Məhkəmə qərarları › İş №3(027)-311/2024

Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-311/2024

15.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-311/2024 15.04.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx.xx.1962-ci ildə Quba rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanda qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsilə Quba RPŞ-nin DYPB-dən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, müəyyənetdim: Şəxs 02 fevral 2024-cü il tarixdə, idarə etdiyi «Mersedes 180 minik» markalı **-JU- *** nömrə nişanlı avtomobillə Quba şəhəri, 223-cü atıcı diviziya küçəsində Quba şəhəri Fətəlixan küçəsinə dönən zaman, manevr etmə qaydalarını pozaraq, qarşı hərəkət istiqamətindən gələn “Mersedes” markalı **-NC-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə Şəxs Hüseynabala oğlunun idarə etdiyi avtomobildə sərnişin qismində olan X1 yüngül dərəcəli bədən xəsarətləri almışdır. Ona görə də Quba RPŞ DYPB-nin polis kapitanı X2 tərəfindən Şəxs barəsində xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə inzibati xəta haqqında İXP ******* №-li protokol tərtib edilərək, baxılması üçün Quba rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törətdilməsində özünü təqsirli bilərək, izahatında göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 07:45 radələrində Cəfər Cabbarlı küçəsindən 223-cü atıcı divizya küçəsinə çıxdıqdan sonra oradan Fətəli Xan küçəsinə dönmək istəmiş idarə etdiyi “Mercedes” markalı **-UJ- *** d.q.n avtomobilinin ön hissəsini qarşı zolağa qismən çıxardıb qarşıdan gələn avtomobillərə yol vermək istəmiş, bu zaman qarşıdan gələn “Mercedes” markalı **-NC-*** d.q.n avtomobil ona dəymişdir. Nəticədə maşında olan nəvəsi X1 yüngül dərəcəli bədən xəsarətləri almışdır. İlk dəfədir ki, inzibati xəta törətmişdir. İnzibati xəta törətməsini etiraf edir, bu xətanı törətməsindən səmimi peşmançılıq hissi keçirir. Məhkəmə iclasının vaxtı və yeri barədə Quba Rayon Polis Şöbəsinə lazımı qaydada məlumat verilsə də, Quba PPŞ-nin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, işə baxılmasını təxirə salmaq haqqında onlardan vəsatət daxil olmamışdır. Məhkəmə işə Quba Rayon Polis Şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Quba RPŞ-nin TB-nin təhqiqatçısı, polis baş leytenantı Elçin Həmzəyevin cinayət işinin başlanmasının rədd edilməsi barədə 16 fevral 2024-cü il tarixli qərarından görünür ki, Şəxs Hüseynabala oğlunun barəsində cinayət işinin başlanması rədd edilmiş, qərarın surəti Şəxs Hüseynabala oğlunun barəsində Azərbyacan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə inzibati tədbir görülməsindən ötrü Quba RPŞnin DYPB-nə göndərilməsi qərara alınmışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyib, iş üzrə toplanmış sübütlara hüquqi qiymət verərək hesab edirəm ki, Şəxs Hüseynabala oğlu Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətaların törədilməsində təqsirli bilinməlidir, həmçinin onun əməli həmin maddə ilə düzgün tövsif edilmişdir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində bu Məcəllənin 327.1- 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə-üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Şəxs Hüseynabala oğluna inzibati tənbeh tətbiq edərkən törətdiyi inzibati xətanın xarakterini, şəxsiyyətini xarakterizə edən halları, təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alıram. İlk dəfə inzibati xəta törətməsini və inzibati xəta törətməsini etiraf edib, bu xətanı törətməsindən səmimi peşmançılıq çəkməsini Şəxs Hüseynabala oğlunun məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alıram. Məhkəmə tərəfindən Şəxs Hüseynabala oğlunun məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Törətdiyi inzibati xətanın xarakterini, şəxsiyyətini xarakterizə edən halları, təqsirinin dərəcəsini, əmlak vəziyyətini, məsuliyyətini yüngülləşdirən halı nəzərə alaraq hesab edirəm ki, Şəxs Hüseynabala oğluna cərimə növündə inzibati tənbeh tətbiq etməklə, inzibati tənbehin məqsədlərinə nail olmaq mümkündür. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İXM-nin 112, 113, 114-115, 117, 125-126, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, q ə r a r a a l d ı: Şəxs Hüseynabala oğlu Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və 300 (üç yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində qərarı qəbul etmiş hakim vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar