Məhkəmə qərarları › İş №3(027)-37/2025

Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-37/2025

06.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-37/2025 06.02.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, “AGROİNTER LTD" MMC-nin nümayəndəsi X1 iştirakı ilə "xxxx" MMC (ünvanı: Quba şəhəri, 20 Yanvar küçəsi; qanuni təmsilçisi: X3; VÖEN: 5********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi üzrə tərtib olunmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən "xxxx" MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi üzrə tərtib olunmuş inzibati xəta haqqında protokola əsasən “AGROİNTER LTD" MMC 108320.00 euro məbləğində vəsaiti xx.xx.2022-ci il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də, 108320.00 euro məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. Xəta xx.xx.2024-cü il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs AGROİNTER LTD" MMC-nin nümayəndəsi və vəkili X3 bildirmişdir ki, qeyd olunan xaricə köçürülmüş xx.xx.2022-ci il tarixli, 108320.00 avro məbləğində vəsait hesabına alınan mallar ölkəyə idxal olunmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi xəbardarlıq edilməsinə baxmayaraq inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Mərkəzi Bankının nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə işə İnzibati Xətalar Məcəlləsinin 64.3-cü maddəsinə əsasən inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Mərkəzi Bankının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan H21-029A-01/50 saylı texnika alqı-satqısı haqqında müqavilədən görünür ki, “Hidromek Hidrolik ve Mekanik İmalat” SAN VE TİC. AS ilə “AGROİNTER LTD" MMC arasında alğı-satqısına dair müqavilə bağlanmışdır. İş materiallarında olan xx.xx.2022-ci il taixli ödəniş tapşırığından görünür ki, “AGROİNTER LTD" MMC tərəfindən H21-029A-01/50 saylı müqavilə əsasında 108320.00 euro məbləğində vəsaitini “Hidromek Hidrolik ve Mekanik İmalat” SAN VE TİC. AS adına köçürmüşdür. İş materiallarında olan xx.xx.2022 və xx.xx.2022-ci il tarixli gömrük bəyannamələrindən görünür ki, “AGROİNTER LTD" MMC tərəfindən ölkədən məxaric olunmuş 108320.00 euro məbləğində vəsaiti əsasında ölkəyə “AGROİNTER LTD" MMC tərəfindən alınmış mallar mədaxil olunmuşdur. İş materiallarında olan "xxxx" ASC-nin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, “AGROİNTER LTD" MMC tərəfindən “Hidromek Hidrolik ve Mekanik İmalat” SAN VE TİC. AS şirkətinin xeyrinə aparılış cədvəldə qeyd olunan avans ödənişləri **********1694 və **********8428 nömrəli gömrük bəyannaməsi ilə bağlanmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə əsasən Avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə - vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 2016-cı il 28 noyabr tarixli 45/1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Mərkəzi X2 xx.xx.2020-ci il tarixli, 06/1 saylı qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü bəndinə görə qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində (idxal hava, dəmiryol və dəniz nəqliyyatı vasitələri, habelə kosmik obyektlər ilə əlaqədar olduqda və onların təchizat müddəti 2 (iki) ildən çox olduqda müqavilədə nəzərdə tutulan təchizat müddəti bitdikdən sonra ən geci 3 (üç) ay müddətində) banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10 000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir; Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, H21-029A-01/50 saylı texnika alqı-satqısı haqqında müqaviləyə əsasən “Hidromek Hidrolik ve Mekanik İmalat” SAN VE TİC. AS ilə “AGROİNTER LTD" MMC arasında alqı-satqısına dair müqavilə bağlanmışdır. xx.xx.2022-ci il taixli ödəniş tapşırığına əsasən, “AGROİNTER LTD" MMC tərəfindən H21-029A-01/50 saylı müqavilə əsasında 108320.00 euro məbləğində vəsaitini “Hidromek Hidrolik ve Mekanik İmalat” SAN VE TİC. AS adına köçürmüşdür. Daha sonra xx.xx.2022 və xx.xx.2022-ci il tarixli gömrük bəyannamələri əsasında “AGROİNTER LTD" MMC tərəfindən ölkədən məxaric olunmuş 108320.00 euro məbləğində vəsaiti əsasında ölkəyə “AGROİNTER LTD" MMC tərəfindən alınmış mallar mədaxil olunmuşdur. "xxxx" ASC-nin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, “AGROİNTER LTD" MMC tərəfindən “Hidromek Hidrolik ve Mekanik İmalat” SAN VE TİC. AS şirkətinin xeyrinə aparılış cədvəldə qeyd olunan avans ödənişləri **********1694 və **********8428 nömrəli gömrük bəyannaməsi ilə bağlanmışdır. Belə olan halda, “AGROİNTER LTD"xxxx" MMC barəsində başlanılmış inzibati xəta haqqında icraata xitam verilməlidir. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8-ci maddəsinə görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin 53.1.1-ci maddəsinin tələbinə görə inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qeyd edilən Məcəllənin 105.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə göstərilənləri nəzərdən keçirərək hesab edir ki, hazırkı iş üzrə inzibati xəta hadisəsi olmadığından "xxxx" MMC barəsində başlanılmış iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40-cı, 43-cü, 48-50-ci, 114-115-ci və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: "xxxx" MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar