Məhkəmə qərarları › İş №3(027)-3/2022

Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-3/2022

06.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-3/2022 06.01.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Muradov Əli Şakir oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Mərkəzi Bankının Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi : Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən Quba rayonu, Amsar kəndində yerləşən Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə əsasən inzibati xəta törətməsi faktı aşkarlanmış, bu barədə 16 dekabr 2021-ci il tarixdə EP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmiş, protokol baxılmaq üçün Quba Rayon Məhkəməsinə göndərilmiş və qeyd olunan sənəd 20.12.2021-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 111.1-ci maddəsinə görə inzibati xəta haqqında işə baxmağa səlahiyyəti olan hakim, orqan (vəzifəli şəxs) bu cür işlərə inzibati xəta haqqında protokolu və işin digər sənədlərini aldığı vaxtdan 15 (on beş) gün müddətində baxır. İnzibati xəta haqqında işə baxılması 06 yanvarr 2022-ci il tarixə təyin edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan ŞəxsMMC və protokolu tərtib etmiş Azərbaycan Respublikası Mərkəzi Bankı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq nümayəndələrinin iştirakını təmin etmədiklərindən məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən tərtib edilmiş 16 dekabr 2021-ci il tarixdə EP ******* saylı İnzibati xəta haqqında protokoldan, ona əlavə edilmiş sənədlərdən görünür ki, Quba rayonu, Amsar kəndində yerləşən ŞəxsMMC 20000.00 ABŞ dolları məbləğində olan vəsaiti Bank hesabından 21 noyyabr 2019-cu il tarixdə Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüşdür. Lakin ödənişin aparıldığı gündən 2(iki) ildən artıq müddət keçməsinə baxmayaraq, 20000.00 ABŞ dolları məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmişdir. Xəta 22.11.2021-ci il tarixində qeyd olunan ünvanında törədilmişdir. Cəmiyyətin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə əsasən inzibati xəta törətməsi faktı aşkarlanmışdır. Azərbaycan Respublikası Mərkəzi Bankının 28 noyabr 2016-cı il tarixli 45/1 saylı Qərarı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması “Qaydaları”nın 4.3.1.3-cü bəndinə görə Azərbaycan Respublikasından kənara bank hesablarından xarici valyutada köçürmələr aşağıdakı növ əməliyyatlar üzrə aparılır: qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Bu zaman ödənişin aparıldığı gündən 180 (yüz səksən) gün müddətində malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənəd banka təqdim olunmalıdır. Həmin müddət ərzində mallar idxal edilmədikdə, xidmətlər göstərilmədikdə və ya qadaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda bank qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədləri Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş məsuliyyət tədbirlərinin həyata keçirilməsi üçün 2 (iki) iş günü ərzində Azərbaycan Respublikası Mərkəzi Bankına təqdim edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə əsasən avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. «Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında» Azərbaycan Respublikasının 29 dekabr 2015-ci il tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2016-cı il tarixli, 795 saylı Fərmanının 5.43-cü bəndinə görə həmin Məcəllənin 414-427, 428.8, 428.9, 429, 430.3, 430.4, 433.0.2, 435, 436, 438.1, 440, 463, 468, 470-476, 478 və 548-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə Azərbaycan Respublikası Mərkəzi Bankı baxır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tədbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmədə inzibati xəta törətmiş şəxs Şəxs MMC-nin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar aşkar edilmədi. İnzibati xətanın xarakterini, xəta törətmiş şəxsin şəxsiyyətini və onun təqsirinin dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, inzibati xəta törətmiş ŞəxsMMC barəsində inzibati tənbeh cərimə edilməklə inzibati tənbeh öz məqsədinə nail ola bilər. Şərh edilənləri, iş sənədlərini tam, hərtərəfli və obyektiv araşdıraraq, törədilmiş inzibati xətanı və inzibati xəta törətmiş ŞəxsMMC-nin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq, məhkəmə hesab edir ki, ŞəxsMMC Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsinin sanksiyası həddində inzibati qaydada cərimə tətbiq olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 430.4, 109-112 və 113- 114-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Quba rayonu, Amsar kəndində yerləşən ŞəxsMMC Azərbaycan Respublikası İXM-nin 430.4cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin 20 (iyirmi) faizi məbləğində, yəni (20000.00 x 20 %) ABŞ dolları məbləğində ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankın Azərbaycan manatına olan məzənnə nisbətində manatla cərimə olunsun. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar