Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-377/2021 31.05.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 544.1-ci maddəsi ilə Azərbaycan Respublikasının Qida X1 Regional Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, m ü ə y y ə n e t d i: Şəxs 08.11.2019-cu il tarixdə Quba şəhəri, 22-ci məhəllə ünvanında istehlakçıların hüquqlarının müdafiəsini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxsləri tərəfindən qanuna uyğun yoxlamaların keçirilməsinə maneçilik törətmişdir. Quba Rayon Məhkəməsinin İnzibati xəta haqqında iş üzrə 29.11.2019-cu il tarixli, 3(027)-1258/2019 saylı qərarı ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 544.1-ci maddəsi ilə təqsirli bilinib 350 (üç yüz əlli) manat məbləğində cərimə edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 10.02.2021-ci il tarixli, 3(105)-48/2021 saylı qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 544.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati material üzrə Quba rayon Məhkəməsinin 29 noyabr 2019cu il tarixli qərarı ləğv edilmiş, material yenidən baxılması üçün Quba rayon Məhkəməsinə, yeni məhkəmə baxışına qaytarılmışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü təqsirli bilməyərək göstərmişdir ki, ona məxsus obyekt xidmət sahəsi ilə məşğuldur. Qanunvericiliklə onların xidmətlə bağlı rüsum ödənilməsi, sertifikat verilməsi nəzərdə tutulmamışdır. O, Azərbaycan Respublikası Qida X1 Regional Bölməsinə bu barədə iradını bildirdiyinə görə 06 noyabr 2019-cu il tarixdə Azərbaycan Respublikası Qida X1 Regional Bölməsinin əməkdaşları obyektinə yoxlama keçirmiş və lüzumsuz nöqsanların olmasını qeyd etmişlər. 08 noyabr 2019-cu il tarixində də obyektinə gəlib baxış keçirib çıxıb getmişlər. Tərəfindən onların obyektinə yoxlama aparılması barədə heç bir maneçilik olmamışdır. Lakin onlar obyektdə olarkən heç bir akt tərtib etməmişlər. Barəsində qərəzli olaraq inzibati protokol tərtib olunmuşdur. Hesab edir ki, o, heç bir inzibati xəta törətməmiş, əməlində inzibati xətanın tərkibi yoxdur. Göstərdiklərini nəzərə alaraq barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 544.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraat xitam verilməsini xahiş edir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını dinləyib, iş materiallarını araşdıraraq, işdəki sübutlara hüquqi qiymət verərək, hesab edir ki, hazırkı inzibati iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, qeyri-hökumət təşkilatları haqqında, həmçinin dərman vasitələri haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.6-cı maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 106.0.4-cü maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən işin icraatını rədd edən halların mövcud olub-olmaması məsələsini həll edir. Beləliklə hesab edirəm ki, inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyinə görə Şəxs Azərbaycan Respublikası İXM-nin 544.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə Azərbaycan Respublikasının Qida X1 Regional Bölməsindən daxil olmuş inzibati xəta işi üzrə icraata Azərbaycan Respublikası İXM-nin 53.1.6-cı maddəsinə əsasən xitam verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 32, 33, 114, 115, 117ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 544.1-ci maddəsi ilə Qida X1 Regional Bölməsindən daxil olmuş inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Vüqar Seyidov
Məhkəmə qərarları › İş №3(027)-377/2021
Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-377/2021
31.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver