Məhkəmə qərarları › İş №3(027)-347/2025

Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-347/2025

28.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-347/2025 28.04.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, Xudaverdiyev Elşad Mütəllim oğlunun katibliyi, Şikayət verən X2 iştirakı ilə, X2 Azərbaycan Respublikasının DİN BDYPİ-nin 31 mart 2025-ci il tarixli EQ 27019523 nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə şikayətinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: X5 məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının DİN BDYPİ-nin 31 mart 2025ci il tarixli EQ 27019523 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, 31 mart 2025-ci il tarixdə sahibkar X4 məxsus, etibarnamə əsasında idarə etdiyi və icrayə götürdüyü DAF FT XF 105.460 Yük markalı, ** RL *** dövlət qeydiyyat nişanlı avtomaşına şebendən ibarət yükü Quba rayonunun Zərdabi qəsəbəsindən yükləyib Bakı şəhərinə aparırmışdır. Yükü ünvanına aparmamışdan əvvəl Quba rayonun Zərdabi qəsəbəsində "xxxx" MMC-nin tərəzisində ölçmüş ki, norma pozuntusuna yol verilməsin. Ümumi çəki yol verilən 40 ton çəkini aşmamış və buna görə də yükün aparılmasına icazə verilmişdir. Yüklə yolda olduğu zaman mobil telefonuna SMS gəldi ki, normadan artıq yükdaşımaya yol verdiyinə görə barəsində Azərbaycan Respublikası İXM-nin 353.2-ci maddəsi ilə təqsirli bilinərək, Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən elektron tərəzinin qeydə aldığı məlumat əsasında protokol tərtib olunmuşdur. Barəsində tərtib olunmuş qərarda qeyd olunmuşdur ki, yolun Şabran rayonunun Mollakamallı kəndindən keçən hissəsində quraşdırılmış elektron tərəzinin göstəricilərinə əsasən idarə etdiyi avtomobilin yüklə birlikdə çəkisi 42790 kq göstərilməklə, güya o, normadan - 40 tondan artıq yükdaşımaya yol verməklə inzibati xəta törətmiş və 600 manat məbləğində cərimə olunmuşdur. DİN-nin BDYPİ-nin tərtib etdiyi həmin qərarı əsassız hesab edir. Belə ki, o, qeyd olunan yol hərəkəti qaydasını pozmamış, qərarda adına yazılan bu pozuntu düzgün göstərilməmişdir. Çünki həmişə olduğu kimi yüklə yola düşməmişdən əvvəl avtomobilin yüklə birlikdə çəkisi tərəzidə çəkilmiş və norma daxilində olmuşdur ki, bu barədə xx.xx.2025-ci il tarixli, 37839 nömrəli qəbz də mövcuddur. Ona görə də Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ 27019523 saylı qərarı təmamilə əsassız olduğundan ləğv edilməlidir. Belə ki, o, həmin zaman heç bir qayda pozuntusu etməmişdir. Ona görə də hesab edir ki, məhkəmə tərəfindən lazımi qaydada araşdırma aparılmalı, təqsirsizliyi sübuta yetirilməli və 31 mart 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməlidir. Çünki barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş şəxsin təqsirli olması şübhə altına alındığından həmin şübhələr onun xeyrinə həll edilməlidir. Məhkəmə iclasında X5 ərizənin məzmununa uyğun izahat vermiş və qərarın ləğv edilməsini xahiş etmişdir. İşə baxılmasının yeri və vaxtı barədə qərarından şikayət verilən Azərbaycan Respublikası DİN BDYPİ-nə məlumat verilsə də, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə, qərarından şikayət verilən oranın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti və təqdim olunmuş inzibati xəta materialını tədqiq edərək hesab edir ki, qərardan verilmiş şikayət təmin edilməməlidir. İş materiallarında olan 31 mart 2025-ci il tarixli EQ 27019523 saylı qərardan görünür ki, X5 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsinə əsasən 600 (altı yüz) manat cərimə edilmiş, qərar həmin tarixdən qüvvəyə minmişdir. İnzibati qərara əlavə edilmiş foto və video görüntülərindən göründüyü kimi, X1 idarə etdiyi nəqliyyat vasitəsinin maksimal kütləsi 40 000 kq müəyyən edildiyi halda, elektron tərəzi vasitəsilə çəkisinin həmin çəkidən 790 kq artıq olması aşkar edilmişdir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinin 52-ci bəndinə görə iriqabaritli nəqliyyat vasitəsi - ümumi istifadədə olan avtomobil yolları və yol qurğuları üçün müəyyən edilmiş qabarit parametr hədlərini aşan yüklü və ya yüksüz nəqliyyat vasitəsidir. Həmin Qanunun 57-ci maddəsinin 1-ci bəndinə əsasən daşınan yükün kütləsi və yüklərin oxlar üzrə paylanması istehsalçı müəssisənin həmin nəqliyyat vasitəsinin növü üçün müəyyən etdiyi kəmiyyətlərdən artıq olmamalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İXM 353.2-ci maddəsinə əsasən, iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla (icazə verilən ümumi kütlə və ya oxa düşən yükün kütləsi üzrə 5 faiz və daha artıq) ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsinə görə fiziki şəхslər altı yüz mаnаt məbləğində cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 127-1.1-ci maddəsinəsasən bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi ilə əlaqədar inzibati tənbeh vermə haqqında elektron qərar hərəkətdə olan nəqliyyat vasitəsinin çəki və kütlə parametrlərini ölçən və yol örtüyünün altında yerləşən xüsusi texniki vasitələrin (elektron tərəzilərin) məlumatları əsasında bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş qaydada çıxarılır. Bütün elektron tərəzilər müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya edilməlidir. Həmin Məcəllənin 127-1.5-ci maddəsinə əsasən saxlanılmış nəqliyyat vasitəsinin çəki və kütlə parametrləri nəzarət məntəqəsində quraşdırılmış xüsusi texniki vasitələrlə saxlanılmış nəqliyyat vasitəsini idarə edən şəxsin iştirakı ilə müvafiq icra hakimiyyəti orqanının və müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun əməkdaşları tərəfindən ölçülür və məlumatlar real vaxt rejimində müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə ötürülür. “Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə iriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin hərəkət etməsi və onların hərəkətinə xüsusi icazənin verilməsi Qaydası”nın, “Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə iriqabaritli və ağırçəkili avtonəqliyyat vasitələrinin hərəkət etməsinə görə ödənişlərin dərəcələri”nin və “Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə hərəkət edən avtonəqliyyat vasitələrinin icazə verilən qabarit və çəki parametrləri”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 07 iyul 2009-cu il taruxli 104 saylı qərarına əsasən Nəqliyyat vasitəsinin icazə verilən ümumi kütləsi (çəkisi) 2 nömrəli cədvəllə müəyyən edilmiş hədləri aşmamalıdır: Dördoxlu, iki oxu aparıcı olan, hər biri iki cüt təkərdən ibarət olan hava və ya ona ekvivalent asqıya malik olan avtomobilə icazə verilən ümumi kütlə 32t nəzərdə tutulmuşdur. Təqdim olunmuş sübutlardan göründüyü kimi, X3 idarə etdiyi nəqliyyat vasitəsini icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla (icazə verilən ümumi kütlə və ya oxa düşən yükün kütləsi üzrə 5 faiz və daha artıq) ümumi istifadədə olan avtomobil yollarında idarə etməsi müəyyən olunmuşdur. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının DİN BDYPİ-nin İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsinə əsasən tərtib edilmiş 31 mart 2025-ci il tarixli EQ 27019523 nömrəli qərarı faktiki əsaslar olmaqla prosessual tələblərə riayət edilməklə qəbul edildiyindən, həmin qərarın ləğv edilməsi barədə X2 şikayəti təmin olunmamalıdır. Azərbaycan Respublikası İXM-nin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1, 131-134, 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: X2 Azərbaycan Respublikasının DİN BDYPİ-nin İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsilə inzibati tənbeh vermə haqqında 31 mart 2025-ci il tarixli EQ 27019523 nömrəli qərarının ləğv edilməsi barədə şikayəti təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aydın Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar