Məhkəmə qərarları › İş №3(027)-297/2025

Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-297/2025

08.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-297/2025 08.04.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Samir Əlibala oğlunun sədrliyi, Muradov Əli Şakir oğlunun katibliyi, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx.xx.1998-ci il tarixdə Quba rayonu, Bağbanlı kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, işsiz, Quba rayonu, Zərdabi qəsəbəsində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 332.4-cü maddələrilə Quba RPŞ-dən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə acıq məhkəmə iclasında baxaraq, məhkəmə, müəyyən etdi: Məhkəmənin icraatına xx.xx.2025-ci il tarixdə Quba RPŞ-dən Şəxs barəsində tərtib olunmuş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər daxil olmuşdur. İnzibati xəta haqqında protokolda göstərilir ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 12:30-da nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə etdiyi “VAZ 21045 minik” markalı, **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobillə Quba şəhəri, H.Əliyev prospekti ilə hərəkətdə olarkən “NİSSAN TEANA MİNİK” markalı **-RE-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş, nəticədə həmin avtomobil idarəetməni itirərək yolun kənarında dayanmış “VOLKSWAGEN PASSAT MİNİK” markalı **-ML-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymişdir. Nəticədə hər iki avtomobilə maddi ziyan dəymişdir. Bununla da, Şəxs Azərbaycan Respublikası İXM-nin 327.1 və 332.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü təqsirli bilərək izahatında bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə müdirin “VAZ 21045 minik” markalı, **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobilini icazəsi ilə götürüb aptekə getmiş, Quba şəhəri, H.Əliyev prospekti ilə hərəkətdə olarkən idarəetməni itirdiyindən avtomobil “NİSSAN TEANA MİNİK” markalı **-RE-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, həmin avtomobil isə yolun kənarında dayanmış “VOLKSWAGEN PASSAT MİNİK” markalı **-ML-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymişdir. Onun heç vaxt sürücülük hüququ olmamışdır. Zərərçəkmiş şəxslərlə barışmış onlara vurduğu zərəri tam ödəmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 bildirdi ki, o, “NİSSAN TEANA MİNİK” markalı **-RE-*** dövlət qeydiyyat nişanlı avtomobillə xx.xx.2025-ci il tarixdə saat 12:30-da Quba şəhəri, H.Əliyev prospekti ilə hərəkətdə olarkən Şəxs idarə etdiyi “VAZ 21045 minik” markalı, **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobillə arxadan onun avtomobilini vurmuş, o da idarəetməni itirərək yolun kənarında dayanmış “VOLKSWAGEN PASSAT MİNİK” markalı **-ML-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymişdir. Ona dəymiş maddi ziyan tam ödənilmiş, şikayət və tələbi yoxdur. Eyni zamanda Zərərçəkmiş şəxs1 məhkəməyə ərizə təqdim edərək, hadisə ilə bağlı şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 bildirdi ki, xx.xx.2025-ci il tarixdə onun “VOLKSWAGEN PASSAT MİNİK” markalı **-ML-*** dövlət qeydiyyat nişanlı avtomobili Quba şəhəri, H.Əliyev prospektində yolun kənarında dayanmış vəziyyətdə olmuşdur. Quba şəhəri, H.Əliyev prospekti ilə hərəkətdə olan Şəxs idarə etdiyi “VAZ 21045 minik” markalı, **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobil həmin yolda hərəkətdə olan “NİSSAN TEANA MİNİK” markalı **-RE-*** dövlət qeydiyyat nişanlı avtomobili arxadan vurmuş, həmin avtomobil də yolun kənarında dayanmış ona məxsus “VOLKSWAGEN PASSAT MİNİK” markalı **-ML-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymişdir. Ona dəymiş maddi ziyan tam ödənilmiş, şikayət və tələbi yoxdur. Eyni zamanda Zərərçəkmiş şəxs2 məhkəməyə ərizə təqdim edərək, hadisə ilə bağlı şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin üzrlü səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə protokol tərtib etmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: Quba RPŞ-nin DYPB-nin YNHÜBİ polis mayoru Nail Əliyevin arayışından görünür ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsilə aparılmış araşdırma zamanı Quba RPŞ-nin BDYPİ-nin X1 sorğu edilərkən Şəxs sürücülük vəsiqəsinin olmadığı müəyyən edilmişdir; sürücülük vəsiqələrin surətlərindən görünür ki, Zərərçəkmiş şəxs1 B1, B, C1, C kateqoriyalı BD611301 nömrəli, Zərərçəkmiş şəxs2 B1, B, C1, C kateqoriyalı BC463523 nömrəli sürücülük vəsiqəsi vardır; nəqliyyat vasitələrin qeydiyyat şəhadətnamələrin surətlərindən görünür ki, Zərərçəkmiş şəxs1 mülkiyyətində “NİSSAN TEANA MİNİK” markalı **-RE-*** dövlət qeydiyyat nişanlı avtomobil, Zərərçəkmiş şəxs2 mülkiyyətində “VOLKSWAGEN PASSAT MİNİK” markalı **-ML-*** dövlət qeydiyyat nişanlı avtomobil vardır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcələnin 332.4-cü maddəsinə əsasən bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərərçəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə-beş yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur Məhkəmə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxsə istinad edilən və inzibati məsuliyyətə səbəb olan əməllərə inzibati xətalar qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə araşdırmasında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu istinad edilən inzibati məsuliyyətə səbəb olan əməllərə qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə etdiyi avtomobillə yol-nəqliyyat hadisəsi törətməklə zərərçəkmiş şəxslərə maddi zərər vurmuş, bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun təqsiri inzibati xəta haqqında protokol və digər sənədlərlə sübuta yetirilir, əməli düzgün olaraq İXM-nin 332.4-cü maddəsi ilə tövsif edilmiş və ona həmin maddə ilə nəzərdə tutulmuş inzibati tənbeh tətbiq edilməlidir. Əməlin inzibati xəta olmasını aradan qaldıran hallar və inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 32-ci maddəsinə əsasən, məhkəmə Şəxs ilk dəfə inzibati xəta törtəməsini, əməlini etiraf edib səmimi peşmançılıq çəkməsini, zərərçəkmiş şəxslərə vurduğu zərəri tam ödəməsini onun məsuliyyətini yüngülləşdirən hallar kimi müəyyən edir. Qeyd edilən Məcəllənin 33-cü maddəsinə əsasən Şəxs məsuliyyəti ağırlaşdıran hal müəyyən olunmamışdır. İnzibati xətanın xarakterini, xəta törətmiş şəxsin şəxsiyyətini və təqsir dərəcəsini, məsuliyyəti yüngülləşdirən haların mövcudluğunu, məsuliyyəti ağırlaşdıran halların olmamasını nəzərə alaraq məhkəmə hesab edir ki, inzibati xəta törətmiş Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini inzibati tənbehin məqsədlərinə nail olunması baxımından daha məqsədəmüvafiq hesab edir. “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 23 fevral 2017-ci il tarixli Fərmanına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə baxılması Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin səlahiyyətindədir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinin şərh edilməsinə dair 02 sentyabr 2020-ci il tarixli qərarında qeyd etmişdir ki, qanunverici bir şəxsin bir neçə inzibati xəta törətdiyi halda və bu xətalar ayrı-ayrı orqanların səlahiyyətinə aid olduğu halda ona hər bir xətaya görə istisnasız olaraq ayrılıqda inzibati tənbeh tətbiq edilməsini nəzərdə tutmuşdur. Göründüyü kimi, qanunverici bu maddədə inzibati xətaların məcmusunun yaranmasını istisna etmiş və bunu törədilmiş hər bir inzibati xətaya görə müxtəlif orqanlar tərəfindən ayrılıqda inzibati tənbeh tətbiq edilməsi ilə əlaqələndirmişdir. Həmin qərarda Konstitusiya Məhkəməsinin gəldiyi nəticəyə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması ayrı-ayrı orqanların səlahiyyətinə aid olduqda, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.1-ci maddəsinə əsasən müvafiq səlahiyyətli orqanlar tərəfindən hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Konstitusiya Məhkəməsi həmin qərarında qeyd edir ki, qanunverici eyni vaxtda törədilən bir neçə inzibati xətaya dair protokolların eyni orqan tərəfindən tərtib edilməsi və eyni orqanın səlahiyyətinə aid olması ilə şərtləndirmişdir. Yəni eyni vaxtda törədilən bir neçə inzibati xətaya dair işlərə bir orqan tərəfindən baxılması, yalnız həmin xətaların hər biri bu orqanın səlahiyyətinə aid olduqda mümkündür. Şəxsin bir hərəkəti ilə bir neçə inzibati xəta törətməsi, bu xətalardan biri məhkəmənin, digəri isə müvafiq orqanın səlahiyyətinə aid olduqda bu xətalara münasibətdə ayrı-ayrı orqanlar öz səlahiyyətləri çərçivəsində tənbeh tətbiq etməlidirlər. Beləliklə də, iş üzrə qərarın surəti Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddələsilə bağlı hissədə baxılması üçün Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Quba rayon Polis şöbəsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2, 332, 114-115-ci və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRAR Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək, barəsində 500 (beş yüz) manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilsin. İş üzrə qərarın surəti Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsilə bağlı hissədə baxılması üçün Quba RPŞ-ə göndərilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə Quba Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Samir Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar