Məhkəmə qərarları › İş №3(027)-335/2023

Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-335/2023

04.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-335/2023 04.04.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hacıyev Əmraslan Arif oğlunun katibliyi, Şikayət vermiş X3, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi və protokol tərtib etmiş şəxs X6, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X2 iştirakı ilə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə şikayətinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: X1 rayon Məhkəməsinə şikayət ərizəsi ilə müraciət edərək, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən X5 barəsində tərtib olunmuş xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola əsasən xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli “inzibati tənbeh vermə haqqında” qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixdə Siyəzən rayonunun dağlıq ərazisində lazımı icazə sənədi olmadan qanunsuz olaraq ovla məşğul olması faktı ilə əlaqədar Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən barəsində tərtib olunmuş xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola əsasən xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli “inzibati tənbeh vermə haqqında” qərarla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsi ilə təqsirli bilinərək, 1000 (bir min) manat məbləğində inzibati cərimə olunmuşdur. O həmin qərarla razı deyil. Belə ki, xx.xx.2023-cü il tarixdə o və yoldaşları Şabran rayonu “İstisu” istirahət mərkəzinə getmişlər. İstirahətdən qayıdan vaxt dostu Sahibə məxsus “Niva” markalı avtomobildə texniki nasazlıq olduğundan meşəlik ərazidə dayanmalı olublar. Taleh adında dostu həmin ərazidə gəzərkən kəklik növünə aid quş tapmış və həmin quş cansız olmuşdur. Quba rayonuna qayıdan zaman Ekologiya idarəsinin əməkdaşları avtomobili saxlayaraq axtarış aparan zaman həmin kəklik Talehə məxsus çantadan çıxmışdır. Ekologiya idarəsinin əməkdaşları həmin günü onları çayxanaya dəvət edərək, barələrində protokollar tərtib etmişlər. Poçt vasitəsilə Xudat şəhərində yerləşən Ekologiya idarəsinə dəvət olunmağı barədə bildiriş gəldikdən sonra xx.xx.2023-cü il tarixdə ekologiya idarəsinə getmişdir. İdarədə həmin kəkliyi vurmadığını bildirsə də, barəsində Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə ona 1000 (bir min) manat məbləğində cərimə yazıblar. Qərarı 04 mart 2023-cü il tarixdə rəsmi qaydada almışdır. Həmin protokol və qərarla razılaşmır. Belə ki, Ekologiya idarəsində izahatında qeyd etdiyi kimi həmin kəkliyi o vurmamış və Azərbaycan Respublikasının qanunvericiliyinin hər hansı müddəasını pozmamışdır. Məhkəmə iclasında X5 şikayət ərizəsini müdafiə edərək ərizənin məzmununa uyğun uzahat vermiş və qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X10 izahatında bildirmişdir ki, qeyd edilən protokol onun tərəfindən tərtib edilmişdir. xx.xx.2023-cü il tarixdə “Niva” markalı avtomobildə olan şəxslər qanunsuz öv etmələri şübhəsilə Ekologiyanın işçiləri tərəfindən təqib olunaraq yolda saxlanılıb və avtomobili yoxlayan zaman ordan silah və kəklik tapılıb və müəyyən olunub ki, həmin şəxslər qanunsuz ovla məşğuldular. Avtomobildə 5 nəfər olmuşlar, onlardan biri sürücü olub. Onların heç birində ov etmək məqsədilə lisenziya və buraxılış vərəqələri olmadığından hər birinə ayrı-ayrı protokollar tərtib edilib. Lakin 2 nəfər üçün tərtib edilən protokol ərazi aidiyyəti üzrə Xızı rayonuna göndərilib. Məhkəmə iclasında Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X4 E.Mirzəyevin ifadəsilə eyni məzmunlu izahat verərək qərarın ləğv edilməsi barədə şikayətinin rədd edilməsini xahiş etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X5 Azərbaycan Respublikası İXM-nin 272.3-cü maddəsinə əsasən 1000 (bir min) manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikasının İXM-nin 272.3-cü maddəsinə əsasən ov qaydalarının kobud şəkildə pozulmasına (lazımi icazə olmadan və ya qadağan edilmiş yerlərdə, yaxud qadağan olunmuş müddətlərdə, qadağan edilmiş alətlərlə və ya üsullarla ov edilməsinə), habelə digər ov qaydalarının müntəzəm pozulmasına görə-inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər müsadirə edilməklə və ya müsadirə edilməməklə, min manatdan iki min manatadək məbləğdə cərimə edilir, yaxud altı aydan iki ilədək müddətə ov hüququ məhdudlaşdırılır. İşin halarına əsasən X5 lazımı icazə sənədi olmadan qanunsuz olaraq ovla məşğul olması əsası ilə inzibati məsuliyyətə cəlb olunaraq inzibati cərimə olunmuş və o barəsində olan qeyd edilən qərardan şikayət vermişdir. İnzibati qərar qəbul edilənədək aparılan inzibati araşdırma zamanı X3 ov yerində ora buraxılan quşların izlənilməsi, habelə təqib edilməsi və avtomobildən cansız quş aşkar olunması, yəni ov edilməsi inzibati məsuliyyətə cəlb olunma əsası kimi müəyyən olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 27 yanvar tarixli 10 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının ərazisində ovçuluğun aparılması Qaydalarının 1.2-ci bəndinə əsasən ovçuluğun həyata keçirilməsinə və ovçuluq təsərrüfatlarının aparılmasına aid edilən, təbii sərbəstlik və yarımsərbəst şəraitində yaşayan, habelə ayrı-ayrı hüquqi və fiziki şəxslər tərəfindən yetişdirilib artırılan vəhşi heyvanların məskunlaşdığı torpaq sahələri, meşə, digər bitki və su ilə örtülü olan təbiət əraziləri ov yerləridir. Həmin Qaydaların 2.1-ci bəndinə əsasən quruda və suda təbii sərbəstlik və yarımsərbəst şəraitində daimi, müvəqqəti və köçəri yaşayan, habelə təsərrüfat subyektləri tərəfindən yetişdirilib ov yerlərinə buraxılan suda-quruda yaşayanların, xəzdərililərin, sürünənlərin, quşların və məməlilərin izlənilməsi, təqib edilməsi, tutulması və vurulması üzrə fəaliyyət növü ov sayılır. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, səlahiyyətli orqanın gəldiyi nəticələr üzrə əhəmiyyət kəsb edən məlumatlar, yəni xətanın törədildiyi yerin “Ovçuluq haqqında” Azərbaycan Respublikası Qanunu ilə nəzərdə tutulmuş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən ovçuluq üçün ayrılmış ov yerinə aid olub-olmaması barədə məlumatlar, avtomobildə hərəkətdə olmaqla ov məqsədilə izlənmə və ya təqib mümkünlüyü, aşkar edilmiş 1 ədəd ov obyektinin bir neçə şəxs tərəfindən vurulmasının qeyri-mümkünlüyü ilə bağlı faktiki hallar araşdırılmamışdır. O cümlədən inzibati xəta haqqında işə törədildiyi yerdə baxılmalı olsa da, qərarda xətanın baş verdiyi yer kimi “Siyəzən rayonu, Dağ-quşçu kəndinin qərb istiqamətində dağlıq ərazi” müəyyən olunsa da, 2 şəxs barədə inzibati materialın ərazi aidiyyəti üzrə bir, digər 2 şəxs barədə inzibati materialın ərazi aidiyyəti üzrə başqa aidiyyəti orqana göndərilməsilə bağlı hər hansı əsaslanma aparılmamışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Məhkəmə, qeyd olunanlara əsasən hesab edir ki, X5 tərəfindən verilmiş şikayət qismən təmin olunmalı, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv olunmalı və inzibati iş yenidən araşdırılması üçün Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi göndərilməlidir. Azərbaycan Respublikası İXM-nin 134.1.4-cü maddəsinin tələbinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması və Azərbaycan Respublikası İXM ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında məhkəmə qərar qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 131, 134.1.4 və 135.1.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şikayət qismən təmin edilsin. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və inzibati iş yenidən araşdırılması üçün Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə göndərilsin. Şikayət qalan hissədə təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə Quba Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aydın Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar