Məhkəmə qərarları › İş №3(027)-358/2023

Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-358/2023

14.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-358/2023 14.07.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hacıyev Əmraslan Arif oğlunun katibliyi, Şikayət verən şəxsin şəxsin nümayəndəsi qismində vəkili Nümayəndə iştirakı ilə, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından X13 tərəfindən verilmiş şikayətə baxaraq, məhkəmə müəyyən etdi : X1 tənbeh vermə haqqında qərarından şikayət ərizəsilə müraciət edərək, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi, 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X6 "X25 Hospitality and Management" MMC-nin direktoru X13 barəsində qəbul etdiyi inzibati tənbeh vermə haqqında MN ******* nömrəli, 03 mart 2023-cü il tarixli qərarın ləğv edilməsini və inzibati xəta haqqında həmin işin icraatına xitam verilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi, 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən tərib edilmiş, 30 yanvar 2023-cü il tarixli, 77500 nömrəli aktda qeyd olunub ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə ünvanlanmış, ünvan 1də torpaq qanunvericiliyinin tələblərinin pozulması barədə 20 oktyabr 2022-ci il tarixli, **********89 nömrəli məktuba əsasən qeyd olunan əraziyə baxış keçirilərək araşdırma aparılmış, araşdırma zamanı qeyd olunan ünvanda yerləşən "X25 Hospitality and Management" MMC-nin istifadəsində olan istirahət kompleksinə bitişik su hövzəsinin şimal sahili boyu 52 metr uzunluqda və 10-20 metr arasında dəyişən ölçülərdə 250-300 kv. metr torpaq sahəsində və su hövzəsinin sahil zolağında svayların vurulduğu yamacın yuxarı hissəsində torpaq sürüşməsinin müşahidə olunduğu yerə qədər 40X20, 10X20 metr ölçülərdə, 3 metr hündürlükdə tikili inşa olunduğu müəyyən edilmişdir. Faktla əlaqədar tərəflərindən 25 noyabr 2022-ci il tarixli, 76434 saylı akt və aşkar olunmuş nöqsanların aradan qaldırılması məqsədilə X9 idarə tərəfindən 28 noyabr 2022-ci il tarixli, 030 saylı icrası məcburi olan "Məcburi göstəriş" verilmişdir. 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 05 yanvar 2023-cü il tarixli, 0002 saylı sərəncamına əsasən qeyd edilən "Məcburi göstəriş"in icra vəziyyəti araşdırılmış, araşdırma zamanı "Məcburi göstəriş”in tələblərinə riayət olunmadığı. X5 Agentliyi tərəfindən verilmiş müvafiq rəydə nəzərdə tutulmuş bəndbərkidici tədbirlərdən əlavə aparılmış tikinti işlərinin sökülməsinin təmin edilmədiyi, rəydə qeyd olunanlardan əlavə aparılacaq tikinti işlərinin layihə texniki sənədlərinə ekoloji ekspertiza rəyinin alınmadığı müəyyən olunmuşdur. Bununla da X13 tərəfindən "Ətraf mühitin mühafizəsi haqqında" Azərbaycan Respublikası Qanununun 71-ci maddəsinin tələbləri pozulmuşdur. Bundan sonra 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin baş məsləhətçi müfəttişi X3 tərəfindən "X25 Hospitality and Management" MMC-nin direktoru X13 barəsində İnzibati Xətalar Məcəlləsinin 541-ci maddəsi üzrə, 30 yanvar 2023-cü il tarixli, MN ******* saylı inzibatı xəta haqqında protokol tərtib olunmuşdur. 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X6 inzibati tənbeh vermə haqqında MN ******* nömrəli, 03 mart 2023-cü il tarixli qərarı ilə, həmin protokol əsasında, X1 Xətalar Məcəlləsinin 541-ci maddəsinə əsasən (Ətraf mühitin mühafizəsinə nəzarəti həyata keçirən müvafiq icra hakimiyyəti orqanının tələblərinin yerinə yetirilməməsi) 3000 (üç min) manat məbləğində cərimə edilmişdir. 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X6 həmin qərarını aşağıda qeyd olunanlara əsasən tamamilə qanunsuz və əsassız hesab edirlər. Belə ki, əvvəla "X25 Hospitality and Management" MMC-nin istifadəsində olan istirahət kompleksinə bitişik su hövzəsinin ətrafında qanunsuz tikinti işlərinin aparılması barədə yoxlayıcı tərəfindən tərtib olunmuş 25 noyabr 2022-ci il tarixli, 76434 saylı aktda və inzibati xəta haqqında protokolda qeyd olunan məlumatlar doğru deyildir. Cəmiyyət həmin ərazidə heç bir qanunsuz tikinti işləri aparmamışdır. Cəmiyyətin həmin ərazidə gördüyü işlər yalnız sahilbərkitmə işlərindən ibarətdir və həmin işlər X17 Agentliyindən alınmış müsbət rəy əsasında aparılmışdır. Belə ki, Cəmiyyət Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X17 Agentliyinə rəsmi qaydada müraciət edərək, icarəyə götürdüyü Bulaqdərə su hövzəsinin sürüşməyə meylli olan 52 metrlik hissəsində sahilboyu sabitliyin təmin edilməsi, sözü gedən əraziyə istiqamətlənmiş su axarlarının idarə olunması, sürüşməyə meyilli olan sahədə svayların vurulması və digər bəndbərkidici-qoruyucu işlərin görülməsinin zəruri olduğunu bildirmiş, həmin Agentlik tərəfindən verilən 05 avqust 2022-ci il tarixli cavab məktubunda həmin ərazidə sürüşmə prosesinin qarşısının alınması və su hövzəsinin sahilboyu sabitliyinin təmin edilməsi üçün planlaşdırılan sahilbərkitmə işlərinin müfəssəl mühəndisgeoloji tədqiqat işləri nəzərə alınmaqla yerinə yetirilməsinə etiraz edilmədiyi bildirilmişdir. Cəmiyyət həmin rəy əsasında qeyd olunan ərazidə bəndbərkitmə işlərini aparmış və su hövzəsində torpaq sürüşməsinin qarşısı alınmışdır. Bundan başqa, bəndbərkitmə işlərinin aparıldığı torpaq sahəsi Cəmiyyətin icarəsində olan Bulaqdərə su anbarının ərazisinə aid deyildir. Həmin işlər Bulaqdərə su anbarına bitişik sahədə yerləşən və Cəmiyyətin özünə məxsus, xüsusi mülkiyyətdə olan torpaq sahəsi üzərində aparılmışdır. Tikinti işləri aparılan torpaq sahəsinin xüsusi mülkiyyətdə olduğuna dair müvafiq dövlət reyestrindən Çıxarış var. İcarəyə götürülmüş torpaq sahəsində isə Cəmiyyət yalnız abadlıq və bərpa işlərini aparır. Bu sahədə indiyədək ekoloji baxımdan xeyli faydalı işlər görülmüşdür. Belə ki, ötən əsrin 70-ci illərində yaradılmış həmin su hövzəsində suyun səviyyəsi son illərdə axar su mənbəyi olmadığından azalmağa başlamışdır. Bunun qarşısının alınması məqsədi ilə Cəmiyyət tərəfindən özəl investisiya hesabına yaxınlıqdakı su mənbələrindən mexaniki su xətti çəkilmiş və əvvəlki illərlə müqayisədə suyun səviyyəsi bərpa olunmuşdur. Həmçinin təbiətin ahəngini və vizual gözəlliyini pozmadan göl ətrafı piyada səkilərinin qurulması və gölə aparan avtomobil yollarının bərpası Cəmiyyət tərəfindən həyata keçirilmişdir.Gölətrafı gəzinti yollarında ekoloji baxımdan təmiz olan elektromobillərdən istifadə olunur. Ümumiyyətlə "Macara otel kompleksi" nin tikilməsi və otelə aid infrastrukturun yaradılması işləri aparılarkən ərazinin relyefinə ciddi həssaslıqla yanaşılmışdır. Hətta ərazilərin daha da yaşıllaşdırılması istiqamətində xeyli işlər görülmüş və ərazidə çoxlu sayda ağacların əkilməsi həyata keçirilmişdir. Cəmiyyət tərəfindən İstirahət kompleksinin ərazisində xüsusi təmizləyici avadanlıq qurulmuşdur ki, bu da İstirahət kompleksi ərazində yerləşən otel, restoran və s. obyektlərdə istifadə olunan tullantı sularının həmin avadanlıq vasitəsilə təmizlənib yenidən istifadəyə yararlı vəziyyətə gətirilməsini təmin edir. İstirahət kompleksinin ərazisində yerləşən məişət tullantı sahələri, tüstü sobaları mütəmadi olaraq aidiyyəti xidmətlər tərəfindən təmizlənir, daşınır və nəzarət olunur. Su hövzəsinin biomüxtəlifliyinin konservasiyası üçün Cəmiyyət tərəfindən xüsusi balıqyetişdirmə məntəqələrindən il ərzində 3-4 dəfə müxtəlif balıq növləri gətirilib gölə buraxılır və yetişdirilməsi təmin edilir. Lakin çox təəssüf hissi ilə qeyd edir ki, Cəmiyyətin ölkənin və regionun inkişafına yönəlmiş olan fəaliyyətinə çox ciddi maneələr törədilir. Əmlak Məsələləri Dövlət Xidməti ilə Cəmiyyət arasında imzalanmış xx.xx.2020ci il tarixli 164/144 nömrəli icarə müqaviləsi əsasında Cəmiyyətə icarəyə verilmiş, Bulaqdərə su hövzəsinə aid olan torpaq sahəsinin təqribən 0,88 ha hissəsi, 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəhbərliyinə də məlum olan şəxslər tərəfindən zəbt edilib və həmin ərazidə geniş miqyaslı qanunsuz tikinti işləri aparılır. Bu barədə müvafiq səlahiyyətli dövlət orqanlarına dəfələrlə məlumat vermiş həmin qanunsuzluqların qarşısının alınması üçün lazımi tədbirlər görülməsini xahiş etmişlər. Lakin həmin şəxslər barəsində indiyədək heç bir tədbir görülməmişdir. Buna görə də Cəmiyyət qanuni istifadəsində olan torpaq sahəsinin zəbt olunmuş 0,88 ha hissəsi ilə bağlı məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Hazırda Cəmiyyətin iddiası əsasında, yerli məhkəmənin qərarı ilə Cəmiyyətin istifadəsində olan torpaq sahəsində aparılan qanunsuz tikililərin dayandırılmasına nail olunub. Həmin qanunsuz tikililərin sökülməsi ilə bağlı məhkəmə işi hazırda davam edir. Səlahiyyətli dövlət orqanları isə bu qanunsuzluqların qarşısını almaq və dövlət torpaqlarının mühafizəsini təmin etmək əvəzinə, həmin torpaqları zəbt edən X11, X14, Xəlfəyev Kəmaləddin, X15, xüsusi qeyd edilməli olan, torpaq sahəsinin zəbtində və həmin sahədə qanunsuz tikinti işlərinin aparılmasına himayədarlıq edən, özünün vəzifə səlahiyyətlərindən sui-istifadə edən, DİN-nin strukturunda rəhbər vəzifəsi olan X4 tapşırığına əsasən, özünü media işçisi kimi təqdim edən Kamran Səvavət adlı şəxsin yalan və böhtan xarakterli məktub və məqalələri əsasında Cəmiyyətə qarşı əsassız yoxlamalar təşkil edir, barəsində qanunsuz protokol və aktlar tərtib edirlər. Bu qanunsuz yoxlamalardan biri də məhz 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən aparılan yoxlamadır. Həmin İdarə tərəfindən Quba istirahət kompleksinin ərazisində yoxlama aparılarkən qanunvericiliyin bütün tələbləri ciddi şəkildə pozulmuşdur. Belə ki, "'Ətraf mühitin mühafizəsi haqqında" Azərbaycan Respublikası Qanununun 71-ci maddəsinin 1-ci hissəsinə əsasən – Ətraf mühitin mühafizəsi sahəsində dövlət nəzarətini müvafiq icra hakimiyyəti orqanları bu Qanunun və "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq həyata keçirirlər. Göründüyü kimi, qüvvədə olan qanunvericiliyə görə yoxlayıcı sahibkarlıq subyektində yoxlama apararkən bu barədə müvafiq qərar qəbul etməli, həmin qərarı yoxlamaların vahid məlumat reyestrində qeydə aldırmalı və yoxlama apararkən həmin qərarın surətini və qərarın yoxlamaların vahid məlumat reyestrində qeydə alındığını təsdiq edən çıxarışı sahibkara təqdim etməlidir. Bu qaydalar yoxlayıcı tərəfindən aparılan bütün yoxlamalara, o cümlədən baxışlara, araşdırmalara da şamil edilir. Yoxlayıcı tərəfindən müvafiq qərar qəbul edilmədən, həmçinin qəbul edildiyi halda həmin qərar yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamanın heç bir hüquqi nəticəsi yoxdur. Yəni, həmin yoxlama zamanı sahibkarlıq subyektində hətta hər hansı bir qanun pozuntusu aşkar edildikdə belə, bu barədə heç bir məsuliyyət tədbiri tətbiq oluna bilməz. 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən isə Macara istirahət mərkəzində nə birinci dəfə, nə də ikinci dəfə yoxlama aparılması barədə heç bir qərar qəbul edilməmiş, Cəmiyyətə həmin yoxlamalara dair qərarların yoxlamaların vahid məlumat reyestrində qeydə alındığına dair çıxarış təqdim olunmamışdır. Təkcə bu fakt 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş məlum "İnzibati xəta haqqında" protokolun və onun əsasında qəbul edilmiş inzibati tənbeh tədbiri haqqında MN ******* nömrəli, 03 mart 2023-cü il tarixli qərarın tamamilə qanunsuz və əsassız olduğunu göstərir. 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib olunmuş 30 yanvar 2023-cü il tarixli, 77500 nömrəli aktdan görünür ki, Cəmiyyətdə yoxlama Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə ünvanlanmış, ünvan 2də torpaq qanunvericiliyinin tələblərinin pozulması barədə 20 oktyabr 2022-ci il tarixli, **********89 nömrəli məktuba əsasən aparılmışdır. Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə ünvanlanmış 20 oktyabr 2022-ci il tarixli, **********89 nömrəli məktubla bağlı bildiririk ki, həmin məktubda qeyd olunan eyni məlumatlarla bağlı Əmlak Məsələləri Dövlət Xidmətinin Xaçmaz Ərazi Şöbəsi tərəfindən də Cəmiyyət barəsində 08 iyul 2022-ci il tarixli, MN ******* nömrəli "İnzibati xəta haqqında" protokol tərtib olunmuş və inzibati xətaya dair həmin iş baxılması üçün Quba Rayon Məhkəməsinə göndərilmişdir. Xaçmaz Ərazi Şöbəsinin tərtib etdiyi həmin protokolda da Cəmiyyətin Quba rayon İİ Nügədi kənd ərazisində icarəsində olan torpaq sahəsində qazıntı və torpaq tökmə işləri aparmaqla təyinatına uyğun olmayan başqa məqsədlər üçün istifadə edildiyi qeyd olunmuşdur. Lakin məhkəmə araşdırması zamanı həmin protokolda qeyd olunan məlumatların doğru olmadığı müəyyən edildi və Quba Rayon Məhkəməsinin 3(027)- 735/2022 saylı, 27 iyul 2022-ci il tarixli qərarı ilə inzibati xətaya dair həmin işin icraatına xitam verildi. Məhkəmənin həmin qərarının surətini 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinə də təqdim etmiş və Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə ünvanlanmış 20 oktyabr 2022-ci il tarixli, **********89 nömrəli məktubda qeyd olunan məlumatların məhkəmə qərarı ilə təsdiq olunmadığını onların nəzərinə çatdırmışıq. Belə olan halda 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikası Qanununun 16.8-ci maddəsini əsas götürərək, plandankənar (növbədənkənar) yoxlamanın aparılması üçün yetərli əsasların olmadığı barədə qərar qəbul etməli idi. Lakin həmin İdarə qanunun qeyd olunan tələblərinə də əməl etməmişdir. "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən bu halda da aparılan yoxlama heç bir hüquqi nəticə doğura bilməz və bu cür yoxlamaların gedişində aşkar edilmiş qanun pozuntusu faktları ilə bağlı heç bir məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Bundan başqa, 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisinin müavini, İkram Rəhimovun imzaladığı 28 noyabr 2022-ci il tarixli, 030 saylı məcburi göstərişdə verilən tapşırığın 1-ci bəndində qeyd olunub ki, - İstirahət kompleksində bitişik su hövzəsinin şimal sahili boyu X17 agentliyi tərəfindən verilmiş müvafiq rəydə nəzərdə tutulmuş bəndbərkidici tədbirlərdən əlavə aparılmış tikinti işlərinin sökülməsi təmin edilsin. Əvvəla həmin ərazidə Cəmiyyət tərəfindən əlavə heç bir tikinti işləri aparılmamışdır. Görülən işlər yalnız bənd bərkitmə işlərindən ibarətdir və həmin işlər Bulaqdərə su anbarına aid olan torpaq sahəsi üzərində deyil. Cəmiyyətə məxsus, xüsusi mülkiyyətdə olan torpaq sahəsi üzərində və X17 Agentliyinin razılığı ilə aparılmışdır. Digər tərəfdən, həmin tapşırıqda əlavə tikinti işlərinin nədən ibarət olduğu və hansı tikililərin sökülməli olduğu da qeyd olunmamışdır. Məcburi göstərişdə aparılmış əlavə tikililərin nədən ibarət olduğunun göstərilməməsi də, qeyd olunan ərazidə bəndbərkitmə işlərindən başqa heç bir əlavə tikililərin inşa edilmədiyini təsdiq edir. Bundan başqa, həmçinin nəzərə alınmalıdır ki, qanunda Ekologiya və Təbii Sərvətlər Nazirliyinə hər hansı tikilinin sökülməsi barədə sahibkarlıq subyektlərinə məcburi göstəriş vermək səlahiyyəti nəzərdə tutulmamışdır. Ətraf mühitin mühafizəsi sahəsində dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanlarının bu sahədə hüquqları "Ətraf mühitin mühafizəsi haqqında" Azərbaycan Respublikası Qanununun 71-ci maddəsinin 2-ci hissəsi ilə müəyyən edilir və həmin normada ətraf mühitin mühafizəsi sahəsində dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanlarına hər hansı şəxs tərəfindən aparılmış tikinti işlərinin sökülməsi barədə onlara məcburi göstəriş vermək hüququ müəyyən edilməmişdir. Bu cür münasibətlər Şəhərsalma və Tikinti Məcəlləsi ilə nizama salınır və həmin Məcəllədə aparılan tikinti işlərinin hansı halda sökülməli olduğu və bu barədə qərarların qəbul edilməsinin hansı dövlət orqanlarının səlahiyyətinə aid olduğu dəqiq şəkildə müəyyən edilmişdir. Həmin Məcəlləyə görə bu səlahiyyətlər Fövqəladə Hallar Nazirliyinin müvafiq qurumalarına verilmişdir və bu səlahiyyət yalnız tikintisinə icazə alınması tələb olunan tikililərlə bağlıdır. Şəhərsalma və Tikinti Məcəlləsinin 79-cu və 80-ci maddələrində nəzərdə tutulan tikililərin inşasına isə ümumiyyətlə hər hansı dövlət orqanı tərəfindən icazə alınması nəzərdə tutulmayıb. Əgər hər hansı şəxs özünün mülkiyyətində və qanuni istifadəsində olan torpaq sahəsi üzərində Şəhərsalma və Tikinti Məcəlləsinin 79-cu və 80-ci maddələrində nəzərdə tutulan tikinti işlərini aparıbsa və yaxud aparırsa, heç bir dövlət orqanının həmin tikinti işlərinin aparılmasını dayandırmaq və ya həmin tikililərin sökülməsini tələb etmək hüququ yoxdur. Cəmiyyət tərəfindən qeyd olunan ərazidə ümumiyyətlə heç bir əlavə tikinti işlərinin aparılmadığını nəzərə alınsa, mövcud olmayan tikilinin sökülməsi barədə tələb irəli sürülməsi, həm də həmin tələbin buna səlahiyyətli olmayan orqan tərəfindən və heç bir hüquqi əsas göstərilmədən irəli sürülməsi tamamilə absurddur. Qeyd edilən faktlar və istinad etdikləri hüquq normaları 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsi rəisinin müavini İkram Rəhimovun imzaladığı 28 noyabr 2022-ci il tarixli, 030 saylı məcburi göstərişin heç bir hüquqi əsasının olmadığını birbaşa təsdiq edir. Qeyd olunan inzibati xəta protokolunun tərtib olunmasından Cəmiyyətin nümayəndəsinin ümumiyyətlə məlumatı olmamış, protokol tərtib olunarkən nümayəndənin iştirakı təmin olunmamışdır. Bu fakt yoxlayıcı tərəfindən tərtib olunan 30 yanvar 2023-cü il tarixli, 77500 nömrəli aktdan və 30 yanvar 2023-cü il tarixli, MN ******* saylı inzibatı xəta haqqında protokoldan da aydın şəkildə görünür. Belə ki, həmin sənədlərdə Cəmiyyətin nümayəndəsinin iştirakı barədə heç bir məlumat qeyd olunmamışdır. Bununla da Cəmiyyət qanunla müəyyən edilmiş hüquqlarından istifadə etmək, araşdırılan məsələ ilə bağlı öz etirazını, izahat və mülahizələrini bildirmək imkanından məhrum edilmişdir. Məhkəmə iclasında şikayət verən şəxsin şəxsin nümayəndəsi qismində vəkili Nümayəndə şkayət ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, bəndbərkitmə işləri xüsusi mülkiyyətlərində olan torpaq sahəsində aparılmışdır. İnzibati araşdırma zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraata aparılan şəxsin və ya nümayəndəsinin iştirakı təmin edilməmiş, sahibkarlıq subyektində yoxlama qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun qaydada həyata keçirilməmiş və yoxlamanın aktı fərqli nüsxələrdə tərtib edilmişdir. İşə baxılmasının yeri və vaxtı barədə qərarından şikayət verilən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə məlumat verilsə də, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə, qərarından şikayət verilən orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, şikayət verən şəxsin nümayəndəsi kimi vəkilini dinləyib, şikayəti iş materialları ilə birlikdə araşdıraraq, hesab edir ki, şikayət təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2022-ci il tarixli, 030 saylı məcburi göstərişindən görünür ki, istirahət kompleksinə bitişik su hövzəsinin şimal sahili boyu X10 Agentliyi tərəfindən verilmiş müvafiq rəydə nəzərdə tutulmuş bəndbərkidici tədbirlərindən əlavə aparılmış tikinti işlərinin sökülməsinin təmin edilməsi barədə "X25 Hospitality and Management" MMC-yə məcburi göstəriş verilmişdir. Digər eyni nömrəli və eyni məcburi göstərişdən görünür ki, istirahət kompleksinə bitişik su hövzəsinin şimal sahili boyu X10 Agentliyi tərəfindən verilmiş müvafiq rəydə nəzərdə tutulmuş bəndbərkidici tədbirlərindən əlavə aparılmış tikinti işlərinin dayandırılması və "X25 Hospitality and Management" MMC tərəfindən aparılan tikinti işlərinin layihə-texniki sənədlərinə X17 rəyinin alınmasının təmin edilməsi qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2023-cü il tarixli, MN1495513 saylı inzibati xəta haqqında protokolundan görünür ki, X9 verilmiş xx.xx.2022-ci il tarixli, 030 saylı icrası məcburi olan məcburi göstərişin tələbləri yerinə yetirilmədiyi müəyyən olunmaqla X13 Azərbaycan Respublikası İXM-nin 541-ci maddəsinə əsasən məsuliyyətə cəlb edilmişdir İş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş MN ******* nömrəli, 03 mart 2023-cü il tarixli qərardan görünür ki, X9 verilmiş xx.xx.2022-ci il tarixli, 030 saylı icrası məcburi olan məcburi göstərişin tələbləri yerinə yetirmədiyinə görə 3.000 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan RX seriyalı, ******* saylı Çıxarışdan görünür ki, ünvan 3ində yerləşən 4.0 ha torpaq sahəsi X7 mülkiyyətindədir. İş materiallarında olan “Bulaqdərə su anbarı” daşınmaz dövlət əmlakının icarəyə verilməsi barədə 4079 saylı, xx.xx.2022-ci il tarixli müqaviləsindən görünür ki, ünvan 3i ünvanındakı əmlak kompleksi və onun yerləşdiyi 148600.0 kv.m torpaq sahəsi xx.xx.2025-ci il tarixədək "X25 Hospitality and Management" MMC tərəfindən icarəyə götürülmüşdür. Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 541-ci maddəsinə əsasən ətraf mühitin mühafizəsini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının qanuni tələblərinin və ya qərarlarının yerinə yetirilməməsinə görə- fiziki şəxslər altı yüz manatdan doqquz yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan dörd min səkkiz yüz manatadək məbləğdə cərimə edilir. Qeyd edilən Məcəllənin 116.1-ci maddəsinə əsasən eyni inzibati xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsi halları istisna olmaqla, bu Məcəllənin 192.6, 192.10, 192.11, 201, 203, 209, 279.0.1, 393-1.2, 393-1.4, 394.0.5, 394.0.7, 395, 518.1, 532, 533-1, 536, 537.2, 539, 540.3 – 540.5, 541 – 544, 551.2, 557.2 və 603-cü maddələrində nəzərdə tutulan inzibati xətanı törətmiş şəxs barəsində səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxarır. 116.2: inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarda şəxsin törətdiyi hüquqpozmanı aradan qaldırması üçün müddət nəzərdə tutulur. Bu müddət bir ayadək, yaxud hüquqpozmanın aradan qaldırılmasının mürəkkəbliyi və bunun üçün əlavə vaxtın tələb olunması nəzərə alınaraq bir aydan iki ayadək müəyyən olunur. 116.3. Bu Məcəllənin 116.2-ci maddəsində nəzərdə tutulan müddətdə hüquqpozma aradan qaldırılarsa, inzibati cərimə ödənilmir. Əks təqdirdə, inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarda nəzərdə tutulan cərimə ödənilməlidir. Cərimənin ödənilməsi şəxsi törətdiyi hüquqpozmanın aradan qaldırılması öhdəliyindən azad etmir. 116.4: İnzibati xəta törətmiş şəxs hüquqpozmanı aradan qaldırdıqda, bu Məcəllənin 116.2-ci maddəsində nəzərdə tutulan müddət ərzində inzibati xəta haqqında işə baxan səlahiyyətli orqana (vəzifəli şəxsə) bu barədə məlumat verməlidir. Həmin məlumatın verildiyi gündən bu Məcəllənin 116.2-ci maddəsində nəzərdə tutulan müddətin axımı dayanır. İşə baxan səlahiyyətli orqan (vəzifəli şəxs) ona məlumatın verildiyi gündən 5 iş günü müddətində bu məlumatın düzgünlüyünü araşdırır və araşdırmanın nəticəsi barədə inzibati xəta törətmiş şəxsə yazılı bildiriş göndərir (verir). Məlumatın səhv olduğu müəyyənləşdirildikdə, hüquqpozmanın aradan qaldırılması müddətinin axımı məlumatın daxil olduğu gündən bərpa olunur. Göründüyü kimi, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qanunvericiliyin tələbinə riayət etməmişdir. Bundan başqa iş materiallarından müəyyən olunur ki, 30 yanvar 2023-cü il tarixli, 77500 nömrəli akt 2 fərqli nüsxədə tərtib edilmişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin etibarnamə üzrə nümayəndəsi X2 tərəfindən “əsli ilə düzdür” möhürü ilə təqdim edilmiş nüsxədə Alim Mütəllimov adlı şəxs tərəfindən qeyd olunan akt imzalanmış, həmin şəxsin vəzifəsi qeyd olunmamış, habelə vərəqin sonunda qeyd hissəsində MMC-nin direktor müavini Əvəz Orucov tərəfindən imza edilməməsi göstərilmişdir, lakin digər X9 “əsli ilə düzdür” möhürü ilə tərtib edilərək göndərilmiş nüsxədə isə Alim Mütəllimov adlı şəxs tərəfindən qeyd olunan akt imzalanmamış və vərəqin sonunda qeyd hissəsi boş olmuşdur. Bundan əlavə səlahiyyətli orqanın nümayəndəsi tərəfindən təqdim edilən xx.xx.2023-cü il tarixli vəsatətdən görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəkili və nümayəndəsi Nümayəndə vəsatətlə ilə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinə müraciət edərək, inzibati xəta haqqında protokol və müvafiq etirazın hazırlanması üçün həmin protokol üzrə işə baxılmasını 06 mart 2023-cü il tarixədək təxirə salınmasını xahiş etmişdir. Lakin təqdim edilmiş vəsatətə heç bir münasibət bildirilməmiş və 03 mart 2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı qəbul edilmişdir. Bundan başqa sahibkarlıq subyektində yoxlama qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun qaydada həyata keçirilməsi müəyyən edilməmişdir. Belə ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsi tərəfindən vahid məlumat reyestrində qeydə alınmaqla sahibkarlıq subyektində yoxlama aparılması ilə bağlı qərar müəyyən olunmamışdır. "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikası Qanununun 14.1-ci maddəsinə əsasən - Yoxlama plan üzrə (növbəti) və ya plandankənar (növbədənkənar) aparılır. Həmin Qanunun 2.1-ci maddəsinə əsasən bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. 3.2. Bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. 13.1. Sahibkarlarda yoxlamaların aparılmasının dövriliyi, ardıcıllığı, təkrarlanması və nəticələri haqqında tam və operativ məlumatın əldə olunması məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən yoxlamaların vahid məlumat reyestri aparılır. 13.3. Yoxlayıcı orqanlar apardıqları hər bir yoxlama barədə məlumatı bu Qanunun 13.2-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq müvafiq icra hakimiyyəti orqanına verməyə borcludurlar. 16.1.3. insanların həyat və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa və mühüm təhlükənin olması və ya mühüm zərərin vurulması barədə hüquqi və fiziki şəxslərdən, dövlət və yerli özünüidarəetmə orqanlarından yoxlayıcı orqana konkret faktlara əsaslanan rəsmi müraciətlər (məlumatlar) daxil olduqda, habelə kütləvi informasiya vasitələrində məlumatlar yayıldıqda plandankənar (növbədənkənar) yoxlama keçirilir. 20.1. yoxlama başlamazdan əvvəl yoxlayıcı xidməti vəsiqəsini, yoxlamanın aparılması haqqında qərarın surətini və yoxlamanın yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edir, yoxlamanın hüquqi əsasları, predmeti, müddəti, yoxlama zamanı tərəflərin hüquq və vəzifələri haqqında məlumat verir. 20.2. bu Qanunun 20.1-ci maddəsində göstərilən sənədlər təqdim edilmədikdə və ya yoxlamanın aparılması haqqında qərarda və yoxlamaların vahid məlumat reyestrindən çıxarışda göstərilən yoxlama müddətlərinə riayət edilmədikdə, sahibkar yoxlayıcını yoxlamaya buraxmaqdan imtina edə bilər. 20.5. yoxlama yalnız sahibkarın iş vaxtında və iş günlərində sahibkarın yerləşdiyi və ya faktiki fəaliyyət göstərdiyi ünvanda (yoxlamanın aparıldığı ünvan yoxlamanın aparılması haqqında qərarda və yoxlamaların vahid məlumat reyestrindən çıxarışda göstərilir) aparılır. Yoxlama tədbirləri sahibkarın normal iş rejimini pozmamalıdır. Məhkəmə hesab edir ki, verilmiş məcburi göstərişlərin birində "tikinti işlərinin dayandırılması" tələbi, digərində isə "tikililərin sökülməsi" tələbi qoyulmuşdur. Qeyd olunan məcburi göstərişlərin hansının əsaslı və qanuni olması, inzibati xəta haqqında protokolun hansı məcburi göstərişin icra edilməməsi əsasında tərtib edilməsi qeyri-müəyyəndir. "Ətraf mühitin mühafizəsi haqqında" Azərbaycan Respublikası Qanununun 71.1-ci maddəsinə əsasən Ətraf mühitin mühafizəsi sahəsində dövlət nəzarətini müvafiq icra hakimiyyəti orqanları bu Qanunun və “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq həyata keçirirlər. Həmin Qanunun 71.2-ci maddəsinə əsasən ətraf mühitin mühafizəsi sahəsində dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanlarının qanunvericilikdə müəyyən edilmiş qaydada mülkiyyət formasından və tabeliyindən asılı olmayaraq, müəssisə, idarə, təşkilatlara və digər obyektlərə, o cümlədən hərbi və müdafiə obyektlərinə maneəsiz (xidməti vəsiqələri, sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin obyektlərinə daxil olarkən, həmçinin yoxlamanın həyata keçirilməsi haqqında qərarın surətini və yoxlamanın sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarışı təqdim etməklə) daxil olmaq, öz xidməti vəzifələrini yerinə yetirmək üçün zəruri olan sənədlərlə, o cümlədən analizlərin nəticələri ilə pulsuz tanış olmaq; ətraf mühitin mühafizəsi və sağlamlaşdırılması, təbii resursların bərpası və istifadəsi sahəsində tədbirləri yerinə yetirmək, ətraf mühitin mühafizəsi haqqında qanunvericiliyinə keyfiyyət normativlərinə və ekoloji tələblərinə əməl etmək, tənzimləyici və başqa zərərsizləşdirici qurğuların, onların nəzarət vasitələrinin işini yoxlamaq; təbii ehtiyatlardan istifadə və ətraf mühitin mühafizəsi sahəsində ayrı-ayrı fəaliyyət növlərinin həyata keçirilməsi üçün verilən lisenziyanın və icazənin, təbiətdən istifadə müqavilələrinin (kontraktların) və lisenziyaların və icazələrin şərtlərinə əməl edilməsini yoxlamaq, qanunvericiliyə uyğun olaraq onların dayandırılması və ya ləğvi barədə qərar qəbul etmək; X17sının nəticələrinin yerinə yetirilməsinə nəzarət etmək; ekoloji tələblərin və ətraf mühitin keyfiyyət normativlərinin pozulması ilə həyata keçirilən ekoloji cəhətdən təhlükəli yüklərin (məmulatların), tullantıların və xammal ehtiyatların Azərbaycan Respublikasının ərazisinə gətirilməsinin və həmçinin onun ərazisindən tranzit yolu ilə aparılmasının qadağan olunması haqqında qanunvericiliyə uyğun olaraq sərəncamlar vermək; ətraf mühitin mühafizəsi sahəsində pozuntuların aradan qaldırılmasına dair fiziki və hüquqi şəxslərə tələblər irəli sürmək; ekoloji tələblərin pozulması ilə əlaqədar müəssisələrdə, qurğu və obyektlərdə həyata keçirilən işlərin məhdudlaşdırılması və müvəqqəti dayandırılması, o cümlədən maliyyələşdirilməsinin dayandırılması, onların istismara verilməsinin qadağan edilməsi, təsərrüfat və başqa fəaliyyətlərin dayandırılması və ya qadağan edilməsi barədə qərar qəbul etmək; qanunvericilikdə müəyyən edilmiş qaydada ətraf mühitin mühafizəsi sahəsində inzibati xətalar haqqında işlərə baxmaq, təqsirkarların inzibati və ya cinayət məsuliyyətinə cəlb edilməsi barədə materialları müvafiq orqanlara göndərmək; ətraf mühitin mühafizəsisahəsində qanunvericiliyin pozulması nəticəsində vurulmuş zərərin həcmlərini müəyyən etmək (müəyyən edilməsində iştirak etmək) və bunun əsasında təqsirkar olan şəxslərə bu zərərin könüllü ödənilməsi barədə tələblər irəli sürmək və ya iddiaları məhkəməyə təqdim etmək; ətraf mühitin mühafizəsi sahəsində müəssisə (istehsalat) nəzarəti qaydalarının və normalarının gözlənilməsini yoxlamaq hüquqları vardır. Qeyd olunan normalardan da göründüyü kimi ətraf mühitin mühafizəsi sahəsində dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanlarının "tikililərin sökülməsi" tələbi qoyulması ilə bağlı hüququ və səlahiyyəti mövcud deyildir. Habelə, bəndbərkidici işlərdən əlavə aparılmış tikili kimi qeyd edilən tikilinin hansı həcmdə olduğu qeyd edilməmiş və ətraf mühitin mühafizəsi baxımından yaxşılaşdırıcı və ya zərər verici tədbir olub-olmaması baxımından, həmçinin icraat aparılan şəxsin əsaslı mənafeləri ilə haqq qazandırıla bilinməyən mənfi nəticələr törətməsi baxımından qiymətlənmə aparılmadan, hansı meyarla dəyərləndirmə aparılmaqla qeyd edilən tələbin irəli sürülməsi əsaslandırılmamışdır. Beləliklə, məhkəmə hesab edir ki, şikayət təmin olunmalı, X13 barəsində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş MN ******* nömrəli, 03 mart 2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının İXM-nin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Azərbaycan Respublikası İXM-nin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikası İXM-nin 135.1.5-1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şikayət təmin edilsin. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş MN ******* nömrəli, 03 mart 2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə Quba Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aydın Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar