibinin möcudluğu istisna edilir. Azərbaycan Respublikası İXM-nin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İşdəki sübutlardan birmənalı qaydada müəyyən olunur ki, X1 əməlində Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi sübuta yetirilmir. Əməldə inzibati xətanın tərkibi sübuta yetirilmədiyinə görə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi üçün qanunda göstərilmiş əsaslardan biridir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Azəbaycan Respublikası İXM-nin 114.2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası İXM-nin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan biri mövcud olduqda, hakim inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarır. Törətdiyi inzibati xətanın xarakterini, şəxsiyyətini xarakterizə edən halları, təqsirinin dərəcəsini, əmlak vəziyyətini, məsuliyyətini yüngülləşdirən halları və məsuliyyətini ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edirəm ki, X2 barəsində Azərbaycan Respublikası İXM-nin 333.1-cü maddəsi ilə başlanan inzibati xəta haqqında iş üzrə icraata onun təqsirliyi sübuta yetirilmədiyi üçün xitam verilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İXM-nin 112, 113, 114-115, 117, 125-126, 128-130-cu maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: Şikayət təmin edilsin. X2 barəsində Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsi ilə başlanan inzibati xəta haqqında iş üzrə icraata onun təqsirliyi sübuta yetirilmədiyi üçün xitam verilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində qərarı qəbul etmiş hakim vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Vüqar Seyidov
Məhkəmə qərarları › İş №3(027)-264/2024
Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-264/2024
29.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver