Məhkəmə qərarları › İş №3(027)-313/2025

Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-313/2025

21.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-313/2025 21.04.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, Xudaverdiyev Elşad Mütəllim oğlunun katibliyi ilə, Şikayət verən X2 nümayəndəsi X3 iştirakı ilə, Azərbaycan Respublikası Quba RPŞ DYPB-nin TP ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə X4 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi : X1 Rayon Məhkəməsinə müraciət edərək, Quba RPŞ DYPB-nin xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli qərarın ləğv edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixində saat 11:13-də etibarnamə əsasında idarə etdiyi LADA Kalina markalı **-LV-*** dövlət qeydiyyat nişanlı avtomobili Quba şəhəri 223-cü Atıcı Diviziya küçəsi ilə hərəkət edərkən YPX xidməti avtomobilində YPX əməkdaşlarının səsgücləndirici vasitəsi ilə avtomobili dayandırma əmrinə tabe olaraq idarə etdiyi avtomobili saxlamışdır. Avtomobilə yaxınlaşan polis əməkdaşı özünü təqdim etmədən idarə etdiyi avtomobilin sənədlərini tələb etmişdir. O, polisin tələbinə tabe olaraq idarə etdiyi avtomobilə dair sənədləri və sürücülük vəsiqəsini polis əməkdaşına vermişdir. O, sənədləri alaraq ona idarə etdiyi avtomobili tərk edərək YPX xidməti avtomobilinə əyləşməyini tələb etmişdir. O, yenə də polisin tələbinə əməl edərək YPX avtomobilinə əyləşmişdir. Həmin avtomobildə olan özünü təqdim etməyən digər polis əməkdaşı onun yol ayrıcını keçmə qaydalarını pozduğuna görə 100 manat cərimə olunduğunu bildirmişdir. O, heç-bir qayda pozuntusunu etmədiyindən əmin olduğunu bildirərək YPX əməkdaşlarından qayda pozuntusunu foto və video çəkilişini təqdim etmələrini xahiş etdikdə isə, müfəttiş birazda uzatsan cəriməni 150 manat olacaq deyərək özündə nəsə qeydlər aparıb sənədləri geri qaytarıb YPX avtomobilini tərk edməyini tələb etmişdir. Bir müddət sonra SMSradar.az mobil tətbiqi vasitəsi ilə İXP6715734 saylı Protokola əsasən İnzibati Xətalar Məcəlləsinin 327.2-yol ayrıcını keçmə qaydalarının pozulması maddəsi ilə 100 manat və 3 bal cərim edilməyibə dair bildiriş əldə etmişdir. Elektron protokola qayda pozuntusuna dair heç-bir şəkil və video dəllilər əlavə edilməmişdir. O, hər bir zaman yol hərəkəti qaydalarına riayət edən sürücüdür. Həmin hadisə zamanı həmçinin qayda pozmaya yol verməmişəm və ona qarşı tərtib edilmiş inzibatı tənbeh tədbiri əsasızdır. Pozulmuş hüquqlarının bərpa edilməsi üçün xx.xx.2024-cü il tarixində Quba rayon məhkəməsinə ərizə ilə müraciət etmiş və şikayəti təmin edilərək barəsində tərtib olunmuş xx.xx.2024-cü il tarixli TP6891135 saylı “İnzibati tənbeh vermə haqqında” elektron qərar Quba Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli № 3(027)-1019/2024 saylı qərarı ilə ləğv edilərək inzibati iş yenidən araşdırılması üçün DİN-nin Quba RPŞ-nin DYP bölməsinə göndərilmişdir. Quba Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli № 3(027)-1019/2024 saylı qərarının surəti tərəfindən 2025-ci ilin yanvar ayında Quba RPŞ-nin DYP bölməsində şəxsən Sahib Süleymanova təqdim etməsinə baxmayaraq sonrakı üç ay ərzində icra edilməmiş, cərimə məbləği 160 manata qədər yüksəlmiş və avtomobilin üzərinə məhdudiyyət - həbs qoyulmuşdur. Məhkəmə qərarının icrasının təmin edilməsi ilə əlaqdərar Quba Rayon İcra və Parobaisya şöbəsininə ünvanladığı xx.xx.2025-ci il tarixli müraciətinə ümumiyyətlə münasibət bildirilməmiş, Quba RPŞ-nə ünvanladığı xx.xx.2025-ci il tarixli müraciət aidiyyatı üzrə araşdırlmamış, araşdırmada iştirakı təmin edilməmişdir. Qərarın icrası ilə əlaqədar Quba RPŞ-nin DYP bölməsinin əməkdaşı polis mayoru Sahib Süleymanova etdiyi çoxsaylı şifahi müraciətləri nəticəsiz qalmış, hər dəfə müxtəlif bəhanələr gətirməklə qayda pozuntusunun video görüntüsünü təqdim etməkdən boyun qaçıraraq, Quba Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli № 3(027)-1019/2024 saylı qərarı qərarının icrasından yayınmışdır. xx.xx.2024-cü il tarixində Quba RPŞ-nin DYP bölməsinin əməkdaşı polis mayoru Sahib Süleymanova yaxınlaşaraq məsələnin həll edilmədiyi təqdirdə X6 qəbuluna yazılaraq şikayət edəcəyini bilirdikdən sonra on dəqiqə ərzində qərar ləğv edilərək barəsində yeni qərar qəbul edilmişdir. Məhkəmə iclasında şikayət verən X2 nümayəndəsi X5 ərizənin məzmununa uyğun izahat vermiş və qərarın ləğv edilməsini xahiş etmişdir. İşə baxılmasının yeri və vaxtı barədə qərarından şikayət verilən Quba RRŞ-ə məlumat verilsə də, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə, qərarından şikayət verilən oranın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti və təqdim olunmuş inzibati xəta materialını tədqiq edərək hesab edir ki, qərardan verilmiş şikayət təmin edilməlidir. Belə ki, iş materiallarında olan DİN Quba RPŞ-nin TP ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X4 Azərbaycan Respublikasının İnzibati Xəatalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 100 (yüz) manat cərimə cəzası tətbiq edilmişdir. Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsinə əsasən, svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə-səksən manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-nin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikasının İXM-nin 122.1-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346, 346-1, 353.1, 353.2, 353.4, 353.5 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. Bu Məcəllənin 346-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaların törədilməsi barədə təsdiq edilmiş qərarlar real vaxt rejimində həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminə göndərilir. Məhkəmə, iş sənədlərini tam, hərtərəfli və obyektiv tədqiq edərək hesab edir ki, şikayət təmin edilməlidir. Belə ki, “LADA Kalina” markalı **-LV-*** dövlət qeydiyyat nişanlı avtomobilin xx.xx.2024cü il tarixdə saat 11:13 radələrində Quba şəhəri 223-cü Atıcı Diviziya küçəsində yolayrıcını keçmə qaydalarını pozmasını əks etdirən görüntü müəyyən olunmamışdır. Qeyd olunan hallar inzibati tənbeh haqqında qərar qəbul edilmiş şəxsin təqsirli olmasını şübhə altına aldığından, məhkəmə hesab edir ki, həmin şübhələr onun xeyrinə həll edilməlidir. Beləliklə Azərbaycan Respublikası DİN Quba RPŞ-nin TP7154193 nömrəli, xx.xx.2024-cü tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının İXM-nin 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda haqqında iş üzrə icraata xitam verilir. Azərbaycan Respublikası İXM-nin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikası İXM-nin 135.1.5-1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayəti təmin edilsin. Azərbaycan Respublikası DİN Quba RPŞ-nin TP ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və həmin inzibati xəta haqqında iş üzrə icraata Azərbaycan Respublikasının İXM-nin 53.1.1-maddəsinə əsasən xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Aydın Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar