Məhkəmə qərarları › İş №3(027)-310/2023

Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-310/2023

07.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-310/2023 07.03.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, Protokol tərtib edən Quba rayon İcra və Probasiya şöbəsinin icra məmuru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx.xx.1996-cı ildə Quba rayonu, Gərəy kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, Quba rayonu, Qırız kəndində qeydiyyatda olan və Quba rayonu, Gərəy kəndində yaşayan Şəxs barəsində Quba rayon İcra və Probasiya şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsilə daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə müəyyənetdi: Quba rayon İcra və Probasiya şöbəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola əsasən Şəxs Quba Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(027)-2143/2022 saylı icra sənədini icra etməmiş və icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Məhkəmə iclasında Quba rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2 izahatında bildirmişdir ki, Quba Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 2(027)-2143/2022 saylı icra sənədinə əsasən borclu Şəxs cəmi 13250 manat məbləğində pul vəsaiti və 135 manat dövlət rüsumu alınaraq tələbkar Zərərçəkmiş şəxs verilməlidir. İcra sənədi şöbənin icraatına xx.xx.2023-cü il tarixdə daxil olmuş və qanuna müvafiq qaydada icraata başlanılmışdır. Tələbin icrası barədə borcluya rəsmi məlumat verilmişdir. Lakin borclu icra sənədi üzrə tələbi heç bir üzrlü səbəb olmadan təmin etməmişdir. Bununla bağlı icra sənədinin icrasını səmərəli təmin etmək məqsədi ilə borclunun bank hesabları, digər gəlir yerləri, daşınar-daşınmaz əmlaklarının olubolmaması yoxlanılmışdır. Borclunun gəlir yerlərinin və əmlaklarının axtarışları ilə bağlı görülmüş tədbirlər nəticə verməmişdir. İş üzrə borclu Şəxs tərəfindən bugünkü tarixə qədər heç bir ödəniş edilməmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında bildirmişdir ki, qeyd olunan icra sənədi üzrə 13385 manat borc ilə razı deyil. Belə ki, onun Zərərçəkmiş şəxs cəmi 9850 manat borcu var və həmin borcu da ödəməkdən yayınmır. Məhkəmə qərarına hörmətlə yanaşır, lakin buna baxmayaraq onun qətnamədən və əlavə borcdan xəbəri yoxdur. O Quba rayonu, Qırız kəndində qeydiyyatdadır, lakin Gərəy kəndində yaşayır. Anasının qeydiyyat ünvanı həmin kənd olduğundan, onun da qeydiyyat ünvanı həmin kənd göstərilmişdir. Halbuki əvvəldən də Gərəy kəndində yaşamışlar. Qeydiyyat ünvanı üzrə yaşamadığından, işlə əlaqədar Bakı şəhəri və başqa ünvanlarda olduğundan axtarışa verilmişdir. Polis onu saxladıqda, məsələdən tamamilə xəbərsiz olduğunu və ödəniş edilməsi ilə bağlı icra məmurundan heç bir bildiriş almadığını bildirmişdir. Məhkəmə icra məmurunu və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyib, inzibati xəta haqqında protokolu, mülki və icra işi materiallarını nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Quba Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(027)- 2143/2022 saylı icra sənədinə əsasən borclu Şəxs cəmi 13250 manat məbləğində pul vəsaiti və 135 manat dövlət rüsumu alınaraq, tələbkar Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. İş materiallarında olan “icraata başlamaq haqqında qərar” ın surətindən göründüyü kimi, qeyd edilən icra sənədi üzrə 06 yanvar 2023-cü ildə icra işi başlanmışdır. İş materiallarında olan Quba Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(027)-2143/2022 saylı mülki iş materialında məhkəmə bildirişləri və qətnamənin cavabdehin qeydiyyatı üzrə (Quba rayonu, Qırız kəndi) göndərildiyi müəyyən edilmişdir. Məktublar “çatdırıla bilinməyib” qeydi ilə qaytarılmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Göründüyü kimi, bu maddənin tərkibi məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilmədiyi və ya onun tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətlər etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin məhz üzrsüz səbəbdən icra edilmədiyi hallarda yaranır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 sentyabr 2018-ci il tarixli qərarına əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsinə görə şəxsin inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə baxılarkən hüquqtətbiqedici işin faktiki hallarını hərtərəfli araşdırmalı, bundan əvvəl onun barəsində bu əmələ görə inzibati tənbeh tətbiq edilib-edilməməsini, inzibati tənbehin məqsədlərinə nail olunub-olunmamasını, əməlin məhz qərəzli olaraq törədilib-törədilməməsini və digər mühüm halları araşdırmalıdır. Məhkəmə hesab edir ki, Şəxs əməlində icra sənədindəki tələbin üzrsüz səbəbdən icra edilməməsi və ya icra məmurunun məhkəmə qərarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsində ifadə olunan hər hansı hərəkət və hərəkətsizlik müəyyən edilmir. Belə ki, tələbin icrası barədə borcluya rəsmi məlumat verildiyi qeyd olunsa da, borclunun icra sənədi barədə məlumatlı olmasına dair mülki iş materialında və icra işi materialında hər hansı sübut müəyyən olunmamışdır. Beləliklə də, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində göstərilən inzibati xəta tərkibi müəyyən olunmur və ona görə də qeyd olunan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz və başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 114, 115 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə Quba Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Aydın Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar