Məhkəmə qərarları › İş №3(027)-268/2022

Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-268/2022

17.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-268/2022 17.03.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, Protokolları tərtib edən X3 və X1, Zərərçəkmiş şəxs və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və onun müdafiəçisi Quba rayon Vəkil Bürosunun vəkili Vəkil iştirakı ilə xx.xx.1982-ci ildə Quba rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, Quba rayonu, Zərdabi kəndində qeydiyyatda olan və Quba şəhəri, 25-ci məhəllə ünvanında ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157, 510 və 535.1-ci maddələri ilə icraatı başlanmış inzibati xəta haqqında işə baxaraq məhkəmə, müəyyən etdi : Şəxs 16.01.2022-ci il tarixdə, saat 19:00 radələrində Quba şəhəri, 25-ci məhəllədə, küçədə Zərərçəkmiş şəxs sifət nahiyyəsinə sillə ilə vuraraq döymüşdür. Bundan başqa 17.03.2022-ci il tarixdə saat 14 radələrində Quba rayon Məhkəməsinin qarşısında ucadan ünvansız nalayiq ifadələr işlətmişdir. Eyni zamanda 17.03.2022-ci il tarixdə saat 14 radələrində Quba Rayon Məhkəməsinin qarşısında polisin qanuni tələblərini qəsdən yerinə yetirməmişdir. Ona görə də Quba RPŞ-nin, İTB-nin polis sahə rəisi, X3 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə 10.03.2022-ci il tarixli, 1327347-496№li və Quba RPŞ-nin, İTB-nin polis sahə rəisi, X2 tərəfindən 17.03.2022-ci il tarixli MN 1327436-540 №li və MN 1327437-539 №li inzibati xəta haqqında protokollar tərtib olunmuşdur. Məhkəmədə protokol tərtib etmiş şəxs X3 bildirdi ki, Şəxs 16.01.2022-ci il tarixdə, saat 19:00 radələrində Quba şəhəri, 25-ci məhəllədə, küçədə Zərərçəkmiş şəxs sifət nahiyyəsinə sillə ilə vuraraq döydüyünə görə tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşur. Məhkəmədə protokol tərtib etmiş şəxs X2 bildirdi ki, Şəxs 17.03.2022-ci il tarixdə saat 14 radələrində Quba rayon Məhkəməsinin qarşısında ucadan ünvansız nalayiq ifadələr işlətməklə ictimai qaydanı pozmuş, və eyni zamanda polisin qanun tələblərini qəsdən tabeçilik göstərməmişdir. Ona görə də tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokollar tərtib olunmuşur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-nin 157, 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində özünü təqsirli bilməyərək, izahatında göstərmişdir ki, 16 yanvar 2022-ci il tarixdə yaşadığı küçədə saat 17 radələrində evdən işə getdiyi vaxt evin zibilini küçədə yerləşən zibil qabına atdığı vaxt eyni küçədə yaşadığı Zərərçəkmiş şəxs ona iradını bildirərək həmin zibil qutusuna zibil atmamağını bildirdi. Həmin vaxtı Əfqanla aralarında söz mübahisəsi yaranmış, həmin vaxt o, Əfqanı döyməmişdir. 17.03.2022-ci il tarixdə saat 14 radələrində Quba rayon Məhkəməsinin qarşısında ictimai qaydanı pozmamış, polisə müqavimət göstərməmiş, hər hansı inzibati xəta törətməmişdir. Göstərilənləri nəzərə alaraq barəsində ədalətli qərar verilməsini xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, 16 yanvar 2022-ci il tarixdə yaşadığı küçədə saat 17 radələrində Şəxs yaşadığı evdən küçəyə çıxdığı zaman zibili küçəyə atdı. Bu vaxt o da ona iradını bildirərək şəhidin adına olan küçəni zibilləməməsini xahiş etdi. Rəşid onunla kobud rəftar edərək “həmin zibili sən özün götürəcəksən” dedi və oradan uzaqlaşdı. Qeyd olunan tarixdə saat 19 radələrində küçə ilə evə getdiyi vaxt Şəxs ona yaxınlaşaraq mübahisə etməyə başladı, onun üzərinə hücum çəkərək sifət nahiyəsinə sillə ilə vurmuşdur. Hazırda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs barəsində qanuni tədbir görülməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Quba RPŞ-nin polis baş leytenantı X6 izahatında göstərmişdir ki,17.03.2022-ci il tarixdə saat təxminən 14 radələrində Quba RPŞ-nin inzibati binasında olduğu zaman polis sahə rəisi X8 Məmmədovun qolunda xəsarət olduğunu və təcili tibbi yardım üçün gələn həkimlərin Şəxs özünə yetirdiyi xəsarətə tibbi yardım göstərməsinə icazə vermədiyini görmüşdür. Həmin vaxt Şəxs sahə rəisi Tural Abumüslümovu nalayiq ifadələrlə təhqir edərək dövlət orqanları və məhkəmələr barəsində aşağlayıcı ifadələr işlətmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində Şəxs tanıdığını, 2022ci ilin yanvar ayında Rəşidin saray müdiri Yaşarın qardaşı Zərərçəkmiş şəxslə küçəyə zibil atmaq üstündə mübahisəsi olduğunu, onların arasında söz mübahisəsi olduğunu, Rəşidin Əfqanı vurmadığını göstərimşdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində göstərimişdir ki, Şəxsla uzaq qohumluğu vardır. 16.01.2022-ci il tarixdə Rəşidin saray müdiri Yaşarın qardaşı Zərərçəkmiş şəxslə küçəyə zibil atmaq üstündə mübahisəsi olmuş, həmin vaxt Rəşid maşından düşməmiş, aralarında söz mübahisəsi olmuş, Rəşid Əfqanı vurmamışdır. İş materiallarında olan Cinayət işinin başlanmasının rədd edilməsi barədə 26 yanvar 2022-ci il tarixli qərardan görünür ki, Şəxs barəsində cinayət işinin başlanması rədd edilmiş, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati tənbeh tədbiri görülməsi üçün qərarın surəti aidiyyəti üzrə Quba RPŞ-nin İTB-nə göndərilmişdir. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının 17.01.2022-ci il tarixli, 39 №-li rəyindən görünür ki, 1977-ci il təvəllüdlü Zərərçəkmiş şəxs bədəni üzərində aşkar olunan xəsarətlər – başın ənsə nahiyyəsində solda, sol bazunun orta 1/3-nin bayır səthində və sağ baldırın orta 1/3-nin ön iç səthində hərəsində bir yerdə qançır küt əşyanın (əşyaların) təsirindən törənməklə yetirilmə müddəti qərarda göstərilən vaxta, yəni 16 yanvar 2022-ci il tarixə uyğun gəlir, bu xəsarətlər qərarda göstərilən şəraitdə əmələ gələ bilər və sağlamlığa zərər vurmadıqlarından dərəcəsi təyin olunmayan xəsarətlər növünə aiddir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və zərərçəkmiş şəxsin izahatlarını və şahid ifadələrini dinləyib, iş materiallarını araşdırıb, işdəki sübutlara hüquqi qiymət verərək, məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 157, 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinməlidir və onun əməli Azərbaycan Respublikası İXM-nin 157, 510 və 535.1-ci maddələrilə düzgün tövsif edilmişdir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində döymə və ya sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Bununla bağlı məhkəmə qeyd edir ki, həmin inzibati xətanın obyekti insanın fiziki toxunulmazlığını və onun sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərdir. İnzibati xətanın obyektiv cəhəti döymə və ya sair zorakı hərəkətlərlə fiziki ağrı yetirmədən ibarətdir. Döymə sağlamlığa vurulan zərərin ayrıca, xüsusi bir növünü təşkil etmir. Döymə, dəfələrlə, çoxlu zərbələrin yetirilməsi ilə xarakterizə olunur. Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin dispozisiyasında nəzərdə tutulan sair zorakı hərəkətlər dedikdə, zərərçəkmiş şəxsə tək-tək zərbələrin vurulması, onun çimdiklənməsi, qolunun burulması, badalaq verilərək yıxılması, müxtəlif əşyalardan, habelə bitki (məsələn gicitikanlardan, tikanlı bitkilərdən və s.) və heyvanlardan (itdən, arıdan və s.) istifadə etməklə ona qarşı digər ağrıverici hərəkətlər edilməsi başa düşülür. Döymə və ya sair zorakı hərəkətlər yalnız fiziki ağrı verdikdə, göstərilən maddə üzrə məsuliyyət yaranır. Bu inzibati xətanın subyektiv cəhəti həm birbaşa, həm də dolayı qəsddən ibarətdir. Döymə və sair zorakı hərəkətlər törətmənin məqsədi fiziki ağrı yetirməkdən ibarətdir. Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində xırda xuliqanlığa, yəni ictimai qaydanı pozan, fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə, Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində isə polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinin obyektini ictimai qayda, ictimai təhlükəsizlik və ictimai mənəviyyat sahəsində yaranan ictimai münasibətlər təşkil edir. Bu xətanın bilavasitə obyektini isə vətəndaşların ictimai yerdə olması ilə əlaqədar yaranan ictimai münasibətlər təşkil edir. Obyektiv cəhətdən xırda xuliqanlıq ictimai qaydanı pozan hərəkətlərlə törədilir. Bu inzibati xətanın subyektiv cəhəti qəsdlə, adətən düzünə qəsdlə səciyyələnir. Təqsirkar şəxs ictimai qaydanı pozduğu və cəmiyyətə hörmətsizlik göstərdiyini başa düşür və bunu arzu edir. Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin tərkibini təşkil edən obyekt isə müəyyən olunmuş idarəçilik qaydaları və dövlət orqanlarının (vəzifəli şəxslərinin) normal fəaliyyəti ilə bağlı yaranan ictimai münasibətlərdir. Bu inzibati xətanın bilavasitə obyekti ictimai qaydanın mühafizəsi üzrə xidməti fəaliyyətlərini icra edən polis işçisinin və ya hərbi qulluqçunun normal fəaliyyətidir. Subyektiv cəhətdən bu xəta qəsdən törədilir. Məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən törətdiyi inzibati xətanın xarakterini, şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Azərbaycan Respublikası İXM-nin 33.1.1-ci maddəsinə əsasən səlahiyyətli şəxslərin hüquqazidd hərəkəti dayandırmağı tələb etdiklərinə baxmayaraq, bu hərəkətin davam etdirilməsi inzibati xətanı ağırlaşdıran haldır. Şəxs özünə xəsarət yetirməsi ilə müşaiyət olunan hərəkətlərini polis əməkdaşı tərəfindən dandırmasını tələb edilməsinə baxmayaraq bu hətəkətləri davam etdirməsi onun məsuliyyətini ağırlaşdıran hal kimi müəyyən edir. Şəxs məsuliyyətini yüngülləşdirən hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 157, 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinməsinə baxmayaraq, o, Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinin tələbinə görə şəxsin eyni vaxtda öz hərəkəti (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya görə işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta Azərbaycan Respublikası İXM-nin 510-cu və 535-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalardan daha ciddidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs nəzərdə tutulduğu halda, Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində əlli manatdan yüz manatadək miqdarda cərimə və ya on beş günədək müddətə inzibati həbs, 535.1-ci maddəsində iki yüz manat məbləğində cərimə və bir ayadək müddətə inzibati həbs nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə Şəxs törətdiyi inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 157, 510 və 535.1-ci maddələrilə təqsirli bilinib, onun barəsində Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsi tətbiq edilməklə Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112-115, 117, 125-126, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a ra a l d ı : Şəxs Azərbaycan Respublikası İXM-nin 157, 510 və 535.1-ci maddələrilə təqsirli bilinib, barəsində Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsi tətbiq edilməklə Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş 2 (iki) ay müddətinə inzibati qaydada həbs edilsin. Həbsin əvvəli 17 mart 2022-ci il tarixdən, saat 15:00-dan hesablansın. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində qərarı qəbul etmiş hakim vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar