Məhkəmə qərarları › İş №3(027)-386/2021

Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-386/2021

08.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-386/2021 08.05.2021 QUBA RAYON MƏHKƏMƏSİ Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X6 oğlunun katibliyi ilə, DİN-nin BDYPİ-nin inzibati tənbeh vermə haqqında 22 aprel 2021-ci il tarixli, İXP ******* nömrəli elektron qərarından X3 tərəfindən verilmiş şikayətə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X1 rayon Məhkəməsinə şikayət ərizəsi ilə müraciət edərək, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1-ci maddəsilə tərtib edilmiş İXP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, 22 aprel 2021-ci il tarixdə yaşadığı Quba şəhərindən Xaçmaz şəhərinə gedən zaman Xaçmaz şəhərinin yaxınlığında Bakı-Rusiya Federasiyası yolunun kəsişdiyi yerdə yolda təmir işləri gedən ərazidə hərəkət etmişdir. Həmin yol daşlı olmaqla, müvəqqəti olaraq yol təmirinə kimi çəkilmişdir. Həmin yolda Azərbaycan Respublikası Yol Hərəkəti haqqında Qanuna uyğun olaraq heç bir yol nişanı olmamışdır. Həmin yolda avtomobillər qarışıq olaraq hərəkət etmişlər. Həmçinin həmin yolda yolun tikintisi ilə məşğul olan yük avtomobilləri də hərəkət etdiyi üçün bəzən Xaçmaz istqamətindən gələn avtomobillərin sağ istiqamətindən də hərəkət olurdu. O, avtomobillə hərəkət edən zaman solunda traktor hərəkət etmiş, bu zaman Yol Patrul Xidməti avtomobili onun avtomobilini saxlayaraq ötmə əməliyyatı icazə verilməyən yerdə ötmə əməliyyatını həyata keçirdiyini bildirmişdir. O, həmin ərazidə yol olmadığını, həmin yerin daşlı bir ərazi olaraq müvvəqəti salındığını bildirmiş, bu zaman Yol Patrul Xidməti əməkdaşı onun avtomobili idarə etmək üçün icazəsi olub-olmadığını yoxlamaq üçün sənədlərini istəmiş, sənədlərinə öz xidməti avtomobilində baxdıqdan sonra ona sənədləri geri qaytarmamışdır. O, öz avtomobili ilə hərəkətə başlayandan bir neçə dəqiqə sonra ona sms gəlmiş, bu zaman elektron kabinetə daxil olanda öz adına Azərbaycan Respublikası İXM-nin 329.1-ci maddəsinə əsasən təhlükəsizlik kəmərindən istifadə etməməyi ilə bağlı protokol və qərar qəbul olunduğunu görmüşdür. Halbuki həmin vaxt o, təhlükəsizlik kəmərindən istifadə etmişdir. Təhlükəsizlik kəmərindən istifadə etməməyi ilə bağlı heç bir sübut olmadan, fotoşəkil olmadan qanunusuz olaraq qərar qəbul edilmişdir. O, həmin qərarla razılaşmır və hesab edir ki, qərar ləğv edilməlidir. Ona görə ki, Quba-Xaçmaz avtomobil yolunun Quba rayonu, Zərdabi kəndindən Xaçmaz şəhərinə çatan hissəsinə qədər yol dağılmış, daşlı vəziyyətdədir. Həmin yolda təmir aparılmış, lakin təmir yarımçıq saxlanılmış, avtomobillər həmin yolda 2-3 sıra ilə hərəkət edirlər. Yolda avtomobillə 40 km/saat sürətdən artıq hərəkət etmək mümkün deyildir. Həmin avtomobil yolunda əgər onu avtomobil yolu adlandırmaq olarsa, heç bir hərəkət zolağı yoxdur, avtomobillər də hərəkət zolağı olmadığı üçün, dağılmış vəziyyətdə olduğu üçün yolda sağa-sola maneələri keçərək hərəkət edirlər. Belə bir vəziyyətdə YPX əməkdaşları onun ötmə əməliyyatı etdiyini əsas gətirərək onu cərimə etməsi qanunsuzdur. Əgər həmin yol vəziyyətində olsa, yəni asvalt örtüyündə olsa, zolaqlar olsa, o, həmin asvalt və ya beton örtüklü, yol zolaqlarının olduğu yolda ötmə əməliyyatını etsəydi, onda qeyd edilən halla razılaşa bilərdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadığından məhkəmə işə onların iştirakı olmadan baxmışdır. Məhkəmə, şikayəti iş materialları ilə birlikdə araşdıraraq, hesab edir ki, DİN-nin BDYPİ-nin inzibati tənbeh vermə haqqında 22 aprel 2021-ci il tarixli, İXP ******* nömrəli elektron qərarından X3 tərəfindən verilmiş şikayət təmin edilməli, DİN-nin BDYPİ-nin inzibati tənbeh vermə haqqında 22 aprel 2021-ci il tarixli, İXP ******* nömrəli elektron qərarı ləğv edilməli və X3 barəsində İnzibati Xətalar Məcəlləsinin 329.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan 22 aprel 2021-ci il tarixli, İXP ******* nömrəli inzibati tənbeh vermə haqqında elektron qərardan görünür ki, X3 22 aprel 2021-ci il tarixdə idarə etdiyi “Vaz 21214” minik markalı, ** RO *** dövlət qeydiyyat nişanlı avtomobili təhlükəsizlik kəmərini bağlamadan idarə etdiyinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və 40 manat məbləğində cərimə edilmişdir. Göründüyü kimi, X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsində təqsiri sübuta yetirilməmişdir. Azərbaycan Respublikası İXM-nin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Qeyd olunan hallar barəsində inzibati tənbeh haqqında qərar qəbul edilmiş şəxsin təqsirli olmasını şübhə altına aldığından həmin şübhələr onun xeyrinə həll edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İXM-nin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikasının İXM-nin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikasının İXM-nin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda, inzibati xəta haqqında başlanmış icraata xitam verilir. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə, məhkəmə hesab edir ki, DİN-nin BDYPİ-nin inzibati tənbeh vermə haqqında 22 aprel 2021-ci il tarixli, İXP ******* nömrəli elektron qərarından X3 tərəfindən verilmiş şikayət təmin edilməli, DİN-nin BDYPİ-nin inzibati tənbeh vermə haqqında 22 aprel 2021-ci il tarixli, İXP ******* nömrəli elektron qərarı ləğv edilməli və X3 barəsində İnzibati Xətalar Məcəlləsinin 329.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İXM-nin 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: DİN-nin BDYPİ-nin inzibati tənbeh vermə haqqında 22 aprel 2021-ci il tarixli, İXP ******* nömrəli elektron qərarından X3 tərəfindən verilmiş şikayət təmin edilsin. DİN-nin BDYPİ-nin inzibati tənbeh vermə haqqında 22 aprel 2021-ci il tarixli, İXP ******* nömrəli elektron qərarı ləğv edilsin. X3 barəsində İnzibati Xətalar Məcəlləsinin 329.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar