Məhkəmə qərarları › İş №3(027)-270/2025

Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-270/2025

11.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-270/2025 11.04.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, Xudaverdiyev Elşad Mütəllim oğlunun katibliyi, Şikayət verən X3 iştirakı ilə, X3 Azərbaycan Respublikasının DİN BDYPİ-nin xx.xx.2025-ci il tarixli EQ 26005571 nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə şikayətinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: X5 məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının DİN BDYPİ-nin xx.xx.2025-ci il tarixli EQ 26005571 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. X5 məhkəməyə vəsatət təqdim edərək, inzibati xəta üzrə şikayətinə yaşayış yeri üzrə Quba Rayon Məhkəməsində baxılmassını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, 10 fevral 2025-ci il il tarixdə təxminən səhər saat 07-19 radələrində sahibkar X1 məxsus, etibarnamə əsasında idarə etdiyi və icarəyə götürdüyü MAN TGX 18.480 YÜK markalı 77QF902 dövlət qeydiyyat nişanlı avtomaşına Azərbaycan Avtomoğil Yolları Dövlət Agentliyinin 5 saylı X7 MMC-yə məxsus çınqıldan ibarət olan yükü Quba rayonunun Qaraçay ərazisindən yükləyib Bakı şəhərinə aparırmışdır. Yükü ünvanına aparmamışdan əvvəl Qaraçayda 5 sayh Yol İstismarı MMC-nin tərəzisində ölçülmüş ki, norma pozuntusuna yol verilməsin. Ümumi çəki avtomaşınla birlikdə 39750 kiloqram gəlmiş, yəni yol verilən 40 ton çəkini aşmamış və buna görə Quba 5 sayh Yol İstismarı MMC tərəfindən yükün aparılmasına icazə verilmişdir. Yüklə yolda olduğu zaman Siyəzən rayonunun ərazisində xx.xx.2025-ci il tarixdə saat 09-15-də mobil telefonuna SMS gəlmiş ki, normadan artıq yükdaşımaya yol verdiyinə görə barəsində AR İXM-nin 353.2-ci maddəsilə elektron tərəzinin qeydə aldığı mədumat əsasında protokol tərtib olunmuşdur. Buna görə xx.xx.2025-ci il tarixdə Quba rayon PŞ-nin DYPB-nə gəlib barəsində tərtib olunmuş inzibati xəta üzrə qəpapın surəti və videokameranın çəkdiyi fotoşəkilləri götürmüşdür və görmüşdür ki, yolun Şabran rayonunun Mollakamallı kəndindən keçən hissəsində quraşdırılmış elektron tərəzinin göstəricilərinə əsasən idarə etdiyi avtomaşının yüklə birlikdə çəkisi 43760 kq göstərilməklə, guya o, normadan artıq, 40 tondan artıq yükdaşımaya yol verməklə inzibati xətaya yol vermiş və buna görə 600 manat məbləğində cərimə olunmuşdur. DİN BDYPİ-nin Mərkəzi Məlumat Xidmətinin qəbul etdiyi həmin qərarı aşağıda göstərilən səbəblərə görə əsassız hesab edir. Belə ki, əvvələn o, qeyd olunan yol hərəkəti qaydasını pozmamış, qərarda adına yazılan bu pozuntu düzgün göstərilməmişdir. Çünki həmişə olduğu kimi yüklə yola düşməmişdən əvvəl avtomaşının yüklə birlikdə çəkisi Quba 5 № li Yol İstismarı MMC-nin tərəzisində çəkilmiş və norma daxilində olmuşdur ki, bu barədə xx.xx.2025-ci il tarixi İ83946 № li qəbz də mövcuddur. Eyni qaydada əvvəllər də dəfələrlə həmin avtomaşınla Qaraçaydan Bakı şəhərinə yük daşımış, amma bir dəfə də olsun belə pozuntu qeydə alınmamışdır. O, yük daşıyan sürücülər yükdaşımada çəki artıqlığına yol verilməsinin nə dərəcədə ciddi pozuntu olmasını və yüksək cərimə nəzərdə tutulduğunu yaxşı bilir, ona görə də həmişə yüklə yola çıxmamışdan qabaq çəkini ölçdürür. Yük sahibi MMS -də heç vaxt ona icazə verməyib ki, normadan artıq yüklə yola çıxsın. Bu səbəblərdən, guya Şabran rayonunun Mollakamallı kəndindəki elektron tərəzinin göstəricisi kimi qeydə alınan göstəricini o, qeyri-obyektiv hesab edir. Ona görə də DİN BDYPİ Mərkəzi Məlumat Xidmətinin xx.xx.2025 ci il tarixli EQ 26005571 №li qərarı əsassız olduğundan ləğv edilməlidir. Məhkəmə iclasında X5 ərizəsinin məzmununa uyğun izahat vermiş və qərarın ləğv edilməsini xahiş etmişdir. İşə baxılmasının yeri və vaxtı barədə qərarından şikayət verilən Azərbaycan Respublikası DİN BDYPİ-nə məlumat verilsə də, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə, qərarından şikayət verilən oranın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti və təqdim olunmuş inzibati xəta materialını tədqiq edərək hesab edir ki, qərardan verilmiş şikayət təmin edilməməlidir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli EQ 26005571 saylı qərardan görünür ki, X5 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsinə əsasən 600 (altı yüz) manat cərimə edilmiş, qərar həmin tarixdən qüvvəyə minmişdir. Həmin qərarda, MAN TGX 18.480 YÜK markalı 77QF902 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin çəkisi 43760 kq müəyyən edilmişdir. İş materiallarında olan X4 məxsus MAN TGX 18.480 YÜK markalı 77QF902 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, nəqliyyat vasitəsinin maksimal kütləsi 18000 kq, yüksüz kütləsi 7900 kq-dır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli tərəzi qəbzindən görünür ki, MAN TGX 18.480 YÜK markalı 77QF902 dövlət qeydiyyat nişanlı avtomobilin çəkisi 39750 kq müəyyən edilmişdir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinin 52-ci bəndinə görə iriqabaritli nəqliyyat vasitəsi - ümumi istifadədə olan avtomobil yolları və yol qurğuları üçün müəyyən edilmiş qabarit parametr hədlərini aşan yüklü və ya yüksüz nəqliyyat vasitəsidir. Həmin Qanunun 57-ci maddəsinin 1-ci bəndinə əsasən daşınan yükün kütləsi və yüklərin oxlar üzrə paylanması istehsalçı müəssisənin həmin nəqliyyat vasitəsinin növü üçün müəyyən etdiyi kəmiyyətlərdən artıq olmamalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İXM 353.2-ci maddəsinə əsasən, iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla (icazə verilən ümumi kütlə və ya oxa düşən yükün kütləsi üzrə 5 faiz və daha artıq) ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsinə görə fiziki şəхslər altı yüz mаnаt məbləğində cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 127-1.1-ci maddəsinəsasən bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi ilə əlaqədar inzibati tənbeh vermə haqqında elektron qərar hərəkətdə olan nəqliyyat vasitəsinin çəki və kütlə parametrlərini ölçən və yol örtüyünün altında yerləşən xüsusi texniki vasitələrin (elektron tərəzilərin) məlumatları əsasında bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş qaydada çıxarılır. Bütün elektron tərəzilər müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya edilməlidir. Həmin Məcəllənin 127-1.5-ci maddəsinə əsasən saxlanılmış nəqliyyat vasitəsinin çəki və kütlə parametrləri nəzarət məntəqəsində quraşdırılmış xüsusi texniki vasitələrlə saxlanılmış nəqliyyat vasitəsini idarə edən şəxsin iştirakı ilə müvafiq icra hakimiyyəti orqanının və müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun əməkdaşları tərəfindən ölçülür və məlumatlar real vaxt rejimində müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə ötürülür. “Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə iriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin hərəkət etməsi və onların hərəkətinə xüsusi icazənin verilməsi Qaydası”nın, “Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə iriqabaritli və ağırçəkili avtonəqliyyat vasitələrinin hərəkət etməsinə görə ödənişlərin dərəcələri”nin və “Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə hərəkət edən avtonəqliyyat vasitələrinin icazə verilən qabarit və çəki parametrləri”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 07 iyul 2009-cu il taruxli 104 saylı qərarına əsasən Nəqliyyat vasitəsinin icazə verilən ümumi kütləsi (çəkisi) 2 nömrəli cədvəllə müəyyən edilmiş hədləri aşmamalıdır: Dördoxlu, iki oxu aparıcı olan, hər biri iki cüt təkərdən ibarət olan hava və ya ona ekvivalent asqıya malik olan avtomobilə icazə verilən ümumi kütlə 32t nəzərdə tutulmuşdur. Təqdim olunmuş sübutlardan göründüyü kimi, X4 məxsus MAN TGX 18.480 YÜK markalı 77QF902 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin texniki göstəriciləri üzrə icazə verilən maksimal kütləsi 18000 kq nəzərdə tutulmuş və icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərinin icazə verilən ümumi kütlə üzrə 5 faiz və daha artıq yükləməklə aşma imkanı halında MAN TGX 18.480 YÜK markalı 77QF902 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin yükünün 43760 kq-dan olması aşkar edilmişdir. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının DİN BDYPİ-nin İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsinə əsasən tərtib edilmiş xx.xx.2025-ci il tarixli EQ 26005571 nömrəli qərarı faktiki əsaslar olmaqla prosessual tələblərə riayət edilməklə qəbul edildiyindən, həmin qərarın ləğv edilməsi barədə X3 şikayəti təmin olunmamalıdır. Azərbaycan Respublikası İXM-nin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1, 131-134, 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: X3 Azərbaycan Respublikasının DİN BDYPİ-nin İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsilə inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli EQ 26005571 nömrəli qərarının ləğv edilməsi barədə şikayəti təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aydın Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar