Məhkəmə qərarları › İş №3(027)-369/2025

Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-369/2025

15.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-369/2025 15.05.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, Xudaverdiyev Elşad Mütəllim oğlunun katibliyi, Şikayət verən X1 iştirakı ilə, X1 Azərbaycan Respublikası DİN-nin BDYPİ tərəfindən Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli, EQ 27059267 nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə şikayətinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: X2 şikayət ərizəsilə məhkəməyə müraciət edərək, xx.xx.2025-ci il tarixli, EQ 27059267 qərarla inzibati qərarı ləğv edib, barəsində olan inzibati işin icraatına xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanda yaşayır, onun özünə məxsus “Toyota Land- Cruiser-Prado” minik markalı ** FD *** dövlət qeydiyyat nişanlı avtomaşını vardır. 02 aprel 2025-ci il tarixdə saat 04:05 radələrində həmin avtomaşınla Quba şəhərinin Heydər Əliyev prospekti ilə hərəkətdə olarkən yol hərəkəti qaydalarına riayət etdiyi halda Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi (Svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsi) ilə təqsirli bilinərək, Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən barəsində xx.xx.2025-ci il tarixli, EQ 27059267 saylı inzibati tənbeh vermə haqqında qərar tərtib olunmuş, 100 manat məbləğində cərimə olunmuşdur. Qeyd edir ki, həmin qərar təmamilə əsassızdır. Belə ki, o, həmin zaman heç bir qayda pozuntusu etməmişdir. Ona görə də hesab edir ki, məhkəmə tərəfindən lazımi qaydada araşdırma aparılmalı, təqsirsizliyi sübuta yetirilməli və xx.xx.2025-ci il tarixli, EQ 27059267 saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməlidir. Çünki barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş şəxsin təqsirli olması şübhə altına alındığından həmin şübhələr onun xeyrinə həll edilməlidir. Məhkəmə iclasında şikayət verən X2 ərizənin məzmununa uyğun izahat vermiş və qərarın ləğv edilməsini xahiş etmişdi. İşə baxılmasının yeri və vaxtı barədə qərarından şikayət verilən Azərbaycan Respublikası DİN DİN-nin BDYPİ-ə məlumat verilsə də, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə, qərarından şikayət verilən orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti və təqdim olunmuş inzibati xəta materialını tədqiq edərək hesab edir ki, qərardan verilmiş şikayət təmin edilməməlidir. İş materiallarında olan inzibati xəta haqqında elektron çıxarışın surətindən görünür ki, X2 xx.xx.2025-ci il tarixdə “Toyota Land-Cruiser-Prado” minik markalı ** FD *** dövlət qeydiyyat nişanlı avtomobillə Quba şəhərinin Heydər Əliyev prospekti ərazisində hərətəkdə olarkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 100 manat cərimə edilmişdir. “Yol hərəkəti haqqında” AR Qanununun 60-cı maddəsinə 2-ci bəndinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici siqnalı verildikdə sürücülər nəqliyyat vasitələrini stop-xətt (1.12 yol xətti) qarşısında (əgər bu xətt yoxdursa, piyadaların hərəkətinə maneə törətmədən kəsişən yolun hərəkət hissəsi qarşısında), piyada keçidi qarşısında, digər yolayrıclarında isə svetofor qarşısında dayanmalıdırlar. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İXM 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə- səksən manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 122.1-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346, 346-1.1, 346-1.5, 353.2 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. Həmin Məcəllənin 122.2-ci maddəsinə əsasən inzibati tənbeh vermə haqqında elektron qərar müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin məlumatlarına əsasən nəqliyyat vasitəsinin istifadəçisi (nəqliyyat vasitəsini icarə və ya digər əşya hüquqlarına dair müqavilə və ya nəqliyyat vasitəsindən istifadə etmə və ya ona dair sərəncam vermə hüquqları ilə bağlı etibarnamə əsasında sonuncu dəfə təkrar dövlət qeydiyyatından keçirilərkən qeydiyyata götürülmüş şəxs, hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsinin sürücüsü, belə məlumat olmadıqda isə nəqliyyat vasitəsinin mülkiyyətçisi olan fiziki şəxs) barəsində çıxarılır. Həmin Qanunun 59.3.5-ci maddəsinə əsasən qırmızı rəngli işığın yanması və ya yanıbsönməsi — bu siqnal hərəkəti qadağan edir. Məhkəmə, sübutları obyektiv tədqiq edərək hesab edir ki, xüsusi texniki vasitə ilə əldə olunmuş görüntüdən göründüyü kimi, “Toyota Land-Cruiser-Prado” minik markalı ** FD *** dövlət qeydiyyat nişanlı avtomobil svetoforun hərəkəti qadağan edən qırmızı işığının yanmasına baxmayaraq, yolayrıcına daxil olması müəyyən olunmuşdur. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası DİN DYPB-nin İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, EQ 27059267 seriyalı elektron qərar hüquqi və faktiki əsaslar olmaqla qəbul edilmiş, habelə nəzərdə tutulmuş müddətdə müvafiq icra hakimiyyəti orqanlarının informasiya sisteminə göndərilmişdir. Beləliklə də, İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, EQ 27059267 saylı elektron qərarın ləğv edilməsi üçün əsas olmadığından, X1 şikayəti təmin olunmamalıdır. Azərbaycan Respublikası İXM-nin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1, 131-134, 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: X1 Azərbaycan Respublikası DİN BDYPİ-nin İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli, EQ 27059267 elektron qərarının ləğv edilməsi barədə şikayəti təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aydın Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar