Məhkəmə qərarları › İş №3(027)-294/2025

Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-294/2025

16.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-294/2025 16.07.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Kamilli Günel Hakim qızının sədrliyi, Xudaverdiyev Elşad Mütəllim oğlunun katibliyi, Quba Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X10, Zərərçəkmiş şəxs X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə xx.xx.1979-cu ildə Quba rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN xxxxxxx, Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti, 3159-cu məhəllə, ev 89, mənzil 62 qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsilə Quba rayon İcra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Daxil olmuş 07 aprel 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola əsasən borclu Şəxs Quba Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 2(027)- 363/2020 saylı icra sənədini icra etməmiş və icra məmurunun tələblərini yerinə yetirməmiş, bununla da Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Quba rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X10 izahatında bildirmişdir ki, Quba Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 2(027)- 363/2020 saylı icra vərəqəsinə əsasən xx.xx.2006-cı il təvəllüdlü X5 və xx.xx.2008-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün xx.xx.2019-cu il tarixdən başlayaraq hər ay hər uşağa görə 140 manat olmaqla, ümumilikdə 280 manat sabit pul məbləğində aliment iş üzrə borclu Şəxs tutularaq tələbkar X2 verilməlidir. Qeyd olunan icra sənədi şöbənin icraatına xx.xx.2020-ci il tarixdə daxil olmuş və qanuna müvafiq qaydada icraata başlanılmışdır. Şəxs iddia edir ki, cəza çəkdiyi müəssisədə olduğu müddət ərzində icra vərəqəsi barədə məlumatı olmamışdır. İcra işində həmin müddət ərzində icra işinin ona çatdırılmasını təsdiq edən sənəd mövcud deyildir. Hal-hazırda onun 17500 manat məbləğində borcu mövcuddur. Həmçinin, aliment borcundan müəyyən qismini Şəxs Nərmin Ağaməmmədovanın qohumunun adına göndərmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək, izahatında göstərmişdir ki, icra məmurunun onun barəsində tərtib etdiyi protokola etiraz edir, belə ki, xx.xx.2008-ci il təvəllüdlü X6 o, həbsdən çıxdıqdan sonra onunla birlikdə yaşayır. Bundan əlavə onun alimentin tutulması barədə qətnamədən hər hansı bir məlumatı olmamışdır. Cəza çəkdiyi müəssisədə işlə təmin edilmiş və aylıq 6000-ə yaxın gəliri olmuşdur. Həmin müddət ərzində uşaqlarına dəfələrlə pul göndərmişdir. Lakin aliment məbləğindən xəbərsiz olmuşdur. 2024-cü ilin dekabr ayından azadlığa çıxmış, yalnız bundan sonra qətnamə barəsində məlumatı olmuşdur. Həmin vaxtdan sonra 700 manatdan çox ödəniş etmişdir. Həmin məbləği tələbkarın öz kartına deyil, qohumlarının, anasının kartına köçürdüyünü bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X4 bildirmişdir ki, həqiqətədən cəza çəkdiyi müddət ərzində borcluya alimentlə bağlı qətnamə barədə hər hansı bir məlumat verməmişdir. Onun cəzaçəkmə müəssisəsində olduğunu nəzərə alaraq bu addımı atmışdır. Lakin şəxs azadlığa çıxdıqdan sonra onun qətnamə barədə məlumatı olmuşdur. Ondan şikayət verməsinin əsas səbəbi sözügedən şəxsin uşağı özü ilə aparması olmuşdur. Borclu tərəfindən azadlığa çıxdıqdan sonra ödəniş ödəniş həyata keçirilməmişdir. Məhkəmə protokolu tərtib edən şəxsi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan və zərərçəkmiş şəxsin izahatını dinləyib, inzibati xəta haqqında protokolu və mülki iş materialını nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: Quba Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 2(027)-363/2020 saylı icra vərəqəsinə əsasən xx.xx.2006-cı il təvəllüdlü X5 və xx.xx.2008-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün xx.xx.2019-cu il tarixdən başlayaraq hər ay hər uşağa görə 140 manat olmaqla, ümumilikdə 280 manat sabit pul məbləğində aliment iş üzrə borclu Şəxs tutularaq tələbkar X2 verilməlidir. xx.xx.2025-ci il tarixli “icraata başlamaq haqqında qərar”ın surətindən göründüyü kimi, qeyd edilən icra sənədi N.Əmrullayevin icraatına daxil olmuş və həmin tarixdə icra işi başlanmışdır. xx.xx.2025-ci il tarixli bildirişin surətindən göründüyü kimi, Quba Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 2(027)-363/2020 saylı icra sənədinin icrası barədə borcluya rəsmi məlumat verilmiş, xx.xx.2025-ci il tarixli bildirişi borclu şəxsən imza edərək qəbul etmişdir. Quba İHB-nin Birinci Nügədi kənd İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışa əsasən Quba rayonu, Birinci Nügədi kənd sakini X7 2024-cü ilin dekabr ayından atası Şəxs məxsus Birinci Nügədi kəndində yerləşən fərdi yaşayış evində yaşayır. Quba rayon Məhkəməsinin 3(027)-294/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında iş üzrə icraata həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən xitam verilmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin 3(105)-339/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə, Quba Rayon Məhkəməsinin 3(027)-294/2025 nömrəli, 10 aprel 2025-ci il tarixli qərarı ləğv edilmiş, Şəxs barəsində olan inzibati xəta haqqında iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə, yeni məhkəmə baxışına qaytarılmışdır. Qərar onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi icra sənədində tələbin üzrsüz səbəbdən icra edilməsinin müəyyən edilməməsi qənaətinə gəlsə də, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin azadlıqdan məhrumetmə cəzasına məhkum edildiyi müddətdə cəza çəkdiyi müəssisədə əmək fəaliyyətinə cəlb edilib-edilməməsi, həbsdən azad edildiyi müddətdən sonra hansı miqdarda ödəniş etməsi, uşaqlardan birinin onun yanında hansı tarixdən qalması, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən ödənişin zərərçəkmiş şəxsin dayısına və uşaqlara verilməsi kimi halların reallığı əks etdiribetdirməməsi kimi mühüm əhəmiyyət kəsb edən hallar aydınlaşdırılmadan inzibati xəta haqqında protokola əməldə inzibati xəta tərkibinin olmaması əsası ilə iş üzrə icraata xitam verilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Qeyd edilən maddə ilə inzibati xəta tərkibi məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilmədiyi və ya onun tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətlər etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin məhz üzrsüz səbəbdən icra edilmədiyi hallarda yaranır. Məhkəmə tərəfindən aparılmış araşdırma zamanı müəyyən edildi ki, borclu Şəxs alimentin tutulması ilə bağlı Quba rayon Məhkəməsinin 19 mart 2020-ci il tarixli, 2(027)-363/2020 nömrəli qətnaməsi barədə hər hansı bir məlumatı mövcud olmamışdır. Belə ki, sözügedən mülki işin materiallarına, eyni zamanda icra işinin materillarına baxış keçirən zaman yuxarıda qeyd edilən qətnamənin şəxsin cəza çəkdiyi müəssisəyə göndərildiyi müəyyən edilsə də, ona rəsmi qaydada təqdim edilməsi müəyyən olunmur. Beləliklə də, şəxsin qətnamənin rəsmi qaydada əldə etməməsi ilə bağlı faktın mövcudluğu artıq onun cəza çəkdiyi müəssisədə gəlir əldə etməsi məsələsini əhəmiyyətsiz edir. Bununla yanaşı məhkəmə iclasında iştirak edən tələbkar özü də verdiyi izahatında borcluya cəza çəkdiyi müddət ərzində qətnamə, aliment ödənişi ilə bağlı məlumat vermədiyini, onun xəbəri olmadığını bildirmişdir. Əlavə olaraq qeyd edilməlidir ki, tələbin könüllü icra edilməsi barədə bildiriş borcluya rəsmi qaydada xx.xx.2025-ci il tarixdə təqdim edilmişdir. Eyni zamanda məhkəmə tərəfindən müəyyən edildi ki, şəxs 2024-cü ilin sonunda azadlığa buraxılmış, xx.xx.2024-cü il tarixdə tələbkara məxsus olmayan müxtəlif hesablara ümumilikdə 850 manat məbləğində ödəniş həyata keçirmişdir. Həmçinin həmin vaxtdan övladı X6 da onunla birlikdə yaşamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 sentyabr 2018-ci il tarixli qərarına əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsinə görə şəxsin inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə baxılarkən hüquqtətbiqedici işin faktiki hallarını hərtərəfli araşdırmalı, bundan əvvəl onun barəsində bu əmələ görə inzibati tənbeh tətbiq edilibedilməməsini, inzibati tənbehin məqsədlərinə nail olunub-olunmamasını, əməlin məhz qərəzli olaraq törədilib-törədilməməsini və digər mühüm halları araşdırmalıdır. Məhkəmə hesab edir ki, Şəxs əməlində icra sənədindəki tələbin üzrsüz səbəbdən icra edilməməsi və ya icra məmurunun məhkəmə qərarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsində ifadə olunan hər hansı qərəzli hərəkət və hərəkətsizlik müəyyən edilmir. Beləliklə də, sözügedən şəxsin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsilə nəzərdə tutulmuş inzibati xəta tərkibi müəyyən olunmur və ona görə də qeyd olunan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz və başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 114, 115 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında iş üzrə icraata həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Günel Kamilli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar