Məhkəmə qərarları › İş №3(027)-3/2024

Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-3/2024

27.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-3/2024 27.02.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X8 oğlunun katibliyi, Quba rayon İcra və probasiya Şöbəsinin icra məmuru X6, Zərərçəkmiş şəxs X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx.xx.1984-cü ildə Quba rayonu, Talabıqışlaq kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Quba rayonu, Talabıqışlaq kəndində qeydiyyatda olan və yaşayan (X4 xxxxxxx) Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə Quba rayon İcra və probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, m ü ə y y ə n e t d i: Quba rayon İcra və probasiya Şöbəsindən daxil olan inzibati xəta haqqında materiala əsasən Şəxs Quba Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(027)-2667/2022 saylı icra sənədinin icra etməmiş və icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Bu barədə Quba rayon İcra və probasiya Şöbəsinin icra məmuru X9 tərəfindən xx.xx.2023-cü il tarixdə inzibati xəta haqqında MN ******* nömrəli protokol tərtib olunaraq, baxılması üçün Quba rayon Məhkəməsinə göndərilmişdir. Quba rayon İcra və probasiya Şöbəsinin icra məmuru X9 məhkəməyə verdiyi izahatında göstərdi ki, Quba rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(027)-2667/2022 saylı icra vərəqəsinə əsasən borclu Şəxs bir uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2022-ci il tarixindən başlayaraq hər ay 150 manat sabit pul məbləğində aliment pulu tələbkar X2 xeyrinə tutulmalıdır. Qeyd olunan icra sənədi şöbənin icraatına xx.xx.2023-cü il tarixdə daxil olmuş və qanuna müvafiq qaydada icraata başlanılmışdır. Borclu Şəxs rəsmi bildiriş göndərilmişdir. Tələbin borclunun əmlakına və gəlir yerlərinə yönəldilməsi məqsədi ilə borclunun bank hesabları, digər gəlir yerləri, daşınar-daşınmaz əmlaklarının olub-olmaması barədə aidiyyəti üzrə banklara, kredit təşkilatlarına və dövlət orqanlarına sorğular göndərilmişdir. Borclunun gəlir yerlərinin və əmlaklarının axtarışları ilə bağlı görülmüş tədbirlər nəticə verməmişdir. Məlumat üçün bildirirəm ki,hazırda borclu Şəxs bu günə qədər tələbkar X2 xeyrinə heç bir aliment pulu ödəməmişdir. Hal hazırda qalıq borc 1950 manat təşkil edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək göstərdi ki, Quba rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(027)- 2667/2022 saylı icra vərəqəsinə əsasən bir uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 150 manat sabit pul məbləğində aliment pulu tələbkar X2 xeyrinə tutulmalıdır. İmkanı olmadığından ödəniş edə bilməmişdir. Barəsində yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X3 bildirmişdir ki, Quba Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 2(027)-2667/2022 saylı icra vərəqəsinə əsasən hər ay 150 manat sabit pul məbləğində aliment alınaraq ona verilməlidir və onun halhazırda 1950 manat məbləğində borcu mövcuddur. Belə ki, iş materiallarında olan Quba Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(027)-1967/2023 saylı qərarı ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 08 (səkkiz) gün müddətində inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. İş materiallarında olan Quba Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(027)- 2480/2023 saylı qərarı ilə Şəxs məcburi qaydada məhkəməyə gətirilməsi qərara alınmışdır. Məhkəmə izahatları dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsində təqsirli olması sübuta yetirilir. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə bağlı verilmiş icra sənədləri istisna olmaqla). Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsinə əsasən Bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, Quba rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 2(027)-2667/2022 saylı icra vərəqəsinin icrasını təmin etmək məqsədi ilə Şəxs barəsində inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinin tələbinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Bununla da məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsində təqsirli olması məhkəmə araşdırması zamanı öz təsdqini tapmışdır. Şəxs əməlində inzibati məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Şəxs törətmiş olduğu inzibati xətanın xarakterini, onun təqsirinin dərəcəsini və şəxsiyyətini nəzərə alaraq, ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32, 33, 114, 115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 15 (on beş) gün müddətində inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Həbs etmənin əvvəli xx.xx.2024-cü il tarixdən, saat 12:20-dən hesablansın. Qərarın icrası Quba rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar