Məhkəmə qərarları › İş №3(027)-340/2024

Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-340/2024

09.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-340/2024 09.04.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, Quba rayon İcra və Probasiya şöbəsinin icra məmuru X10, Tələbkarın nümayəndəsi X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Onun müdafiəçisi X4 iştirakı ilə, xx.xx.1982-ci ildə Quba rayonu, Rustov kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, Fin: 0UEYMNT, evli, işləməyən, Quba rayonu, Rustov kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsilə Quba rayon İcra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Daxil olmuş MN ******* nömrəli, 09 aprel 2024-cü il tarixli inzibati xəta haqqında protokola əsasən borclu Şəxs Quba Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(027)-2057/2022 saylı icra sənədini icra etməmiş və icra məmurunun tələblərini yerinə yetirməmiş, bununla da Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında protokol tərtib etmiş Quba rayon İcra və Probasiya şöbəsinin icra məmuru X14 izahatında bildirmişdir ki, Quba Rayon Məhkəməsi tərfindən verilmiş 2(027)-2057/2022 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsinə əsasən, tələbkar Zərərçəkmiş şəxs Quba rayonu, Rustov kəndində yerləşən faktiki borclu Şəxs istifadəsində olan 4 otaqdan ibarət fərdi yaşayış evinə köçürülməlidir.Qeyd olunan icra sənədi şöbənin icraatına xx.xx.2023-cü il tarixdə daxil olmuş və qanuna müvafiq qaydada icraata başlanılmışdır. Eyni zamanda tələbin icrası barədə borcluya rəsmi məlumat verilmişdir. Lakin borclu Şəxs icra sənədi üzrə tələbi qərəzli şəkildə təmin olunmasına izahatında etiraz etmişdir. Borclu Şəxs məhkəmə qərarının icrasına maneçilik törətdiyi üçün Quba Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarına əsasən 8 gün müddətinə inzinbati qaydada həbs olunmuşdur. Lakin bundan nəticə çıxartmayaraq icra sənədinin icrasından boyun qaçırtmaqda davam edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında bildirmişdir ki, məhkəmə qərarı ilə razı deyil və tələb rədd edilməli idi. Belə ki, o Zərərçəkmiş şəxs onun evinə köçürülməsinə razı deyil, həmin evdə onun yaşaması lazım idisə o heç boşanmazdı. Ona kompensasiya təklif etmiş, 7000-8000 min manat civarında kompensasiya ödənilməsini təklif etsə də, ondan böyük məbləğdə pul tələb olunduğu üçün razılaşmamışlar. Hazırda evdə yeni ailəsi ilə yaşayır, tələbkarla birlikdə yaşaması mümkün deyildir. Məhkəmə iclasında tələbkarın nümayəndəsi X7 izahatında bildirmişdir ki, Şəxs məhkəmə qərarının icrasına imkan vermir, icra sənədinin icra olunmasını və tələbkarın həmin evə köçürülməsini xahiş etmişdir. Əlavə edərək sərt inzibati tənbeh veriləcəyi halda belə, icra sənədinin icrasına nail olunacağına inanmadığından, daha sərt inzibati tənbeh verilməsini tələb etmədiyini bildirmişdir. Məhkəmə iclasında müdafiəçisi X1 Telman Əmirşah oğluna kompensasiya ödənilməsi üçün vaxt verilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, X5 inzibati tənbeh almış şəxs kimi inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrarən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra etməməklə və icra məmurunun məhkəmə qərarının icrası ilə əlaqədar digər qanuni tələblərini yerinə yetirməməklə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulan əməli törətmişdir. Onun əməli düzgün olaraq həmin maddə ilə tövsif olunmuşdur. X2 əməlinin inzibati xəta olmasını aradan qaldıran hallar və inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Belə ki, iş materiallarında olan Quba Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(027)- 2057/2022 saylı icra vərəqəsinə əsasən iddiaçı Zərərçəkmiş şəxs Quba rayonu Rustov kəndində yerləşən faktiki cavabdeh Şəxs istifadəsində olan 4 otaqdan ibarət fərdi yaşayış evinə köçürülməsi qət edilmişdir. İş materiallarında olan “İcraata başlamaq haqqında” qərarın surətindən görünür ki, Quba Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(027)-2057/2022 saylı icra sənədi xx.xx.2023-cü il tarixində icra məmuru Elmar Abdullayevin icraatına daxil olmuşdur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, tələbin könüllü icrasını təmin etmək məqsədilə Şəxs bildiriş göndərilmişdir. Bildiriş xx.xx.2023-cü il tarixində imzalanaraq qəbul edilmişdir. Buna baxmayaraq o icra məmurunun çağırışlarından yayınaraq, tələbin könüllü icrasını yerinə yetirməmişdir Məhkəmə hesab edir ki, borclu Şəxs yuxarıda qeyd edilən hərəkətləri icra sənədi üzrə tələbin icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, qeyd edilən icra sənədinin icrası ilə əlaqədar Quba rayon İcra və Probasiya şöbəsi tərəfindən borclu Şəxs tələbin könüllü icrası barədə bildirişlər göndərilməsinə, dəfələrlə icra şöbəsinə dəvət edilməsinə, habelə icr sənədini icra etmədiyindən müvafiq məsuliyyətə cəlb edilməsinə baxmayaraq, o icra sənədini icra etməmişdir. İş materiallarından göründüyü kimi, Quba Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(027)-2057/2022 saylı qətnaməsi üzrə borclu Şəxs icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə Quba Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(027)-2175/2023 saylı qərarına əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək barəsində 08 (səkkiz) gün müddətində inzibati həbs tətbiq edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 528.1-1-ci maddəsinə əsasən bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə - fiziki şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. Qeyd edilən Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. AR İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən məsuliyyəti yüngülləşdirən hal müəyyən olunmamışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmamışdır. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun törətdiyi inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun əmlak vəziyyətini nəzərə alaraq, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1- 1-ci maddəsinin sanksiyasında nəzrədə tutulmuş inzibati həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini inzibati tənbehin məqsədlərinə nail olunması baxımından daha məqsədəmüvafiq hesab edir. Məhkəmə həmçinin hesab edir ki, inzibati həbsdə saxlama müddətinin əvvəli inzibati xəta törətmiş şəxsin protokol tərtib etmək üçün gətirildiyi vaxtdan, yəni 09 aprel 2024-cü il, saat 14:00dan hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 89.5-ci maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati xəta törətmiş şəxsin protokol tərtib etmək üçün gətirildiyi vaxtdan, sərxoş halda olmuş şəxsin isə ayıldığı vaxtdan hesablanır. Azərbaycan Respublikası İXM-nin 156.1-ci maddəsinə əsasən hakim tərəfindən inzibati həbs haqqında qərar çıxarıldıqdan sonra həmin qərar dərhal icra edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1, 114-115-ci və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək barəsində 17 (on yeddi) gün müddətində inzibati həbs tətbiq edilsin. Qərar dərhal icra edilsin. İnzibati həbsdə saxlama müddətinin əvvəli 09 aprel 2024-cü il, saat 14:00-dan hesablansın. Şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən müəyyən edilən yerdə mühafizə altında saxlanılsın. Quba rayon Vəkil Bürosunun vəkili X8 tərəfindən Şəxs hüquqlarının dövlət hesabına məhkəmədə müdafiə edilməsinə görə 06 (altı) manat dövlət büdcəsindən tutularaq Quba rayon Vəkil bürosunun hesabına keçirilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Aydın Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar