Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-370/2025 20.05.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, Xudaverdiyev Elşad Mütəllim oğlunun katibliyi, Şikayət verən X4, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin nümayəndəsi X1 iştirakı ilə, X4 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin 23 aprel 2025-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə şikayətinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: X8 məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin 23 aprel 2025-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin 23 aprel 2025-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 253.2-ci maddəsinə əsasən 2000 (iki min) manat cərimə edilmişdir. Hesab edir ki, həmin qərar qanunsuz və əsassızdır. Həmin qərarda onun Quba rayonu, Digah kəndi ərazisində, Quba-Qusar avtomobil yolunun sağ tərəfindəki yaşıllıq ərazidən qanunsuz olaraq köküstə yaş 24 ədəd ağac və 4 ədəd kol kəsdiyi qeyd olunmuşdur. Belə ki, o ailə üzvləriylə birlikdə Quba rayonu, İ Nügədi kəndində yaşayır. Deyilən ərazidə 24 ədəd ağac kəsməmişdir və belə bir hərəkətlərə yol verilməmişdir. Bununla da, o Azərbaycan Respublikası İXM-nin 253.2-ci maddəsinin dispozisiyasında göstərilən hərəkətləri törətməmiş, hər hansı sağlam ağacı kəsməklə təbiətə ziyan vurmamışdır. Onun əməlində həmin maddədə nəzərdə tutulan inzibati xəta tərkibi mövcud deyil. Ona görə də hesab edir ki, məhkəmə tərəfindən lazımi qaydada araşdırma aparılmalı, təqsirsizliyi sübuta yetirilməli və 23 aprel 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməlidir. Çünki barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş şəxsin təqsirli olması şübhə altına alındığından həmin şübhələr onun xeyrinə həll edilməlidir. Məhkəmə iclasında X8 ərizəsinin məzmununa uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, o həmin sahədən istifadə edir, oranı kol-kosdan təmizləmək üçün bir neçə xırda nazik ağacı kəsib, həm də qanunu bilmədiyindən heç bir quruma müraciət etməyib. Göstərilənlərin nəzərə alınmasını və müvafiq qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin nümayəndəsi X2 izahatında bildirmişdir ki, həmin sahədə irili-xırdalı ağac çoxdur, 24 ağac kəsilib, vətəndaşa təxminən 3680 manat ziyan hesablanmışdır. O aparılan araşdırma zamanı çəkilmiş fotoşəkilləri digər sübutları məhkəyə təqdim edərək, şikayətin təmin edilməməsini xahiş etmişdir. Məhkəmədə şahid qismində iştirak edən X6 ifadəsində bildirmişdir ki, cəmi 16 ağac kəsilib, kəsilən ağaclar əsasən cır alma ağacları olub, 3 palıd, 2 çinar və yemişan kolları olub. Məhkəmə prosses iştiakçılarını dinləyib, şikayəti və təqdim olunmuş inzibati xəta materialını tədqiq edərək hesab edir ki, qərardan verilmiş şikayət təmin edilməməlidir. İş materiallarında olan 23 aprel 2025-ci il tarixli MN ******* saylı qərardan görünür ki, X8 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 253.2-ci maddəsinə əsasən 2000 (iki min) manat cərimə edilmişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin 24 aprel 2025-ci il tarixli məktubundan görünür ki, həmin cərimənin könüllü ödənilməsi üçün X5 1 ay icra müddəti verilməsi barədə rəsmi məlumat göndərilmişdir. 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin nümayəndəsinin təqdim etdiyi sənədlərdən də göründüyü kimi, Quba rayonu, Digah kəndi ərazisində, Quba-Qusar avtomobil yolunun sağ tərəfindəki yaşıllıq ərazidən qanunsuz olaraq köküstə yaş 24 ədəd ağac və 4 ədəd kol kəsdiyi qeyd olunmuş Azərbaycan Respublikasının İXM-nin 253.2-ci maddəsinə əsasən X8 barəsində 09 aprel 2025-ci il tarixli MN ******* saylı protokol tərtib edilmişdir. 09 aprel 2025-ci il tarixli məktuba əsasən protokola baxılması üçün 23 aprel 2025-ci il tarixdə saat 10:40-da 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsində olmağı barədə X5 bildiriş göndərilmişdir. Bildirişi 13 aprel 2025-ci il tarixində Nəsib Əzimov şəxsən xəbərnaməyə imza edərək qəbul etmişdir. Təbiətə dəymiş ziyan cədvəlindən görünür ki, qanunsuz ağac kəsilməsinə görə X5 3680 manat ziyan hesablanmışdır. “Yaşıllıqların mühafizəsi haqqında” Qanunun 1.0.1-ci maddəsinə əsasən, yaşıllıqlar şəhərlərin, digər yaşayış məntəqələrinin və infrastruktur obyektlərinin hüdudları daxilində lazımi ekoloji, mədəni-sağlamlaşdırma, landşaft və məkan görünüşü baxımından əhəmiyyət daşıyan, təbii halda mövcud olan və ya süni yaradılan ağac, kol, gül-çiçək və ot bitkilərinin toplumudur. Meşə Məcəlləsinin 7-ci maddəsi ilə meşə fonduna daxil olmayan yaşıllıqların aşağıdakı növləri fərqləndirilmişdir: - xüsusi mühafizə olunan təbiət əraziləri və obyektlərində olan yaşıllıqlar; - xüsusi mülkiyyətdə olan həyətyanı və bağ sahələrindəki yaşıllıqlar; - kənd təsərrüfatı məhsullarının istehsalı üçün istifadə edilən bitkilərdən ibarət yaşıllıqlar (əkinlər); - ümumi istifadədə olan yaşıllıqlar (park, meşə-park, bağ, bağça, bulvar ərazisində olan və digər yaşıllıqlar); - məhdud istifadəli yaşıllıqlar (məhəllədaxili, təhsil, tibb, mədəni-məişət, sənaye müəssisələrinin və digər obyektlərin ərazisində olan yaşıllıqlar); - xüsusi təyinatlı yaşıllıqlar (sənaye müəssisələri və kompleksləri ilə yaşayış zonaları arasında, infrastruktur obyektlərinin (magistral dəmir və avtomobil yollarının, enerji kəmərlərinin və obyektlərinin, su kanallarının, digər bu kimi obyektlərin) hüdudlarında salınmış yaşıllıq zolaqları, tingliklər (şitilliklər), küçə yaşıllıqları, mühafizə, sanitariya-mühafizə və digər qoruyucu zonalarda, xatirə kompleksləri (xiyabanlar) və qəbiristanlıqlar ərazisində olan və digər yaşıllıqlar). Respublika ərazisindəki yaşıllıqların (meşə fondu torpaqlarında, xüsusi mühafizə olunan təbiət əraziləri və obyektlərində olan yaşıllıqlar, habelə xüsusi mülkiyyətdə olan həyətyanı və bağ sahələrindəki yaşıllıqlar və kənd təsərrüfatı məhsulları istehsalı üçün istifadə olunan bitkilərdən ibarət olan yaşıllıqlar istisna olmaqla) götürülməsi mexanizmi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 30 avqust tarixli qərarı ilə təsdiq edilmiş “Yaşıllıqların götürülməsi Qaydası” ilə tənzimlənir. Həmin Qaydanın 2.1-ci bəndinə əsasən, yaşıllıqların götürülməsi Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəyi nəzərə alınmaqla, istifadəsində olan torpaqlarda mərkəzi icra hakimiyyəti orqanlarının, digər torpaq sahələrində isə yerli icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarı əsasında həyata keçirilir. Qaydanın 2.2-ci bəndində yaşıllıqların götürülməsinin yol verildiyi hallar müəyyən edilmişdir. Həmin Qaydanın 2.4-cü bəndinə görə, fiziki və hüquqi şəxslər bu Qаydanın 2.2-ci bəndində nəzərdə tutulan hallarda yaşıllıqların götürülməsi məqsədi ilə istifadəsində olan torpaq sahələrinə münasibətdə müvafiq mərkəzi icra hakimiyyəti orqanına, digər torpaq sahələrinə münasibətdə isə yerli icra hakimiyyəti orqanına və ya bələdiyyəyə ərizə ilə müraciət etməlidirlər. Yaşıllıqların götürülməsinə dair ərizə müvafiq mərkəzi icra hakimiyyəti orqanında, yerli icra hakimiyyəti orqanında və ya bələdiyyədə qeydiyyata alınır, 2 (iki) təqvim günü ərzində həmin qurum tərəfindən təqdim olunmuş sənədlər yoxlanılır və imtinaya əsas olmadığı təqdirdə, yaşıllıqların götürülməsinə dair rəyin alınması üçün Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət olunur (“Yaşıllıqların götürülməsi Qaydası”nın 2.7-ci bəndi). Qaydanın 3.1 və 3.2-ci bəndlərinə görə isə bu Qaydanın 2.7-ci bəndinə uyğun olaraq yaşıllıqların götürülməsinə dair istifadəsində olan torpaq sahələrinə münasibətdə müvafiq mərkəzi icra hakimiyyəti orqanının, digər torpaq sahələrində isə yerli icra hakimiyyəti orqanının və ya bələdiyyənin müraciəti Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyində qeydiyyata alınır və 3 (üç) təqvim günü müddətində onun yerli qurumları tərəfindən təqdim olunmuş sənədlər əsasında yaşıllığa yerində baxış keçirilir və müvafiq rəy tərtib edilir. Yaşıllıqların götürülməsinə dair rəydə yaşıllıqların yerinin dəyişdirilməsinin (kökündən çıxarılmasının) və ya bərpa edilməsi şərtilə kəsilməsinin məqsədəuyğunluğu əsaslandırılmalı, götürülən yaşıllıqların növü, sayı, cinsi, yaşı, diametri, hündürlüyü, bioloji vəziyyəti və gül-çiçək və ot bitkilərinin sahəsi barədə məlumatlar əks olunmalı, həmçinin rəydə müvafiq şərtlər (aqrotexniki, mövsümi, vegetativ və s.) nəzərə alınmaqla işlərin icra müddəti müəyyənləşdirilməlidir. İş materiallarına əlavə olunan sübutlardan və fotogörüntülərdən də görünür ki, X8 qanunvericiliyin qeyd edilən tələblərinə riayət etmədən Quba rayonu Digah kəndi ərazisindən, yaşıllıq ərazidən ağac və kol kəsmişdir, barəsində ilkin prossesual hərəkətlər edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İXM 253.2-ci maddəsinə əsasən Meşə fonduna daxil olmayan ağac və ya kol əkililərinin qanunsuz kəsilməsinə (götürülməsinə) və ya məhv edilməsinə görə fiziki şəxslər iki min manat miqdarında, vəzifəli şəxslər dörd min manat miqdarında, hüquqi şəxslər iyirmi beş min manat miqdarında cərimə edilir. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin İnzibati Xətalar Məcəlləsinin 253.2-ci maddəsinə əsasən tərtib edilmiş 23 aprel 2025-ci il tarixli MN ******* qərarı faktiki əsaslar olmaqla hüquqi tənzimləməyə riayət edilməklə qəbul edildiyindən, həmin qərarın ləğv edilməsi barədə X4 şikayəti təmin olunmamalıdır. Azərbaycan Respublikası İXM-nin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1, 131-134, 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: X4 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin rəisi X7 tərəfindən İnzibati Xətalar Məcəlləsinin 253.2-ci maddəsilə tərtib edilmiş inzibati tənbeh vermə haqqında 23 aprel 2025-ci il tarixli MN ******* nömrəli qərarının ləğv edilməsi barədə şikayəti təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aydın Babayev
Məhkəmə qərarları › İş №3(027)-370/2025
Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-370/2025
20.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver