Məhkəmə qərarları › İş №3(027)-377/2022

Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-377/2022

11.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-377/2022 11.04.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, Quba rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Əmrullayev Nürəddin Niyazəddin oğlunun, Zərərçəkmiş şəxs və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsilə icraatı başlanmış inzibati xəta haqqında işə baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: Quba rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Əmrullayev Nürəddin Niyazəddin oğlu tərəfindən Şəxs barəsində Azərbaycan Respulikası İXM-nin 528.1-ci maddəsilə 11.04.2022-ci il tarixdə ******* №li protokol tərtib edilərək, baxılması üçün Quba Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında verdiyi izahatında Quba rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 izahatında göstərmişdir ki, Quba Rayon Məhkəməsinin 05.11.2021-ci il tarixli, 2(027)-804/2021 saylı icra sənədinə əsasən borclu Şəxs 1267 manat və dövlət rüsumu üçün ödənilmiş 30 manat manat məbləğində pul alınaraq tələbkar Zərərçəkmiş şəxs ödənilməlidir. İcra sənədi 17.12.2018-ci tarixdə şöbənin icraatına daxil olmuş və qanuna müvafiq qaydada icraata başlanılmışdır. Eyni zamanda tələbin icrası barədə borcluya rəsmi məlumat verilmişdir. Lakin borclu icra sənədi üzrə tələbi heç bir üzürlü səbəb olmadan təmin etməmişdir. İcra sənədinin icrasını təmin etmək məqsədi ilə tərəflərindən borclunun bank hesabları, digər gəlir yerləri və daşınar-daşınmaz əmlaklarının olubolamaması barədə müvafiq bank və digər dövlət təşkilatlarına sorğular göndərilmişdir. Lakin sorğularının cavablarına əsasən borcu Şəxs adına bank hesabları, daşınar və daşınmaz əmlaklar və gəlir yerləri aşkarlanmamış, həmçinin yaşadığı mənzilə və onun həyətyanı sahəsinə baxış keçirilməsinə baxmayaraq üzərinə həbs qoyulası əmlak aşkarlanmamışdır. Hazırda borclu Şəxs bu vaxta qədər cərimə borcunu ödəməmişdir. Şəxs barəsində qanuni tədbir görülməsini xahiş edir. Məhkəmə iclasında verdiyi izahatında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində özünü təqsirli bilməyərək, izahatında göstərmişdir ki, Quba rayon Məhkəməsinin 05.11.2021-ci il tarixli, 2(027)-804/2021 saylı icra sənədinə əsasən ondan 1267 manat və dövlət rüsumu üçün ödənilmiş 30 manat manat məbləğində pul alınaraq tələbkar Zərərçəkmiş şəxs ödənilməlidir. O, borcunu ödəməkdən yayınmamış, maddi vəziyyəti ilə bağlı ödəniş edə bilməmişdir. O, borcunu ödəməyə etiraz etmir, tələbkara olan borcunu hisss-hissə ödəyəcək, bunun üçün ona vaxt verilməsini istəyir. Odur ki, qərar qəbul edilərkən, qeyd olunanların nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, Şəxs ilə borcunu ilin sonunadək ödənilməsi ilə bağlı razılığa gəlmişlər. Ona görə də hazırda iş üzrə heç bir tələbi və şikayəti yoxdur. Ona görə də işin icraatına xitam verilməsini xahiş edir. İş materiallarında olan Quba Rayon Məhkəməsinin 05.11.2021-ci il tarixli, 2(027)- 804/2021 saylı icra vərəqəsindən görünür ki, cavabdeh Şəxs vurulmuş ziyanın əvəzi olaraq 1267 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat alınaraq, iddiaçı Zərərçəkmiş şəxs ödənilməlidir. İş materiallarından görünür ki, Şəxs adına daşınmaz əmlak, daşınar əşyaların rəsmi reyestrində qeydiyyata alınmalı olan daşınar əşyalar, bank əmanətləri yoxdur. İş materiallarına əlavə olunmuş Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, Şəxs ilə borcunu ilin sonunadək ödənilməsi ilə bağlı razılığa gəlmişlər. Ona görə də hazırda ona qarşı heç bir şikayəti və tələbi yoxdur. İşin icraatına xitam verilməsini xahiş edir. İnzibati xəta haqqında iş üzrə icraat başlamış Quba rayon İcra Şöbəsinin icra məmuru X1, Zərərçəkmiş şəxs və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatlarını dinləyib, iş materiallarını araşdırıb, işdəki sübutlara hüquqi qiymət verərək hesab edirəm ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığı üçün, hazırki inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən edən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinin tələbindən görünür ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməl (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Başqa sözlə, şəxsin əməlində inzibati xətanın tərkibini təşkil edən 4 element-obyekt, obyektiv tərəf, subyektiv tərəf və subyekt olduqda, o, inzibati məsuliyyətə cəlb edilə və inzibati tənbeh tədbirinə məruz qala bilər. İnzibati xəta tərkibinin bu elementlərindən biri olmadıqda, şəxsin əməlində inzibati xətanın tərkibinin möcudluğu istisna edilir. Azərbaycan Respublikası İXM-nin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Yuxarıda qeyd olunan qanun normalarından görünür ki, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsilə inzibati məsuliyyətin yaranması üçün inzibati xəta tərkibinin obyektiv tərəfinin vacib elementi kimi şəxsin hərəkətinin icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədini üzrsüz səbəbdən icra edilməməsinə yönəlməsi və subyektiv tərəfinin elementi kimi şəxsin əməlinin hüquqa zidd xarakterini dərk etməsi, onun nəticələrini qabaqcadan görməsi və həmin nəticələri arzu etməsi, yəni şəxsin etdiyi hərəkətləri qəsdən törətməsi zəruri şərtlər kimi müəyyən edilmişdir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi üzrə inzibati məsuliyyətin yaranması üçün həmçinin şəxs həmin maddənin dispozisiyasında göstərilən hərəkətləri üzrsüz səbəbdən etməlidir. İşdəki sübutlardan görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Quba rayon Məhkəməsinin 05.11.2021-ci il tarixli, 2(027)-804/2021 saylı icra sənədinin icrasıyla bağlı icra məmurunun qanuni tələlərini yerinə yetirməkdən və icra sənədini icra etməkdən imtina etməmiş, aliment borcunu tam olaraq ödəmişdir. İşdəki sübutlarla Şəxs üzrsüz səbəblərdən icra məmurunun qanuni tələblərini yerinə yetirməməsi və icra sənədini tam icra etməməsi öz təsdiqini tapmır. Azərbaycan Respublikası İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə, o, təqsiri olmayan hesab edilir. Azərbaycan Respublikası İXM-nin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İXM-nin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Qeyd olunanlara əsasən hesab edirəm ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin tərkibinin yaranması üçün nə inzibati xətanın obyektiv tərəfi, nə də subyektiv tərəfi yoxdur. Belə olan halda, ümumiyyətlə onun əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi mövcud deyildir. Əməldə inzibati xətanın tərkibinin olmaması isə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi üçün qanunda göstərilmiş əsaslardan biridir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 53.1.2- maddəsinə əsasən şəxsin əməlində inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında başlanmış icraata xitam verilir. Azəbaycan Respublikası İXM-nin 114.2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası İXM-nin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan biri mövcud olduqda, hakim inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarır. Qeyd olunanlara əsasən hesab edirəm ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata onun əməlində həmin inzibati xətanın tərkibi olmadığı üçün xitam verilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İXM-nin 112, 113,114-115, 117, 125-126, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata onun əməlində həmin inzibati xətanın tərkibi olmadığı üçün xitam verilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar