Məhkəmə qərarları › İş №3(027)-353/2023

Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-353/2023

14.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-353/2023 14.03.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, Protokol tərtib edən polis Quba RŞ-nin X3 polis sahə rəisi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1983-cü ildə Quba rayonu, Ördüc kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işsiz, Quba rayonu, Ördüc kəndində qeydiyyatda olan və həmin kənddə yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsilə Quba rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola əsasən Şəxs xx.xx.2023-cü il tarixdə, Ördüc kənd sakinləri Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 söyüşlərlə təhqir edərək ictimai qaydanı pozmuşdur. Məhkəmə iclasında protokol tərtib edən X2 izahatında bildirmişdir ki, Şəxs xx.xx.2023-cü il tarixdə həmkəndliləri Ördüc kənd sakinləri Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 nalayiq söyüşlərlə söyərək təhqir etmiş və bu barədə Zərərçəkmiş şəxs2 şöbəyə zəng vuraraq məlumat vermişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü qismən təqsirli bilərək izahatında bildirmişdir ki, həmin günü sərxoş olmuş və heyvanlarını kəndin ərazisində küçədə saxlamasını Amil ona irad bildirmişdir və o da əsəbləşərək onu və həyat yoldaşını söymüşdür. Məhkəmə iclasında şahid Zərərçəkmiş şəxs2 ifadəsində bildirmişdir ki, yaşadığı evin həyətində ağacların dibini belləyərkən qonşusu Rahib sərxoş halda onun bağının çəpərinə yaxınlaşaraq onu və yoldaşını nalayiq söyüşlərlə söyməyə başlamışdır. Ona yoldaşının yanında belə ifadələrin işlətməməsini xahiş etsə də, məhəl qoymayaraq söyməkdə davam etmişdir. O da məcbur olub ona cavab vermişdir. Həmin vaxt orda digər qonşular da olmuşdur. Barəsində tədbir görülməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid Zərərçəkmiş şəxs1 izahatında bildirmişdir ki, evinin qarşısında bostan sahəsində yoldaşı Amillə birlikdə yer belləyərkən qonşuluqda yaşayan Şəxs sərxoş halda onlara yaxınlaşaraq ilk öncə yoldaşını və sonra da onu söyməyə başlamışdır. Yoldaşı ona söyməməsini desə də, məhəl qoymayaraq Amilin ünvanına nalayiq ifadələr işlətmişdir. Həmin vaxt orda digər qonşular da olmuşdur. Qeyd etmişdir ki, bu hal birinci dəfə deyil, o dəfələrlə belə hərəkətlərə yol vermişdir, ona görə Şəxs haqqında tədbir görülməsini xahiş etmişdir. Məhkəmə inzibati xəta haqqında iş materiallarını araşdıraraq və sübutları tədqiq edərək belə nəticəyə gəlir ki, Şəxs fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən, lakin ictimai qaydanı pozan hərəkətlərlə Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir və onun əməli düzgün olaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə tövsif olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. AR İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. AR İnzibati Xətalar Məcəlləsinin 32.1.1-ci maddəsinə əsasən səmimi peşmançılığı məsuliyyəti yüngülləşdirən hal kimi müəyyən olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33.1.7-ci maddəsinə əsasən inzibati xətanın sərxoş halda olan şəxs tərəfindən törədilməsi məsuliyyəti ağırlaşdıran hal kimi müəyyən olunmuşdur. Şərh edilənləri nəzərə alaraq, məhkəmə inzibati xəta törətmiş Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən halları, onun təqsirinin dərəcəsi, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alaraq barəsində cərimə növündə inzibati tənbeh tətbiq edilməsini tənbehin məqsədləri baxımından məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114-115-ci və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 50 (əlli) manat məbləğində cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə Quba Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Aydın Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar