Məhkəmə qərarları › İş №3(027)-392/2024

Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-392/2024

03.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-392/2024 03.06.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi ilə, Şikayət verən X1 iştirakı ilə, X2 barəsində Azərbaycan Respublikası DİN Quba RPŞ DYPB-nin İnzibati Xətalar Məcəlləsinin 327.2-ci və 327.7-ci maddələrilə xx.xx.2023-cü il tarixli protokolu əsasında tərtib edilmiş xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında qərarının ləğv edilməsi barədə şikayətinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: X2 məhkəməyə müraciət edərək, barəsində Quba rayonu Yol Patrul Xidməti əməkdaşı tərəfindən İnzibati Xətalar Məcəlləsinin 327.2-ci və 327.7-ci maddələrilə xx.xx.2023-cü il tarixli protokol əsasında tərtib edilmiş xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü tarixdə o, özünə məxsus “Mercedes Benz E350” markalı **-SG-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Quba-Xaçmaz yolunun 1-ci km- də hərəkətdə olan zaman heç bir yol hərəkəti qaydasını pozmadığı halda barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2 və 327.7-ci maddələri ilə təqsirli bilinərək, İXP ******* nömrəli, xx.xx.2023-cü il tarixli protokol əsasında qəbul edilmiş xx.xx.2023-cü il tarixli qərarı tərtib edilmişdir. Lakin, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2 və 327.7- ci maddələri ilə təqsirli bilinərək İXP ******* nömrəli, xx.xx.2023-cü il tarixli protokol əsasında qəbul edilmiş xx.xx.2023-cü il tarixli qərarının tərtib edilməsi əsassızdır. Çünki, polis əməkdaşları tərəfindən protokol və protokol əsasında qərar tərtib edilərkən heç bir araşdırılma aparılmadan əsassız olaraq protokol tərtib edilmişdir. Qayda pozuntusunu törətməyinə dair heç bir foto və video görüntü protokola və qərara əlavə edilməmişdir. Ona görə də, hesab edir ki, məhkəmə tərəfindən lazımi qaydada araşdırılma aparılmalı, təqsirsizliyi sübuta yetirilməli və inzibati tənbeh vermə haqqında İXP ******* nömrəli, xx.xx.2023-cü il tarixli protokol əsasında qəbul edilmiş xx.xx.2023-cü il tarixli qərar ləğv edilməlidir. Çünki, barəsində inzibati tənbeh haqqında qərar qəbul edilmiş şəxsin təqsirli olmasını şübhə altına aldığından həmin şübhələr onun xeyrinə həll edilməlidir. Məhkəmə iclasında X2 ərizəsinin məzmununa uyğun izahat verərək, bildirmişdir ki, Quba-Xaçmaz yolunun 1-ci km- də avtomobili ilə hərəkətdə olan zaman üç nəfər polis əməkdaşı onu saxlayaraq, ona düz xətdə ötmə əməliyyatı elədiyinə görə cərimələnəcəyi və avtomobili də cərimə meydançasına aparılacağını dedikdə, o polisin hərəkətinə narazılığını bildirərək, bu barədə görüntünün ona göstərilməsini tələb etmişdir. Çünki, polis onu saxladığı yolda ötməyə icazə verən qırıq xətlərin olduğunu, polisin əvvəlcə 250 manat, sonra isə 80 manat və 3 balda sürücülük vəsiqəsinə gələcəyini dediyini bildirmişdir. O barəsində protokol tərtib olunduğu halda bir surətinin ona verilməsini xahiş etmişdir. Yol polisi yol hərəkəti qaydasının pozması ilə bağlı protokol tərtib etməmiş, ona nə protokolun surətini, nə də videogörüntü təqim etməmişlər. Ərizə təqdim edərək icraata xitam veriləsini xahiş etmişdir. Məhkəmə iclasında protokol tərtib etmiş Quba RPŞ YPX inspektoru X3 ifadəsində bildirmişdir ki, Ramin Pənahov ötmə icazə verilməyən yerdən düz xətti kəsib getdiyinə görə saxlanlmışdır. Həmin vaxt xəta hadisəsini əks etdirən hər hansı vasitə olmadığından, görüntünü məhkəməyə təqdim edə bilmir. Buna baxmayaraq, həmin gün barəsində protokol tərtib olunub ünvanına göndərilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən polis əməkdaşı X4 ifadəsində bildirmişdir ki, sürücü Ramin Pənahov qayda pozuntusuna görə saxlanılan zaman kobud cavablar vermiş və protokol tərtib edən vaxtı məlum olmuşdur ki, sürücünün sürücülük vəsiqəsinə məhdudiyyət vardır. Vəsiqəsində 18-19 bal olmuşdur. Sonradan sürücüyə sürücülük hüququ məhdudlaşdırılan şəxs tərəfindən nəqliyyat vasitəsini idarə etdiyinə görə protokol tərtib olunmuşdur.. Qeyd edir ki, sürücünü saxlayan vaxt onlarda video və audeo yazı mövcud olsa da, həmin görüntülər vətəndaşın şikatyəti əsasında BDYPİə göndərilmişdir. Vətəndaşa həmin vaxtda şikayət görüntüləri təqdim edə bilərdi, vətəndaş 3-4 ay keçəndən sonra şikayət vermiş və hal-hazırda həmin video və aideo yazı sistemdən silinmişdi. İstər videogörüntü, istər audeo yazı sistemdən 40 gündən sonra silinir. İş materiallarında Azərbaycan Respublikası DİN Quba RPŞ DYPB tərəfindən xx.xx.2023-cü il tarixli protokol əsasında tərtib edilmiş xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında qərardan görünür ki, X2 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci və 327.7-ci maddələrilə nəzərədə tutulmuş xətanı törətmişdir. Məhkəmə, tərəflərin izahatlarını dinləyib, şikayəti iş materialları ilə birlikdə araşdıraraq, hesab edir ki, Azərbaycan Respublikası DİN Quba RPŞ DYPB tərəfindən İnzibati Xətalar Məcəlləsinin 327.2-ci və 327.7-ci maddələrilə xx.xx.2023-cü il tarixli protokol əsasında tərtib edilmiş xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında qərardan X2 tərəfindən verilmiş şikayət təmin olunmalı və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İXM 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə- səksən manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 327.7 -maddəsinə əsasən bu Məcəllənin 327.2 - 327.6, 327.8, 328.2, 328.3, 328.4, 331, 333.1, 333-1.1, 342.7, 343.1, 343-1.1 və 346.3-cü maddələrində müəyyən edilmiş balla qiymətləndirilən xətaları törətməklə sürücülər tərəfindən bir il ərzində 20 və daha çox bal toplanmasına görə -nəqliyyat vasitəsini idarə etmək hüququ altı ay müddətinə məhdudlaşdırılır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Azərbaycan Respublikası İXM-nin 327.2 ci maddəsilə törədilmiş inzibati xəta üzrə foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməklə (İXM maddə 122) və səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edilməklə (İXM maddə 124) icraatın aparılması nəzərdə tutulmuşdur. Belə ki, Azərbaycan Respublikası İXM-nin 122.1-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346, 346-1.1, 346-1.5, 353.2 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. Göründüyü kimi İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xəta ilə bağlı icraat üzrə Quba RPŞ–si tərəfindən foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin məlumatları iş materialına əlavə edilməmiş və məhkəməyə təqdim edilməmişdir. Habelə, Azərbaycan Respublikası İXM-nin 124.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır. Qeyd edilən Məcəllənin 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. Göründüyü kimi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadığından, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib etməklə kifayətlənməli olduğu halda, həmin tarixdən sonrakı gün xx.xx.2023-cü ildə qərar qəbul etməklə inzibati tənbeh tətbiq etməkdə haqlı olmamışdır. Həmçinin təqdim olunmuş inzibati xəta haqqında qərara avtomobiln əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə əməliyyatı icra etdiyinə dair sübut əlavə olunmamışdır. İnzibati xəta haqqında protokol tərtib olunarkən X1 iştirakı təmin edilməmiş, inzibati xəta hadisəsinin mövcudluğuna etirazı və xəta ilə razılaşmaması öz əksini tapmamışdır. Məhkəmə hesab edir ki, İXM-nin 327.2-ci və 327.7-ci maddələrilə nəzərdə tutulan inzibati xəta ilə bağlı icraat üzrə barəsində şikayət verilmiş qərar ləğv edilməli və X1 əməlində inzibati xəta tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının İXM-nin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikası İXM-nin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.5-1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 53, 105.1, 131, 134.1.4 və 135.1.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şikayət təmin edilsin. X2 barəsində Azərbaycan Respublikası DİN Quba RPŞ DYPB-nin İnzibati Xətalar Məcəlləsinin 327.2-ci və 327.7-ci maddələrilə xx.xx.2023-cü il tarixli protokolu əsasında tərtib edilmiş xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında qərarı ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə Quba Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aydın Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar