Məhkəmə qərarları › İş №3(027)-377/2023

Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-377/2023

29.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-377/2023 29.03.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Fətəliyev Veysəl Surxay oğlunun katibliyi ilə xx.xx.1975-ci ildə Quba rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, ünvan 1 ünvanda qeydiyyatda olan və yaşayan Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsilə icraatı başlanmış inzibati xəta haqqında işə baxaraq, m ü ə y y ə n e t d i: Şəxs Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli 2(010)- 1830/2008 saylı və Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(010)-2682/2022 saylı icra sənədlərinin icra etməmişdir. Ona görə də Quba rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 tərəfindən Şəxs barəsində Azərbaycan Respulikası İXM-nin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı İnzibati xəta haqqında 27 mart 2023-cü il tarixli, MN ******* №li protokol tərtib edilmişdir. İşə baxılmasının yeri və vaxtı barədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və Quba rayon İcra və Probasiya Şöbəsinə vaxtında məlumat verilsə də, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs və Quba rayon İcra və Probasiya Şöbəsi məhkəmə iclasına gəlməmişlər. İş materiallarında olan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli 2(010)-1830/2008 saylı icra vərəqəsindən görünür ki, Quba şəhəri, Azərbaycan prospekti, 66 saylı evdə yaşayan Şəxs hər ay aylıq qazancının dörddə bir hissəsii miqdarında uşağın xeyrinə 27 sentyabr 2008-ci il tarixdən başlayaraq yetkinlik yaşına çatana qədər aliment tutularaq, uşağı 09 avqust 2007-ci il tarixdə anadan olmuş qızı Sultanova Sara intiqam qızının saxlanması üçün uşaqların anası X3 verilməlidir. İş materiallarında olan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(010)-2682/2022 saylı icra vərəqəsindən görünür ki, xx.xx.2007-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli, 2(010)-748/2009 saylı qətnaməsi əsasında tutulan alimentin miqdarı artırılaraq hər ay 170 (yüz yetmiş) manat sabit pul məbləğində müəyyən edilsin və Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(010)-2682/2022 saylı qətnaməsi qanuni qüvvəsini aldığı gündən başlayaraq, cavabdeh Şəxs tutularaq iddiaçı Zərərçəkmiş şəxs ödənilməlidir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli, 2(010)-748/2009 saylı qətnaməsi üzrə verilmiş icra vərəqəsi tam icra edildikdən sonra ləğv edilməldir. Quba rayon İcra və Probasiya Şöbəsindən məhkəməyə göndərilmiş xx.xx.2023-cü il tarixli icra sənədi üzrə icraatın dayandırılması barədə qərardan görünür ki, tələbkar Zərərçəkmiş şəxs ərizə ilə Quba rayon İcra və Probasiya Şöbəsinə müraciət edərək Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli, 1(010)-1830/2008 saylı və xx.xx.2022-ci il tarixli, 2(010)-2682/2022 saylı icra sənədləri üzrə icraatın dayandırılmasını xahiş etmiş və Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli, 1(010)- 1830/2008 saylı və Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(010)-2682/2022 icra sənədləri üzrə icraat dayandırılması qərara alınmışdır. İş materiallarını araşdırıb, işdəki sübutlara hüquqi qiymət verərək hesab edirəm ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığı üçün, hazırki inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsi Bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə -inzibati məsuliyyət nəzərdə tutur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinin tələbindən görünür ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməl (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Başqa sözlə, şəxsin əməlində inzibati xətanın tərkibini təşkil edən 4 element-obyekt, obyektiv tərəf, subyektiv tərəf və subyekt olduqda, o, inzibati məsuliyyətə cəlb edilə və inzibati tənbeh tədbirinə məruz qala bilər. İnzibati xəta tərkibinin bu elementlərindən biri olmadıqda, şəxsin əməlində inzibati xətanın tərkibinin möcudluğu istisna edilir. Azərbaycan Respublikası İXM-nin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Yuxarıda qeyd olunan qanun normalarından görünür ki, Azərbaycan Respublikası İXMnin 528.1-1-ci maddəsilə inzibati məsuliyyətin yaranması üçün inzibati xəta tərkibinin obyektiv tərəfinin vacib elementi kimi şəxsin hərəkətinin icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədini üzrsüz səbəbdən icra edilməməsinə yönəlməsi və subyektiv tərəfinin elementi kimi şəxsin əməlinin hüquqa zidd xarakterini dərk etməsi, onun nəticələrini qabaqcadan görməsi və həmin nəticələri arzu etməsi, yəni şəxsin etdiyi hərəkətləri qəsdən törətməsi zəruri şərtlər kimi müəyyən edilmişdir. Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsi üzrə inzibati məsuliyyətin yaranması üçün həmçinin şəxs həmin maddənin dispozisiyasında göstərilən hərəkətləri üzrsüz səbəbdən etməlidir. İşdəki sübutlardan görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli, 2(010)-1830/2008 saylı və Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(010)- 2682/2022 saylı icra sənədlərinin icrasıyla bağlı icra məmurunun qanuni tələlərini yerinə yetirməkdən və icra sənədini icra etməkdən imtina etməmiş, aliment borcunundan mütamadi olaraq ödənişlər etmiş və son bir ay ərzində aliment borcundan 5000 manat məbləğində pul vəsaitini tələbkarın xeyrinə ödəmişdir. (icra işində sadalanlar öz əksini tapır) İşdəki sübutlarla Şəxs üzrsüz səbəblərdən icra məmurunun qanuni tələblərini yerinə yetirməməsi və icra sənədini tam icra etməməsi öz təsdiqini tapmır. Azərbaycan Respublikası İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə, o, təqsiri olmayan hesab edilir. Azərbaycan Respublikası İXM-nin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İXM-nin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Qeyd olunanlara əsasən hesab edirəm ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsinin tərkibinin yaranması üçün nə inzibati xətanın obyektiv tərəfi, nə də subyektiv tərəfi yoxdur. Belə olan halda, ümumiyyətlə onun əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi mövcud deyildir. Əməldə inzibati xətanın tərkibinin olmaması isə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi üçün qanunda göstərilmiş əsaslardan biridir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 53.1.2-ci maddəsinə əsasən şəxsin əməlində inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında başlanmış icraata xitam verilir. Azəbaycan Respublikası İXM-nin 114.2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası İXM-nin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan biri mövcud olduqda, hakim inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarır. Qeyd olunanlara əsasən hesab edirəm ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata onun əməlində həmin inzibati xətanın tərkibi olmadığı üçün xitam verilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İXM-nin 112, 113,114-115, 117, 125-126, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qəraraaldı: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata onun əməlində həmin inzibati xətanın tərkibi olmadığı üçün xitam verilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar