Məhkəmə qərarları › İş №3(027)-342/2025

Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-342/2025

25.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-342/2025 25.04.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, Xudaverdiyev Elşad Mütəllim oğlunun katibliyi ilə, Şikayət verən X2 iştirakı ilə Azərbaycan Respublikası DİN BDYPİ-nin EQ 26979111 nömrəli, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə X3 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi : X1 Rayon Məhkəməsinə müraciət edərək, barəsində Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə xx.xx.2025-ci il tarixdə tərtib edilmiş EQ 26979111 nömrəli inzibati xəta haqqında elektron protokol əsasında qəbul edilmiş qərarın ləğv edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Etibarnamə əsasında Chevrolet Cruze markalı, **-BY-*** dövlət qeydiyyat nişanlı avtomobili «B» və «C» dərəcəli sürücülük vəsiqəsi əsasında idarə edir. xx.xx.2025ci il tarixdə saat 13 radələrində həmin avtomobili Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 259-cu kmdə hərəkət etdirmişdir. Həmin vaxt onun mobil telefonuna bildiriş gəlmişdir ki, o, əks istiqamətli hərəkət zolağına çıxmaqla manevr etmə qaydalarını pozmuşdur. Ona görə də barəsində həmin tarixdə Azərbaycan Respublikasının İXM-nin 327.2-ci maddəsi ilə EQ 26979111 nömrəli inzibati xəta haqqında elektron protokol tərtib edilmiş və o, 3 cərimə balı və 100 (yüz) manat məbləğində cərimə olunmuşdur. Həmin elektron protokol qanunsuz və əsassız tərtib olunmuş, o cümlədən qəbul edilmiş qərar da qanunsuz qəbul edilmişdir. Belə ki, həmin yerdə quraşdırılmış kameralar yol-hərəkət qaydaları pozuntularını qeydə alınması üçün nəzərdə tutulmamış və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminə inteqrasiya olunmamış, ona görə də “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar qanunsuz çıxarılmış və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənməmişdir. Onun inzibati xətaya yol verməyi, buna səlahiyyəti olmayan texniki avadanlıq vasitəsilə qeydə alınmışdır. Ərizəsinə əlavə etdiyi foto şəkillərdən də aydın olur ki, idarə etdiyi nəqliyyat vasitəsi çox hündür məsafədən çəkilmişdir. Əgər həmin şəkililər YPX xidməti avtomobilinin üzərində quraşdırılmış «i-patrul» kamerası və ya sırf bu məqsədlər üçün quraşdırılmış digər texniki avadanlıqlar (radar, nömrə tanıma və s.) vasitəsilə aşkar olunsaydı, fotonun çəkildiyi rakurs bu qədər hündür ola bilməzdi. Ümumiyyətlə, bu kameralar vasitəsilə aşkar olunmuş inzibati xəta aidiyyatı qurumun sisteminə inteqrasiya olunmadığından onun barəsində elektron protokol tərtib etmək və inzibati tənbeh vermək üçün əsas olmuş sübutlar qanunsuz yolla əldə edilmişdir. Ona görə də, aşağıda qeyd etdiyi normativ hüquqi aktların tələblərinə əsasən, barəsində çıxarılmış inzibati tənbeh vemə haqqında qərar ləğv edilməlidir. Məhkəmə iclasında şikayət verən X3 ərizənin məzmununa uyğun izahat vermiş və qərarın ləğv edilməsini xahiş etmişdir. İşə baxılmasının yeri və vaxtı barədə qərarından şikayət verilən DİN-nin BDYPİ-nə məlumat verilsə də, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə, qərarından şikayət verilən oranın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti və təqdim olunmuş inzibati xəta materialını tədqiq edərək hesab edir ki, qərardan verilmiş şikayət təmin edilməlidir. Belə ki, iş materiallarında olan DİN BDYPİ-nin EQ 26979111 nömrəli, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X3 Azərbaycan Respublikasının İnzibati Xəatalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 100 (yüz) manat cərimə cəzası tətbiq edilmişdir. “Yol hərəkəti haqqında” AR Qanununun 69-cu maddəsinin Vİ hissəsinin 1-ci bəndinə əsasən 1.1 — əks istiqamətli nəqliyyat axınlarını ayırır və yolların təhlükəli yerlərində hərəkət zolaqlarının sərhədini, yolun hərəkət hissəsinin giriş qadağan edilən sərhədlərini, nəqliyyat vasitələrinin duracaq yerlərinin sərhədlərini və avtomagistrallara aid edilməyən yolların hərəkət hissəsinin kənarlarını göstərir; 1.6 — əks istiqamətli və ya eyni istiqamətli nəqliyyat axınlarını ayıran 1.1 və ya 1.11 nişanlanma xətlərinə yaxınlaşma barədə xəbərdarlıq edir (yaxınlaşma xətti — cizgilərinin uzunluğu onların aralarındakı məsafədən üç dəfə böyük olan qırıq xətlər-üfiqi nişanlanma (yolun uzununa nişanlama) xətlərinə aiddir. “Yol hərəkəti haqqında” AR Qanununa əsasən ötmə - hərəkət etdiyi zolağı dəyişməklə hərəkətdə olan bir və ya bir neçə nəqliyyat vasitəsini ötüb keçməkdir. Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsinə əsasən, svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görəsəksən manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-nin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Məhkəmə, iş sənədlərini tam, hərtərəfli və obyektiv tədqiq edərək hesab edir ki, şikayət qismən təmin edilməlidir. Belə ki, xx.xx.2025-ci il tarixdə saat 13:24-də Bakı-Şamaxı-Yevlax yolu 259 km-də ötmə qaydalarını pozaraq əks istiqamətli hərəkət zolağına çıxmasını əks etdirən görüntü mövcud deyildir. Qeyd olunan hallar inzibati tənbeh haqqında qərar qəbul edilmiş şəxsin təqsirli olmasını şübhə altına aldığından, məhkəmə hesab edir ki, həmin şübhələr onun xeyrinə həll edilməlidir. Beləliklə Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin EQ 26979111 nömrəli, xx.xx.2025-ci tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının İXM-nin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati haqqında iş üzrə icraata xitam verilir. Azərbaycan Respublikası İXM-nin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikası İXM-nin 135.1.5-1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X2 şikayəti təmin edilsin. Azərbaycan Respublikası DİN BDYPİ-nin EQ 26979111 nömrəli, xx.xx.2025-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və həmin inzibati xəta haqqında iş üzrə icraata Azərbaycan Respublikasının İXM-nin 53.1.2-maddəsinə əsasən xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Aydın Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar