Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-294/2023 06.03.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1, Protokolu tərtib edən X2, Zərərçəkmiş şəxs və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM) 510-cu maddəsi ilə icraatı başlanmış inzibati xəta haqqında işə baxaraq müəyyənetdim: Quba RPŞ-nin İTB-nın sahə rəisi X5 tərəfindən Şəxs barəsində Azərbaycan Respulikası İXM-nin 510-cu maddəsi ilə inzibati xəta haqqında xx.xx.2023-cü il tarixli, MN 1697876- 1316 №-li protokol tərtib edilərək, baxılması üçün Quba Rayon Məhkəməsinə göndərilmişdir. Həmin protokolda göstərilir ki, Şəxs xx.xx.2023-cü il t tarixdə, saat 11:00 radələrində Quba rayonu, Qımıl kəndində həmkəndlisi Zərərçəkmiş şəxs ünvanına nalayiq küçə söyüşləri söyərək ictimai qaydanı pozmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində özünü təqsirli bilməyərək, izahatında göstərmişdir ki, Nəsimi onun həmkəndlisi və qonşusudur. Yaşadığı Quba rayonu, Qımıl kəndində özünə məxsus torpaq sahəsi və fərdi yaşayış evi var. Onun qonşuluğunda olan Nəsiminin həyətyanı sahəsindən onun yaşadığı fərdi yaşayış evinə su xətti gəlir. 15 yanvar 2023-cü il tarixdə Nəsimi həmin su xətdinin açaraq onun həyətinə gələn su xətdi donmuşdur. Bu barədə Nəsimiyə iradını bildirdikdə Nəsimi ona kobud cavab vermişdir. Bununla da aralarında sözlü mübahisə başlamış və Nəsimi onun boğazından tutaraq ona xəsarət yetirmişdir. Lakin mübahisə vaxtı o, Nəsimini söyməmişdir. Ona görə də barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, Mahirlə mübahisələri suya görə olmuşdur. Heyvanlara su vermək üçün həmin gün o həyətindən keçən su borusunu açaraq su götürmüdür. Hava şaxtalı olduğundan su borusu donmuşdur. Mahirdə bir neçə adamla həyətinə gəlmiş və suyun donması barədə ona iradını bildirmişdir. O da öz növbəsində ondan üzr istəməklə bunu qəsddən etmədiyini bildirmişdir. Bu zaman Mahir ona söyüş söymüş və aralarında sözlü mübahisə başlamışdır. O, Şəxs ilə barışmışdır. İş materiallarında olan Quba RPŞ-nin TQ-nun təhqiqatçısı, polis baş leytenantı X4 cinayət işinin başlanılmasının rədd edilməsi haqqında 14 fevral 2023-ci il tarixli qərarından görünür ki, həmin qərarla Şəxs barəsində cinayət işinin başlanılması rədd edilmiş və onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsilə inzibati tədbir görülməsi üçün qərarın surəti Quba RPŞ-nin İTB-nə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və zərərçəkmiş şəxsin izahatını dinləyib, iş materiallarını araşdırıb, işdəki sübutlara hüquqi qiymət verərək, hesab edirəm ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığı üçün hazırki inzibati iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinin tələbindən görünür ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməl (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Başqa sözlə, şəxsin əməlində inzibati xətanın tərkibini təşkil edən 4 (dörd) element-obyekt, obyektiv cəhət, subyektiv cəhət və subyekt olduqda, o, inzibati məsuliyyətə cəlb edilə və inzibati tənbeh tədbirinə məruz qala bilər. İnzibati xəta tərkibinin bu elementlərindən biri yoxdursa, deməli, əməldə inzibati xətanın tərkibi də yoxdur. Azərbaycan Respublikası İXM-nin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi xırda xuliqanlığa, yəni ictimai qaydanı pozan və ya fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə inzibati məsuliyyət nəzərdə tutur. Məhkəmə, Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş xırda xuliqanlığın mahiyyətini təşkil edən «ictimai qaydanı pozma» ifadəsinə aydınlıq gətirmək üçün Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin və Azərbaycan Respublikası Ali Məhkəməsinin bu xüsusda olan qərarlarına istinad etməyi vacib sayır. Belə ki, «Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət İşləri və X3 İşlər Üzrə Məhkəmə Kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında göstərilir ki, ictimai qaydanı pozan hərəkətlər-təqsirkarın nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirin və ictimai asayişin pozulmasına, vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə yaradan, habelə qanunvericiliklə tənzimlənən birgəyaşayış qaydalarının pozulmasında ifadə olunan hərəkətlərdir. Cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər təqsirkarın ətrafdakı şəxslərlə özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərən, bir qrup şəxsin və ya cəmiyyətin hər hansı bir üzvünün qanuni mənafelərinə toxunan hərəkətlərdir. Təqsirkarın ictimai qaydanı pozmaq niyyətində olduğu müəyyənləşdirilməyibsə, deməli, onun hərəkətləri xuliqanlıq kimi qiymətləndirilə bilməz. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan ictimai qaydanın kobud surətdə pozulması öz-özlüyündə inzibati hüquqpozmadır və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur. «Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli, 1 saylı qərarının 2 bəndində qeyd olunur ki, ictimai qaydanı pozan hərəkətlər dedikdə, ictimai və şəxsi mənafelərə zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davaranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Yuxarıda istinad olunan qanun normalarının mənasından görünür ki, şəxsin əməlində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş xırda xuliqanlığın tərkibinin yaranması üçün onun hərəkətləri ictimai qaydanın pozulmasına yönəlməli (obyektiv tərəf) və bu zaman xırda xuliqanlıq niyyəti olmalıdır (subyektiv tərəf). Başqa sözlə, əməldə həmin xətanın tərkibinin olub-olmamasının aydınlaşdırılması üçün ictimai qaydanı pozan hərəkətlərin törədilib-törədilməməsi və ictimai qaydanı pozmaq niyyətinin olub-olmamasının müəyyənləşdirilməsi həlledici şərtlərdir. Bunlar yoxdursa, deməli əməldə xırda xuliqanlığın tərkibi də yoxdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında verdiyi izahatından görünür ki, 15 yanvar 2023-cü il tarixdə Quba rayonu, Qımıl kəndində Zərərçəkmiş şəxs söyməmiş və təhqir etməmişdir. Şəxs həmin vaxt hansı hərəkəti ilə cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan ictimai qaydanı pozması, habelə bu hərəkətlərin hansı insanların hüquq və azadlıqlarına təhlükə və sarsıntı törətməsi, ümumiyyətlə bu təhqir etmənin hansı ifadələrlə həyata keçirilməsi inzibati xəta haqqında protokolda və iş üzrə hər hansı sübutda öz əksini tapmamışdır. Həm də işdəki sübutlardan görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs həmin vaxt ictimai qaydanı pozmaq niyyəti olmamış, yəni onun hərəkətləri xırda xuliqanlıq niyyəti ilə əhatə olunmamışdır. Belə olan halda Şəxs əməlində xırda xuliqanlığın tərkibindən söhbət belə gedə bilməz. İş materialları ilə Şəxs 15 yanvar 2023-cü il tarixdə cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan ictimai qaydanın kobud surətdə pozulması və bu hərəkətlərin xırda xuliqanlıq niyyəti ilə törədilməsi sübut olunmur. İnzibati xəta haqqında iş üzrə icraat başlamış vəzifəli şəxs də bu halları təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Halbuki Azərbaycan Respublikası İXM-nin 8-ci maddəsinin tələbinə görə, bu sübutları məhkəməyə təqdim etməklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin ona istinad olunan inzibati xətanı törətməkdə təqsirli olmasını sübut etmə vəzifəsi həmin vəzifəli şəxsin üzərinə düşür. Belə ki, Azərbaycan Respublikası İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Azərbaycan Respublikası İXM-nin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İXM-nin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb oulnan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Qeyd olunanlara əsasən belə nəticəyə gəlirəm ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığından, onun barəsində İXM-nin 510-cu maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 53.1.2 maddəsinə əsasən şəxsin əməlində inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında başlanmış icraata xitam verilir. Azərbaycan Respublikası İXM-nin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Azərbaycan Respublikası İXM-nin 114.2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası İXM-nin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan biri mövcud olduqda, hakim inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 53, 106, 110- 118 və 128-133-cü maddələrini rəhbər tutaraq, q ə r a ra a l d ı m: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata, onun əməlində həmin inzibati xətanın tərkibi olmadığı üçün xitam verilsin. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Vüqar Seyidov
Məhkəmə qərarları › İş №3(027)-294/2023
Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-294/2023
06.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver